Şəfəqə Doğru » Manşet » Dənizi zəbt edən məmurlara qarşı necə mübarizə aparmalı...

Dənizi zəbt edən məmurlara qarşı necə mübarizə aparmalı...

Dənizi zəbt edən məmurlara qarşı necə mübarizə aparmalı...

Ötən gün Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edib. Ölkə başçısı qəbulda Buzovna sakinlərinin qəsəbənin dəniz kənarında yerləşən məşhur qayalıqlarının dağıdılması ilə bağlı müraciətini xatırladıb.

 

Prezident: "Bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət edib ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilib. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var” – deyə bildirib.

 

Ölkə başçısı qeyd edib ki, bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir.

 

"Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər”, - deyə Prezident İlham Əliyev əlavə edib.

 

Onu da bildirək ki, dəniz kənarında müxtəlif ərazilərdə mövcud olan qanunsuz hasarlamalar, icazəsiz tikililər haqqında mətbuatda və ictimaiyyət arasında zaman-zaman tənqidlər səsləndirilir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafa qeyd edib ki, vətəndaşların yaşadıqları yerlərdə dəniz yolunun açıq-aşkar bağlanması ilə əlaqədar atılan addımlar insanların narazılığına səbəb olur:

 

"Ölkə başçısı buna reaksiya verdi, addımlar atıldı. Amma digər problem odur ki, ölkədə xeyli qanunsuz tikili var. Vaxtilə həmin tikililərə icazə verilib, birdən-birə sökülməsi sosial problemlər yaradır. Ona görə, daha çox kommunikasiya xətləri üzərində, dənizə gedən yolun üzərində tikilmiş obyektlərin məsələsini həll etməliyik. Ardınca digər obyektlər mane olmursa, özəlləşdirilib, fəaliyyətinə icazə vermək olar. Qanunsuz tikililərin hamısını sökmək böyük sosial partlayışa səbəb ola bilər.

 

Dəniz kənarında bütün obyektlərin sökülməsi, heç bir tikiliyə icazə verilməməsi Sovet Rusiyasının həyata keçirdiyi "Milliləşmə siyasəti”nə bənzər situasiya yaratmamalıdır. Kommunikasiya xətlərinin üzərində olmayan, fəaliyyəti standartlara cavab verən müəssisələrin fəaliyyətinə tamamailə qadağa qoyulması o qədər də məqsədəuyğun deyil. Sabah kimsə ölkəyə rahatlıqla kapital qoymağa çətinlik çəkəcək. Çünki istənilən vaxt qərar dəyişdirilib, sahibkara çətinlik törədilə bilər.

 

Ölkə başçısının Xəzərsahili ərazilərlə bağlı, xüsusilə dənizə daxil olan obyektlərlə bağlı vətəndaşlara reaksiya verməsini alqışlayıram. Normal addım atıldı, reaksiya verdilər. Mənə görə, bu obyektlərə fərdi qaydada yanaşılmalıdır. Onların dəniz zolağında normal iaşə, xidmət və başqa funksiyaları yerinə yetirənlərin özəlləşmə qaydası olmalıdır. Kütləvi şəkildə sıradan çıxarılması problem yarada bilər”.

 

 

Deputatın sözlərinə görə, hər yerdə obyekt və villa tikib, dənizi istismar etməyə yol verilməməlidir:

 

"Elə yerlər var ki, orada əhali yaşamır, istirahət məkanı kimi qeyd edilir və gözəl ictimai iaşə obyektləri tikilib. Həmin yerləri əhali yaşayan ərazilərin gözünə qatıb, dağıtmaq düzgün deyil. Elə ərazilər var ki, əhali yaşasa da dənizdən istifadə edə bilmir. Ona görə də, məsələyə ziyan vurma səviyyəsinə görə baxmaq lazımdır. Qanunsuz tikililərin hamısını sökmək niyyəti ilə baxsaq, böyük problemlərə yol aça bilərik.

 

Biz çimərliklərin çoxunun adını ictimai qoysaq da, özəl olmasa insanlar dənizi ifrat dərəcədə çirkləndirə bilərlər. Özəl də olmalıdır, ictimai də. Amma ictimai çimərlikləri kim saxlayacaq? Dövlət büdcəsindən vəsait ayrılacaq? Özəl çimərliklər, obyektlər onsuz da 2-3 ay işləyir. Sahibkarlığı öldürməyə gətirib çıxaracaq kampaniya kimi baxmaq düzgün deyil. Əgər dənizə çıxışı konkret bağlayıblarsa, problem aradan qaldırılmalıdır”.