Şəfəqə Doğru » Manşet » "Kadırovun bəyanatı Rusiyada siyasi böhranın başladığını təsdiqləyir”

"Kadırovun bəyanatı Rusiyada siyasi böhranın başladığını təsdiqləyir”

"Kadırovun bəyanatı Rusiyada siyasi böhranın başladığını təsdiqləyir”

“Çeçenistan lideri Ramzan Kadırov istefasına eyham vurmaqla post-Putin Rusiyasında ciddi hakimiyyət bölgüsü oyununa başlayıb. O hesab edir ki, Rusiya Ukraynadakı müharibədə uduzub”.
Bunu ABŞ-da yaşayan rusiyalı politoloq Andrey Piontkovski deyib.
Onun sözlərinə görə, Kadırovun əsas missiyası Çeçenistanın de-fakto müstəqilliyini qorumaq və onu de-yure müstəqilliyə çevirməkdir: “Kadırov artıq Putindən sonrakı Rusiyada hakimiyyəti bölüşür. Onun oyunu buna hesablanıb və haqlı olaraq hesab edir ki, Moskva Ukraynaya qarşı müharibəni uduzub. Çox ciddi mübarizə başlayır. Bu mübarizədə ilk addımı atan da odur. Əslində bu anlaşılandır, çünki onun Rusiyada kifayət qədər müstəqilliyi var”.
Piontovskinin iddiasına görə, Kadırov istefa versə, Moskvaya getməyəcək Ekspert vurğulayıb ki, Kadırov Rusiyanın təhlükəsizlik orqanları tərəfindən öldürülə biləcəyindən şübhələnir.
“Onun Moskvaya getməyəcəyi ilə bağlı mübahisə etməyə hazıram. Başının arxasına güllə vurulmaq üçün ora çağırılacağını yaxşı bilir. O, Putindən sonrakı Rusiyada hakimiyyətin bölüşdürülməsi kimi mürəkkəb oyuna başlayır. Yalan bəyanat verib, ona görə də Moskvaya getməyəcək” - Piontovski bildirib.
Politoloq Kadırovun bundan sonra özünü son dərəcə ehtiyatlı aparacağını bildirib: “Onun düşmənləri arasında təkcə Rusiyanın təhlükəsizlik orqanları deyil, nüfuzlu çeçenlər də var. Bundan əlavə, “kadırovçular”la da ehtiyatlı olmalıdır ki, ona qarşı üsyan etməsinlər”.
Piontkovski vurğulayıb ki, təhlükəsizlik orqanları Putinin Kadırova verdiyi səlahiyyətlərdən son dərəcə narazıdırlar və bunu hətta gizlətmirlər.
Digər rusiyalı politoloq Abbas Qalyamov isə hesab edir ki, Kadırovun istefa bəyanatı Rusiyada kəskin daxili siyasi böhranın başladığını təsdiqləyir.