"Zeynəb Xanlarova Milli Məclisdə qoca arvad kimi qəbul edilib. Dediyi sözü də ciddiyə alan yoxdur, hər kəs də o vaxt mətbuatda yazdı ki, qoca arvaddır da, nə deyir, deyir. Ciddiyə almadılar”.
floraBir neçə gün öncə xalq artisti Flora Kərimovanın Zeynəb Xanlarova haqqında dedikləri bütün ölkə mətbuatını silkələdi. Bəziləri Flora Kərimova, bir qrup isə Zeynəb Xanlarovanın cəbhəsinə ayrılaraq bir-birlərinə qarşı açıq savaş elan etdilər.
Bütün bu məsələlərə aydınlıq gətirmək üçün xalq artisti Flora Kərimova Cebhe.info-ya açıqlama verib. Amma görünür, bu açıqlama məsələyə aydınlıq gətirmək əvəzinə, hələ də tüstüləməkdə olan ocağı daha da alovlandıracaq:"Mən müsahibəmdə İlhamənin, Zeynəbin naşükürlüyündən danışmışam. Bəziləri isə bundan reytinq üçün, sensassiya üçün istifadə ediblər. 90-cı ildə Rusiya ordusu azərbaycanlıları qanına qəltan etdi, sən niyə qalxıb xalqı müdafiə etmədin ki, mən SSRİ xalq artisti adından imtina edirəm? İndiyə qədər erməni sənin vətəndaşını öldürdü, torpaqlarının 20 faizini işğal etdi, utanmadın şəhidlərdən ki, sənin torpaqlarını işğal edənin havadarının xalq artisti adını daşıyırsan? Niyə vaxtilə parlamentdə Heydər Əliyevi tənqid edəndə, top atəşinə tutanda ayağa qalxıb onu müdafiə etmədin? Bəsdir! O dəqiqə başlayırlar ki, filan ölkəyə gedib, filan ölkədə konsert verib, o, Azərbaycanın simasıdır və s. Vay Azərbaycanın mədəniyyətinə ki, onun Zeynəb Xanlarova və İlhamə Quliyeva kimi siması var.
Siz başa düşmürsünüzmü ki, yazanda, deyəndə ki, Zeynəb Xanlarova, İlhamə Quliyeva Azərbaycan musiqisinin, sənətinin simasıdır, əsl şəxsiyyətlərin – Bülbülün, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın, Xan Şuşinskinin üzünə tüpürürsünüz? Ayıb deyil? Haradadır sizin vətəndaşlığınız, mənliyiniz, kişiliyiniz? Reytinq xatirinə, pul xatirinə, gəlir xatirinə nə gəldisə, yazırsınız?
Mən müsahibəmdə etibarsızlıqdan danışmışam. İlhamə Quliyeva o insan idi ki, "Mən Heydər Əliyevi ona görə tərifləyirəm ki, mənə bu, hansısa pilləyə çatmağım üçün lazımdır” deyirdi. Niyə bunlar sizin yadınızdan çıxıb?
Mən müxalifətçi olmuşam. Ən çox mən onun siyasətinin əleyhinə olmuşam. Bu gün mən vaxtilə Heydər Əliyevin yanında olan xanımlarla savaşıram. Savaşıram ki, vaxtilə onları çamurun içində çıxaran adama qarşı hörmətsizlik etməsinlər. Biri hələ Zeynəbi müdafiəyə qalxıb. Deyir ki, vaxtilə Heydər Əliyevə söz verilməyəndə Zeynəb deyib ki, bu kişiyə söz verin! Bununla fəxr edirlər. Budur onun qəhrəmanlığı? Mənə cavab olsun deyə özünü cılızlaşdırır.
Biz dünyada ölkəmizin həqiqətlərini çatdıranda sən Zeynəb Xanlarova Milli Məclisdə oturub övladlarına şirkət açırdın. Niyə bunları görmür bu mətbuat? Tərəf saxlayanda da görün kimin tərəfini saxlıyırsınız.
"Sən Müşfiqin yanında, qalginən sənə qurban” oxumaq nə vaxtdan sənət olub? Bu nə vaxtdan sənətkarlıq olub? Konsertlərdə "xoruz xoruzun dalınca” idi, "quş” buraxırdın. Şişirdib qoymusunuz dağ başına. Zeynəb Xanlarova Şövkət Ələkbərova, Bülbül, Rəşid Behbudov olan yerdə kimdir ki? Hansı haqla bu respublikanın sənətkar siması adına iddia edir? Deməli belə çıxır ki, bütün bu qədər sənətçilərin əməklərinin üzərindən xətt çəkirik və Zeynəb onlardan daha üstün pillədə dayanır, sənətkar siması olur? Onu vaxtilə Heydər Əliyev bu səviyyəyə çatdırdı. Çünki onun mahnıya vurğunluğu, musiqiyə vurğunluğu vardı.
Bu yaxında deyir ki, mən danışmıram, danışmıram, danışanda yaxşı söz danışıram. Danışdığı söz də odur ki, məmurlar dənizi hasarlayırlar. Özünün elə qohum-əqrəbası neçə metrliyində hasar çəkib dəniz kənarına. Bunu niyə demirsiniz? Ancaq Floranın üzərinə düşmək olar? Zeynəb özü-özünə bu pilləyə qalxmayıb, onu Heydər Əliyev və Ələkbər Tağıyev o pilləyə qaldırıb”.
Flora Kərimova qarşı tərəfin xalqı aşağıladığı fikrindədir: "Deyir ki, mən başa düşə bilmirəm bu "qara camaat” necə dolanır? Sənin nə ixtiyarın var ki, səni alqışlayan xalqa, insanlara "qara camaat” deyəsən? Onun tərəfin saxlayanlara üz tuturam, bundan betər təhqir, tüpürcək olarmı? Həm də deyir mən danışmıram, danışmıram, danışanda da yaxşı danışıram. Danışıq qabiliyyəti budur da. Sən nə vaxt "ağ camaat” oldun, hansı ailənin bioqrafiyası ilə sənətçi oldun, yaxud da İlhamə Quliyeva? Gəlin maraqlanaq o kim olub, indiyə qədər hansı bir yaralı barmağa dərman olub, nə vaxt "qara camaat” dediyi xalqın nümayəndələri ilə görüşüb, millət vəkili seçildiyi regionun əhalisinin dərdinə yanıb?
Əgər "Niyə bu kişiyə söz vermirsiniz, buna da söz verin” demək qəhrəmanlıqdırsa, o zaman mən meydanlarda rus tankının lüləyi ilə burun-buruna dayanırdım, qızımı da gözümün qabağına almadan, onu yetim qoymaqdan çəkinmədən tankın qarşısına çıxırdım. Niyə bunu sizin gözünüz görmür ki? Kim mənimlə bərabər bu sənətdən gedib o tankın qabağına xalqla bərabər çıxıb, kim? Sən Zeynəb Xanlarova həmin vaxt harada idin? Oturmuşdun Milli Məclisdə dinməz-söyləməz. Heç olmasa yalandan da olsa deyərdin ki, mən SSRİ xalq artisdi adından imtina edirəm.
Vallah, mən Heydər Əliyevin çörəyin yesəydim, özümü öldürərdim Milli Məclisdə. Onun çörəyi sənin boğazından necə keçdi? Mənim həmişə düz danışdığıma görə başım qalmaqalda olub. Düz danışdığıma görə məni millət vəkili seçmədilər, düz danışdığıma görə mənim uşaqlarım ölkəmdən didərgin düşüb, qızımı evimə, ölkəmə gətirə bilmirəm. Bir az yaltaqlıq etsəydim, hər şey yaxşı olardı. Amma mən bunu etmədim. Sən isə bütün yollarla bunu etdin və özünə o iyrəncliyinlə karyera qurdun və sən bu gün mənim millətimə pis nümunəsən”.
Flora Kərimova İlhamə Quliyeva və Zeynəb Xanlarovanın müdafiəsinə qalxanlara səslənib: "Əleyhimə yazan mətbu orqanlara səslənirəm, siz heç vaxt məni tapdalaya bilməzsiniz. Son nəfəsimə qədər haqsızlıqla mübarizə aparmışam, aparacağam da. Mənə qızım da zəng edir ki, ana, xahiş edirəm heç nə demə, sus. Amma mən bu qədər haqsızlığa susmayacağam, məni susdura bilməyəcəklər.
Mənim həmin müsahibəmi də verdikləri üçün mən onları məhkəməyə verə bilərəm. Çünki mən demişdim ki, mən oxumamış yayımlamayın. Onlar mənə bunu oxumamış yayımladılar. Mənim icazəm olmadan, reytinq xatirinə yayımladılar. Bir ay- ay yarım mənə dedilər ki, müsahibə edək. Sonra mənimlə münasibəti olan bir jurnalisi saldılar araya, müsahibə üçün bizə gəldilər. Başladılar təxribat xarakterli söhbətlər etməyə, etibarlılıqdan danışmağa və məni özümdən çıxartdılar. Bunları da çıxartsınlar ortalığa. Mən də ölkə başçısının, rəhmətlik Heydər Əliyevin etibarından sui-istifadə edənlərdən danışdım.
Bu gün Zeynəb Xanlarova Milli Məclisdə qoca arvad kimi qəbul edilib. Dediyi sözü də ciddiyə alan yoxdur, hər kəs də o vaxt mətbuatda yazdı ki, qoca arvaddır da, nə deyir, deyir. Ciddiyə almadılar. Sən də qoca arvadlara layiq tərzinlə zalı tərk elədin. Yəni, sən özünü o qədər düzgün aparmadın ki, bunu sənin üzünə dedilər. Durdun, durdun hasardan danışdın və sənin qohum-əqrəbalarının çoxusu elə dəniz kənarını hasarlayıb. Ağıllı sözün bu idi? Bu millətin yüz minlərlə problemi, dərdi var. Onları qoyub dediyin ağıllı söz bu idi? İndi onun tərəfini saxlayanlar papaqların qabaqlarına qoyub ciddi-ciddi düşünsünlər. Xahiş edirəm bu dediklərimi də olduğu kimi yazıb dərc edəsiniz”.