Şəfəqə Doğru » Manşet » AZAL şefinin əlində ƏLACI OLSA İDİ... - metroda da gedişhaqqını göyə qaldırardı...

AZAL şefinin əlində ƏLACI OLSA İDİ... - metroda da gedişhaqqını göyə qaldırardı...

AZAL şefinin əlində ƏLACI OLSA İDİ... - metroda da gedişhaqqını göyə qaldırardı...

Bu gün qiymətlərin süni şişirdilməsinə baxanda adam istər-istəməz rəhmətlik dahi şairimiz Mirzə Ələkbər Sabirin “ Qiymətlər qalxdı, ay can, ay can” misrasını xatırlayır. Kimlərsə deyə bilər ki, Mirzə Ələkbər Sabir sabun bişirib satırdı, nə bilirdi bazar, azad, liberal iqtisadiyyat nədir. Vallah, Sabir bilməsə də “Azal”ın sahibi Cahangir Əsgərov bazar qiymətlərini əla bilir.
Bu gün ölkə mediasında yayılan xəbəri oxuyanda adam yayın istisində titrətmə tutur.
Xəbərdən bəlli olur ki, Türkiyəli qardaşımız İrəvandan süjet hazırlayıb. Ermənistanın paytaxtına Antalyadan gəldiyini qeyd edən aparıcı təyyarə biletinə cəmi 50 dollar ödəniş etdiyini qeyd edib. Qardaş Bakıdan isə Antalyaya təyyarə səfərinin qiyməti 274 dollardır, yəni 5-6 dəfə baha.
Sosial şəbəkədə soydaşlarımız soruşur ki, qardaş ölkə vətəndaşlarının Türkiyəyə, münasibətləri heç də xoş olmayan Ermənistan vətəndaşları ilə müqayisədə dəfələrlə baha getməsi sual doğurur. Nəzərə alsaq ki, ölkənin quru sərhədləri bağlıdır, artıq sentyabrdan ölkə xaricində təhsil almağa gedəcək tələbələrin vəziyyəti daha acınacaqlı olacaq.
Aviabiletlərin qiymətləri az qala tələbələrin xaricdə təhsil haqlarını da üstələyir.
Bəs təxminən eyni məsafəyə Azərbaycandan uçuşların 5-6 dəfə baha olması necə izah oluna bilər?
Məşğul əhalisinin əhəmiyyətli hissəsinin gəliri 300-400 manat olan bir ölkədə bizə bu qədər bahalı bilet lazımdırmı..?
Ən geridə qalmış Orta Asiya ölkələri, Türkmənistan, Özbəkistan, Qazaxstan, Qırğızıstan bu yanaşmadan imtina edib, qiymətlər əhalinin gəlirinə uyğundur.
Kimsə borc-xərc pul tapıb xaricdə müalicəyə getmək istəyir, amma müalicə xərcindən çox təyyarə biletinin qiymətidir.
Qiymətlərlə bağlı məsələ elə bilirsiniz təkcə AZAL-la bağlıdır..? Xeyir, əksər sahələrdə vəziyyət dözülməzdir.
Bu gün oxuyuram ki, özəl avtobus şirkətlərinin sahibləri deyib ki, sərnişin daşımağın 30 qəpik qiyməti bizə sərf etmir, qiymətlər qaldırılmalıdır.
Gördünüzmü, ictimai nəqliyyat da qiymətləri qaldırmaq istəyir. Bir mahnıda deyildiyi kimi elimizin toy adlı gözəl bir adəti var... Toylar isə ancaq şadlıq saraylarında baş tutur.
Belə şadlıq saraylarından biri də MERİDİAN şadlıq sarayıdır.
Təsəvvür edirsiniz, Meridian şadlıq sarayında bir yerin qiyməti 270 manatdır.
Birincisi, yuxarıda qeyd etdiyimiz kimi əhalisinin əhəmiyyətli hissəsinin gəliri 300-400 manat olan bir ölkədə 270 manata toya necə getmək olar..? Deməli, vətəndaş 1 ay işləməlidir ki, Meridianda toy məclisinə getsin.
İkincisi. Gəlin xırda bir hesablama aparaq. Və görək ki, bir insan 270 manata nə yeyə, nə içə bilər...?
Ətin, ərzaq məhsullarının, içkinin ən baha qiymətlərini götürsək belə, bir insan qarnını doyurmaq üçün, lap tısqırınca yesə də 100 manat eləməz. Bəs Meridian şadlıq evi 270 manat qiymətini haradan götürüb, bunu necə hesablayıb..?
Deməli, Bakıdan Türkiyəyə təyarə biletinin qiyməti 270 dollar, Meridianda bir stulun qiyməti 270 manat.
Bəli, Meridian şadlıq evində toy sahibi yığılan pulun böyük əksəriyyətini restorana verir. Toy sahibinin özünə isə qəpik-quruş qalır. Bu da azmış kimi, həmin şəxs toyuna gəlib pul yazdıran qonaqlar qarşısında borclu qalır. Və özünə çatmayan pula görə, hər dəfə toya çağırılanda mütləq gedib iştirak etməli və borcunu ödəməli olur. Bax, bizdə belə bir dəhşətli toy sistemi formalaşıb. Hələ bu harasıdır..? Məclis bitdikdən sonra toy sahibi qalan içkiləri və ərzaqları götürmək istəyir. Bütün ərzaqların pulunu ödədiyi üçün onun qanuni haqqıdır. Lakin Meridian şadlıq evi buna icazə vermir. Restoran administratoru bildirir ki, ağzı açılan içkiləri müştəri götürə bilər. Qalanları isə restoranındır. Halbuki müştəri bütün içkilərin pulunu artıqlaması ilə ödəyir.
Yaxşı, bütün bunların kiminsə, nəyinsə ayağın yazmaq olar. Bəs görəsən, bir stula 270 manat qiymət qoyan Merdian şadlıq evi dövlət büdcəsinə nə qədər vergi ödəyir..? Əgər ciddi bir yoxlama olarsa, külli miqdarda vergidən yayınma ortaya çıxar. Biz hələ toyda verilən ərzaq məhsullarının nə qədər keyfiyyət standartına uyğun olub-olmadığını demirik.
Bu artıq QİDA agentliyinin işidir.
Bir sözlə, rəhmətlik Sabir demişkən, qiymətlər qalxdı,ay can, ay can…
 //gundelik-baku.com//