Şəfəqə Doğru » Manşet » Nəqliyyatda qiymət artır, keyfiyyət azalır – bunun sirri üzə çıxdı…

Nəqliyyatda qiymət artır, keyfiyyət azalır – bunun sirri üzə çıxdı…

Nəqliyyatda qiymət artır, keyfiyyət azalır – bunun sirri üzə çıxdı…

Sərnişindaşımada təkcə iqtisadi yox, ciddi təşkilati problemlər də var
Son bir neçə ayda Bakıda nəqliyyat xaosu yaşanır. Avtobuslar normal qrafiklə işləmir, insanlar saatlarla küçələrdə qalır. Nəhayət, bu prosesin üzərindən “sirr pərdəsi” götürüldü. Bəlli oldu ki, daşıyıcı şirkətlər qiymətlərin artırılmasını istəyir. Bununla da son vaxtlar şəhərdə baş verən xaos da bir növ qəsdən həyata keçirilən təzyiq kimi anlaşıldı.

Nəzərə çatdıraq ki, iki gün öncə Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıblar. Onlar avtobus nəqliyyat vasitəsinə zəruri olan dizel yanacağının, sürtkü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiymətlərinin bahalaşmasından, gediş haqqının aşağı olmasından şikayətləniblər. Şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5 faizini “BakıKart”a ödədiklərini qeyd ediblər.

Ekspertlər bildirirlər ki, böyük ehtimalla ictimai nəqliyyatda gediş haqqı qaldırılacaq, 40 və ya 50 qəpiyə çatdırılacaq. Digər bir alternativ kimi, şirkətlərə dizeli dövlətin dotasiyası hesabına daha ucuz satmaq təklifi də var. Ancaq ekspertlər bunu real saymırlar.

Nəzərə çatdıraq ki, daha əvvəl – 2 il öncə ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırılanda şirkətlər və Tarif Şurası bunu belə əsaslandırmışdı ki, qiymət artımından sonra avtobuslar yenilənəcək, keyfiyyət artacaq, qrafik daha müntəzəm və az zamanlı olacaq. Ancaq bunların heç biri baş vermədi. Faktiki olaraq ictimai nəqliyyatda qiymətlər artsa da, keyfiyyətin yüksəlməsi yox, əksi müşahidə olunur. Bunun səbəbi nədir? Korrupsiya, yoxsa səriştəsizlik?

Hüquqşünas Ərşad Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Bakı şəhərində ictimai nəqliyyatın idarə olunmasında, təşkilində çox ciddi problemlər var: “Daşıyıcılar son bir ildə dəfələrlə narahatlıqlarını bildiriblər. Onlar iqtisadi problemlərin olduğunu – yanacağın, ehtiyat hissələrinin qiymətinin artdığını, pandemiya dövründə müvafiq yardımların edilmədiyini bildirirlər. Yeganə maliyyə mənbəyi gediş haqqıdır. İqtisadi problemlərin qabardılması normaldır. Bakı Nəqliyyat Agentliyi dövlət qurumudur. Sumqayıt və ölkənin regionlarında fəaliyyət göstərən daşıyıcılar, şəhərlərarası sərnişindaşımalar, yükdaşımalarla bağlı bütün məsələlər isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vasitəsilə tənzimlənir. Lakin bu iki qurum qalıb bir arada, daşıyıcılar özləri müraciət ünvanlayırlar. Bu onu göstərir ki, dövlət orqanları bu sahəyə o qədər də diqqət yetirmirlər. Belə bir müraciətin yayılması dövlət qurumları üçün qəbahətdir. İqtisadi əsaslandırma olmalı, beynəlxalq təcrübə nəzərə alınmalı idi. Yəni təkcə iqtisadi yox, ciddi təşkilati problemlər var. Sonucu dəfə sərnişindaşımada gediş haqqı 2018-ci ildə artırılıb. Tarif Şurasının qərarında yazılmışdı ki, bu qiymətlər rəqabət mühitinin yaxşılaşdırılması, sahənin inkişafı üçün artırılır. Qısa müddət keçməsinə baxmayaraq, qiymət artımının çıxış yolu olmadığı görünür. Pandemiya da ictimai nəqliyyatı çökdürdü. Dizel yanacağının qiymətinin 33% artırılması növbəti zərbə oldu. Hazırda ictimai nəqliyyatda son 10 ildə ən pis vəziyyət müşahidə olunur. Düşünürəm ki, qiymət artımı çıxış yolu deyil. Ən yaxşı halda, 10-15 qəpik artım olacaq, bu da bir müddətdən sonra qaneedici olmayacaq”.

Ekspert qeyd edib ki, ictimai nəqliyyatda qiymət artırılarsa, sərnişinlər ucuz taksi xidmətlərindən istifadəyə üstünlük verə bilərlər: “Bundan əlavə, ağır kredit şərtləri ilə olsa da, ucuz şəxsi avtomobil almağı düşünənlər də olacaq. Nəticə etibarilə qiymətin ciddi surətdə qaldırılması sektora mənfi təsir göstərəcək. Yanaşma kökündən dəyişməlidir.Yeganə çıxış yolu dövlətin subsidiyasıdır. Dünya təcrübəsinə baxsaq, birbaşa dövlət dəstəyi olmasa da, ictimai nəqliyyata bələdiyyələrin, icraların büdcəsindən subsidiyalar ayrılır, xərclərin bir hissəsi qarşılanır. Ədalətli, şəffaf, səmərəli subsidiya mexanizmi yaradılmalıdır”.

İqtisadçı Natiq Cəfərlinin fikrincə, Azərbaycanda nəqliyyatın ümumi idarəetməsinin mərkəzləşdirilmiş və eyni məntiqlə çərçivəyə salınmasına ehtiyac var: “Bu gün pərakəndəlik var. Hətta zaman-zaman dövlətin ayırdığı subsidiyaların daşıyıcı şirkətlərə çatmadığının şahidi oluruq. Bu yaxınlarda bilindi ki, pandemiya dövründə 280 milyon manat ayrılıb, lakin sərnişindaşıma ilə məşğul olan şirkətlərə bu məbləğdən 1 qəpik belə çatmayıb. Mərkəzləşdirilmiş qaydada idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq. “Yeganə çıxış yolunun gedişhaqqının artırılmasıdır” fikri yanlışdır. Qiymət differensial olmalıdır. Məsələn, günlük, həftəlik, aylıq, yaxud illik abunəliyə keçid imkanı yaradılmalıdır. Günlük və ya bir dəfəlik gediş qiyməti qalxa bilər. Lakin müddətli (6 aylıq, 1 illik) bilet üçün ucuz gediş haqqının tətbiq olunmasına ehtiyac var. Ən idealı isə nəqliyyat sisteminin seçilmiş bələdiyyələr tərəfindən idarə olunmasıdır. “BakuBus” la bağlı problem ondan ibarətdir ki, bir sərnişinin daşınmasında maya dəyərinin hesablanması qaydası olmalıdır. Yanacaq sərfiyyatı, maaşlar, texniki məsələlər həllini tapmalıdır. Onlar avtobusun xərclərini belə gediş haqqının üzərinə gəlirlər. Bu isə doğru deyil çünki “BakuBus” avtobusları dövlət hesabına alınıb. Qiymət artımı gözləniləndir. Amma bunun yanvar ayından tez olacağını güman etmirəm. Belə olan halda, yanvara kimi avtobusları necə saxlaya bilərlər? Buna görə də paralel olaraq idarəetmə problemlərini həll etmək lazımdır”.

Qeyd edək ki, Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən 19 özəl daşıyıcı şirkət dövlət rəhbərliyinə kollektiv müraciət ünvanlayıb. Onlar bildiriblər ki, pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı 280 milyon manat vəsaitdən onlara hər hansı bir yardım verilməyib. Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat (tədbirlər planının 10-cu bəndi) vəsait ayrılıb. Lakin tədbirlər planının 10-cu bəndində nəzərdə tutulmuş “həyati vacib sərnişindaşıma sahəsi” üçün ayrılmış vəsaitin bir hissəsi Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait onlara ödənilməyib. Şirkətlər həmçinin İqtisadiyyat Nazirliyində mövcud tariflərə baxılması, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər. Kollektiv müraciətdə qeyd edilib ki, cari ilin yanvar və aprel aylarında da Bakı şəhərində sərnişindaşıma xidməti göstərən şirkətlər Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edib. Lakin həmin müraciətlər cavabsız qalıb: “İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunub və tələb icra edilib. Lakin müraciət bu günədək nəticəsiz qalıb.“Yeni Müsavat”