Şəfəqə Doğru » Manşet » Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək

2022-ci il 5-7 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC – International Plant Protection Convention) Avropa və Mərkəzi Asiya üçün regional tədbiri keçiriləcək. Tədbirin təşkilatçıları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi (FAO-REU), Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir.

Tədbir “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusuna həsr olunub. Tədbirin keçirilməsində əsas məqsəd fitosanitar tədbirlər üzrə beynəlxalq standartların layihələrinin təhlili, onlara dair şərhlərin formalaşdırılması və təqdim edilməsi, 2023-cü il üçün mövzular üzrə çağırış, “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiya ilə bağlı məlumatlılığın artırılması və regional səviyyədə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Tədbirdə ümumilikdə 40 nəfər olmaqla, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional ofisi, Azərbaycan ofisi, IPPC, EPPO və üzv ölkələrin nümayəndələrinin iştirakı nəzərdə tutulub. O cümlədən IPPC katibi Osama El-Lissy, EPPO-nun baş direktoru Nico Horn, FAO-nun nümayəndəsi Melek Çakmakın da regional tədbirdə iştirakı gözlənilir. Səyahət məhdudiyyəti ilə əlaqədar olaraq Bakıya gələ bilməyən iştirakçılar tədbirə Parisdən onlayn formatda qatılacaqlar.

Qeyd edək ki, “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiya 1951-ci ildə İtaliyanın paytaxtı Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının VI konfransında qəbul olunub. Azərbaycan 2000-ci il 14 mart tarixindən etibarən bu konvensiyaya qoşulub. Konvensiyanın katibliyi üzv ölkələr arasında bitki resurslarının mühafizəsi və təhlükəsiz ticarətin təmini sahəsində informasiya mübadiləsinə kömək edir. Katibliyin üzvləri, həmçinin beynəlxalq standartların hazırlanması və tətbiqinə yardım göstərirlər, tərəflər arasında münaqişələrin həllində iştirak edirlər.