Şəfəqə Doğru » Manşet » Fermerlərin qarşısındakı əngəl - MONOPOLİYA

Fermerlərin qarşısındakı əngəl - MONOPOLİYA

Fermerlərin qarşısındakı əngəl -  MONOPOLİYA

Fermerlər becərdikləri kartofları bazara çıxara bilmirlər, məhsul sahələrdə çürüyür

"Halbuki, sahədə qalan kartof toplanıb bazara gətirilsə, qiymət avtomatik aşağı düşəcək"

  "Kartofun qiyməti kəllə-çarxa qalxıb. 1 kiloqramı 1 manat 35 qəpiyədir.  Cəlilabad kartofu isə bazara çıxmır”. 
  Bunları  iqtisadçı Fuad İbrahimov Cəlilabad fermerlərinin üzləşdiyi problemlə bağlı öz  açıqlamasında səsləndirib. Xatırladaq ki, Cəlilabad fermerləri becərdikləri kartofa alıcı tapılmamasından şikayət ediblər. "Report"un yerli bürosuna danışan fermerlər deyib ki, rayonda kartof əkin sahələrində çürüyür. Bir müddət əvvələdək qiymətlər münasib olsa da, son günlər məhsulun qiymətinin aşağı düşməsi fermerləri çətin vəziyyətə salıb: "Məhsulumuz boldur, amma alıcı yoxdur. Kartof yığımı davam edir. 

Məhsulun qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və məhsulun satışındakı durğunluq bizi narahat edir. Bir neçə həftə əvvəl 1 manata satdığımız faraş kartofun indiki qiyməti 25-30 qəpik civarındadır. Bu qiymətə məhsulun satılması isə ona çəkilən xərcləri belə ödəmir". Onlar qeyd edirlər ki, kartofu məcbur dəyər-dəyməzinə satırlar: "Sahədə qalsa, qurd yeyəcək. Həşəratlar daraşacaq, heç kim almayacaq. Riskli olsa belə, elə fermer var ki, məhsullarını hələ yığmayıb. Ola bilsin ki, qiymətlər qalxsın. Lakin havalar da isti keçir, kartofun torpağın altında çürümə riski var". 

Qeyd edilir ki, Cəlilabad kartofu daha çox Rusiya Federasiyasına ixrac olunur. Hazırda isə Rusiyanın müxtəlif vilayətlərində də kartof yığımının başlaması Cəlilabadda istehsal olunan kartofa tələbatı azaldıb. Mütəxəssislərin fikrincə, bölgədə emal müəssisələrinin yaradılması bu sahədəki mövcud çətinliklərin aradan qaldırılmasına kömək edə bilər.

  İqtisadçı Fuad İbrahimov isə bildirdi ki, problemin əsas səbəbləri fermerlərin bazara girişinin önünün kəsilməsi və kommunikasiya-inteqrasiyanın mövcud olmamasıdır: 

- Kənd Təsərrüfatı Nazirliyi çəkilişlər aparır, göydən, yerdən ki, baxın, bu qədər məhsul əkilib, məhsul boldur, fermerlərə bu qədər kredit verilib və sair. KTN-in fəaliyyəti  "əkildi, biçildi”dən ibarətdir.

 Bundan sonrakı vacib proseslər bəs necə olsun? Məhsulun daşınması, satışa çıxarılması mərhələsində İqtisadi İnkişaf  Nazirliyi işə başlamalıdır.  Amma başlamır.  Ən azından bu görünmür.  Becərilmiş, yetişdirilmiş məhsul iqtisadi dövriyyəyə cəlb olunmalıdır. 

Amma cəlb olunmur. Nəticədə məhsul fermerin əlində qalır. Fermerin çəkdiyi əziyyət, çəkdiyi xərc batır. Hazırda marketlərdə kartofun qiyməti kəllə-çarxa qalxıb. Kartofun kiloqramı 1 manat 35 qəpiyə satılır. Halbuki, sahədə qalan kartof toplanıb bazara gətirilsə, qiymət avtomatik aşağı düşəcək. Monopoliya da buna imkan vermir. Məlum şəbəkə yerli məhsulun bazar, marketlərə axın etməsinə yol vermir.  Nəticə də göz qabağındadır. 

  F.İbrahimov qeyd etdi ki, bir sıra məhsullar var ki, onlar ikitəyinatlı becərilir. Məsələn, kartof  yerli bazarla yanaşı, idxal - xarici bazarlar üçün nəzərdə tutularaq becərilir. 

Buna ikitəyinatlı becərmə deyirlər. İdxal üçün nəzərdə tutulan məhsul daha keyfiyyətli olur, xüsusi üsullarla becərilir ki, idxal zamanı tez xarab olmasın, görünüşü də satış üçün cəlbedici olsun. Buna "tovarnı vid” deyirlər. Bu cür məhsullara daxili bazarda tələbat çox azdır. Daxili bazarda nisbətən ucuz, qiyməti alıcıya sərf edən məhsula tələbat daha çoxdur. Sıravi vətəndaş kiloqramı 1 manata olan kartofu qoyub, deyək ki, ondan bahalısını, 1.50- 2 manata olan kartof almaz.  Amma Rusiya bazarlarında kartofun da, digər tərəvəzlərin, meyvələrin də qiyməti fərqlidir – bahadır. Və bu meyvə-tərəvəzin keyfiyyəti, xarici görünüşü də qiymətinə uyğundur. Fermerlərin becərdiyi məhsulu sata bilməməsinin bir səbəbi də həmin məhsulun idxal üçün nəzərdə tutulmasıdır. Lakin idxal mümkün olmadığından fermerlər çətin vəziyyətə düşüb.  

  F.İbrahimov bildirdi ki, bu cür vəziyyətlərə "fors-major hal” deyilir: 

- Fermer məhsul becərəndə hansı dövlətin müharibə edəcəyini, regionda siyasi vəziyyətin necə olacağını, əlbəttə bilmir. Fermerin işi məhsul becərməkdir. Amma dövlət qurumları fors-major halların baş verə biləcəyini proqnozlaşdırmalı və hər situasiya üçün alternativ proqram işləyib hazırlamalıdırlar. Kim bilirdi ki, Rusiya Ukraynaya hərbi müdaxilə edəcək və taxıl problemi yaranacaq, yaxud meyvə-tərəvəzin xarici bazarı bağlanacaq. Bunu siyasətçilər, analitiklər porqnozlaşdıra bilər, əlaqədar qurumlar da baş verə biləcək gözlənilməz hallar üçün çıxış yolu düşünməlidirlər. Təəssüf ki, bizdə belə bir praktika yoxdur. 

"Yağmadı yağış, bitmədi qamış”, məsəlini kimsə yadına salmır. Fermer ondan asılı olmayan səbəblərdən zərərə düşürsə, dövlət dəymiş ziyanı qarşılaya bilər. Məhsul nisbətən ucuz qiymətə daxili bazara çıxarılır, fermerə kompensasiya ödənilir, ya da başqa, alternativ xarici bazar tapılır. Rusiya olmasın, Avropa ölkələri olsun. Keyfiyyətli məhsulu almaq istəyən hər zaman tapılır. Amma təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf  Nazirliyi, eləcə də bütövlükdə Nazirlər Kabineti bu işlərlə məşğul deyil. 

Nazirlər Kabineti yaranmış vəziyyətdən çıxış yolu kimi müəyyən qərar verə bilər. Lakin bunu görmürük.  Ona görə də bazarda qiymətlər baha, məhsul isə keyfiyyətsizdir // sherg.az