"Hakimiyyətin bu dönəmdə "Azadlıq”ın çapını dayandırmaq niyyətində olduğu əvvəlcədən bilinirdi”
"Azadlıq” qəzetinin çapının dayandırılması ilə bağlı Milli Şura bəyanat verib Bəyanatda deyilir:
Azərbaycan hakimiyyətinin azad mətbuata qarşı uzunmüddətli basqıları ölkəni bu sahədə əhəmiyyətli dərəcədə geriyə tullayıb. Artıq neçə ildir ki, ölkədə hakim siyasətin yanlışlarını açıq şəkildə tənqid edə, müxalif fikri cəmiyyətə çatdıra, hüququ pozulan insanların problemlərini çəkinmədən işıqlandıra bilən bircə qəzet qalıb, bu da "Azadlıq” qəzetidir. Lakin Azərbaycan hakimiyyəti bununla da barışmaq istəmir və ölkədə azad sözün bu sonuncu təmsilçisini də susdurmaq üçün illərdir müxtəlif vasitələrə əl atır.
Hakimiyyətin "Azadlıq” qəzetinə qarşı axıırncı hücumu onun maliyyə direktoru Faiq Əmirlini Gülənçi şərləməsi ilə həbs edəndən sonra başlayıb. Faiq Əmirlinin həbsindən cəmi bir neçə gün sonra onun işini qəzetin üzərinə yönəldiblər və bundan bəhrələnərək qəzetin çapına süni əngəl yaradıblar. Qəzet sentyabırn 5-dən bəri çap oluna bilmir, çünki dövlət nəşriyyatı olan Azərbaycan Nəşriyyatı qəzetdən çap pulunu tələb edir, qəzetin bankdan öz pulunu çıxarması və ya maliyyə əməliyyatı aparması üçün isə Faqi Əmirlinin imzası tələb edilir və bu işdə onu əvəzləyən şəxsin imzası əsassız olaraq qəbul olunmur. Bundan başqa dövlətin nəzarətində olan, YAP Siyasi Şurasının üzvü və deputat Mirkazım Kazımovun rəhbərlik etdiyi Qasid firması qəzetin satışdan qazanılan 70 min manat borcunu (devalvasiyalardan əvvəlki məzənnə ilə) hələ də qaytarmayıb. Bütün bunlar isə qəzetin çap xərcini ödəməsini və işçilərinə əmək haqqı verməsini mümkünsüz edib. Redaksiya kollektivi misilsiz fədakarlıq göstərərək, hətta cüzi olan əmək haqqını almadan belə işləsə də, Nəşriyyat ödəniş tələbində israr edib qəzetin çapına imkan vermir.
Hakimiyyətin bu dönəmdə "Azadlıq”ın çapını dayandırmaq niyyətində olduğu əvvəlcədən bilinirdi. Hələ Faiq Əmirlinin həbsindən sonra redaksiyanın verdiyi bəyanatda etibarlı mənbəyə istinadən bildirilirdi ki, hakimiyyət bütövlükdə qəzetin çapını dayandırmaq niyyətindədir və Faiq Əmirlinin həbsindən bu məqsədlə bəhanə kimi istifadə ediləcək. Hazırda guya Fətullah Gülənin imamı kimi gülünc ittihamla həbsdə saxlanılan Faiq Əmirliyə qarşı istintaq da yalnız qəzetlə bağlı suallar verir. Üstəlik, qəzetin əməkdaşları bir-bir istintaqa cəlb olunur, artıq baş redaktorunun I müavini Rahim Hacıyev, redaktor Sücəddin Şərifov, müxbirlər Vidadi Məmmədov və Xəyal Babayev istintaq idarəsinə çağırılaraq ifadələri alınıb. Faiq Əmirlinin həbsinin bəhanə, əsas məqsədin "Azadlıq” qəzetini nəhayət susdurmaq olduğu birmənalı şəkildə ortadadır.
Milli Şura hakimiyyətdən "Azadlıq” qəzetinə qarşı üzdə dolayı yolla təşkil etdiyi, amma arxasında özünün durduğunu gözlədə bilmədiyi bu basqını durdurmağı və qəzetin çapına imkan yaratmağı tələb edir.
Milli Şura bəyan edir ki, "Azadlıq”ın çap oluna bilməməsi ölkədə azad mətbuatın tamamilə sıradan çıxması deməkdir və ölkənin bu sahədə onsuz da bərbad olan reytinqini daha da korlayacaq.
Milli Şura həmçinin, beynəlxalq birliyi bu absurd vəziyyəti ciddi şəkildə nəzarətə götürüb, Azərbaycan hakimiyyətinə təzyiqləri gücləndirməyə, "Azadlıq”ın faktiki qapadılmasına imkan verməməyə çağırır.
Milli Şura ölkənin demokratik ictimaiyyətinə, azad söz tərəfdarlarına da çağırış edir ki, bu çətin günlərdə "Azadlıq”ın kollektivini tək qoymasın, ona dəstək olsun, qəzetin yenidən çap oluna bilməsi üçün əlindən gələn köməyi əsirgəməsin.