Şəfəqə Doğru » Manşet » Ermənistan rus silahları ilə Azərbaycanı hədələyir – işğalçı aprel panikası içində

Ermənistan rus silahları ilə Azərbaycanı hədələyir – işğalçı aprel panikası içində

Ermənistan rus silahları ilə Azərbaycanı hədələyir – işğalçı aprel panikası içində
Düşmən tərəfdən danışıqları pozmağa yönəlik növbəti təxribat; Təcavüzkar ölkə "müstəqillik” günündə keçirəcəyi hərbi paradda ilk dəfə "İsgəndər-M” taktiki raketlərini nümayiş etdirəcək; Sərkisyan rejimi apreldə aldığı hərbi zərbənin ağrı-acısını öz xalqına bu cür unutdurmaq istəyir; Bakının 18 oktyabr reaksiyası nə olacaq – hərbi parad, yoxsa iri miqyaslı təlimlər?.. 
Bu həftə Ermənistan özünün olmayan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Maraqlıdır ki, həmin gün işğalçı ölkə "əzələ” nümayişinə hazırlaşır. Söhbət hərbi paradın keçirilməsindən gedir. Artıq İrəvanda paradın baş məşqi də olub. 

Xəbər verildiyi kimi, məşqdə Ermənistanın Rusiyadan aldığı bəzi silahlar ilk dəfə nümayiş etdirilib. İddialara görə, onların arasında "İsgəndər-M” operativ-taktiki raketləri, "Smerç” reaktiv yaylım atəşi sistemləri və "İnfauna” radioelektron mübarizə sistemi də yer alır. Rusiya qaynaqlarından birinin yazdığına görə, "İsgəndər-M” kompleksləri indiyə qədər ancaq Rusiya ordusunda mövcud olub və həmin raketlər ixrac edilməyib. Ermənistan isə Rusiyadan sonra həmin raketlərə malik ikinci ölkədir.


*****

"İsgəndər-M” operativ-taktiki raketi 400 kilometr məsafə qət edir və müxtəlif tipli döyüş başlıqları ilə təchiz olunur. Raketin özəlliyi onun ziqzaqvari hərəkət trayektoriyasına malik olmaqla radarlara yaxalanmasının minimum olması, eyni zamanda raketdən müdafiə sistemi ilə vurmağın çətinliyidir. Yeri gəlmişkən, amerikalı hərbi ekspertlər bu sistemlərin nüvə başlıqları daşıya biləcəyi və bununla da regionda qüvvələr balansını poza biləcəyi barədə xəbərdarlıq ediblər. 

Onu da yada salaq ki, Rusiyanın Ermənistanda "İsgəndər-M” raketləri yerləşdirdiyi haqda xəbərlər hələ iki il əvvəl yayılıb və bu ölkənin Müdafiə Nazirliyi məlumatları təkzib etmirdi. İndi isə görünür ki, Ermənistan həmin raketləri nümayiş etdirməyi qərara alıb. Lakin bu komplekslərin konkret olaraq Rusiyaya (onun Ermənistandakı hərbi bazasına), yoxsa Ermənistana məxsus olduğu dəqiq bilinmir. Çünki vurğulandığı kimi, həm kifayət qədər hərbi balansa təsir edən sistemlər olmaqla Bakıda qıcıq yarada bilər, həm də bahalıdır - ermənilərin onları güzəştli qiymətə belə almaq imkanı yoxdur. Azərbaycanın da arsenalında olan "Smerç” reaktiv yaylım atəşi sistemlərinin isə Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq güzəştli silah krediti hesabına əldə edildiyi deyilir.
İstisna deyil ki, İrəvan onları nümayiş etdirməklə, yəni faktiki rusa məxsus silahlarla, sadəcə, Azərbaycana hədə biçmək istəyir. Rusiya isə bu yolla öz narazı satellitini sakitləşdirmək, onun yanında olduğunu və təhlükəsizliyini qulaqardı etmədiyini göstərmək istəyir, eyni zamanda erməni toplumunda özünə qarşı son aylar güclənmiş isterikanı zəiflətməyə çalışır. 

Buradaca onu da vurğulayaq ki, Azərbaycan da boş dayanmayıb və aprel döyüşlərindən sonra öz hərbi parkını bir sıra yeni silah və hərbi texnika növləri ilə təchiz edib. Həmin silahların nədən ibarət olduğu açıqlanmır. Əsas odur ki, proses gedir. Bir şeyi inamla söyləmək mümkündür ki, Azərbaycan hərbi paritetin İrəvanın xeyrinə dəyişməsinə heç vaxt imkan verməyəcək. Hər necə olmasa, biz Ermənistandan fərqli olaraq təkcə Rusiyadan silah-sursat almırıq. 

Bu da mütəxəssis rəyi. "İsgəndər” operativ-taktiki raket komplekslərinin hətta Ermənistana məxsus olmasını ehtimal etsək belə, yenə də bu, regiondakı hərbi qüvvələr balansının Azərbaycanın xeyrinə olmasına təsir göstərə bilməyəcək". APA-nın məlumatına görə, bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın müstəqilliyinə həsr olunmuş hərbi parada hazırlıq məqsədilə keçirilən məşqlərdə "İsgəndər” komplekslərinin nümayiş etdirilməsini şərh edərkən bildirib.


Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası və silahları keyfiyyət və kəmiyyət baxımından Ermənistan tərəfini xeyli dərəcədə üstələyir: "Ordumuzun öhdəsindəki minlərlə müxtəlif hücum və müdafiə sistemləri dağıdıcı xarakterinə və məhvetmə xüsusiyyətinə görə ölkəmizə təhlükə mənbəyi ola biləcək istənilən hərbi obyektləri darmadağın etmək qabiliyyətindədir. Ölkəmizə qarşı yönələn istənilən təhdidə daha sərt və qəti cavab vermək imkanına malik Azərbaycan Ordusunun görəcəyi adekvat tədbirlər, daxili siyasi ziddiyyətlər və iqtisadi böhran içərisində olan Ermənistanın tam iflasına gətirib çıxara bilər”.

***** 

Onu da qeyd edək ki, Ermənistan ötən il də "müstəqillik” günündə hərbi parad düzənləyib. Lakin gözlənilən təbliğat effekti alınmayıb. O zaman da ortaya çıxarılan hərbi texnikanın müəyyən hissəsi Ermənistan Silahlı Qüvvələrinə məxsus deyildi - bir növ, Rusiyadan müvəqqəti "icarəyə” götürülmüşdü. Üstəlik, paradda Rusiyanın bəzi hərbi birləşmələri öz bayraqları ilə iştirak etmişdi. 

Budəfəki parad isə, şəksiz ki, aprel məğlubiyyətindən sonraya təsadüf eləməsi ilə xüsusi diqqət çəkir. Böyük ehtimalla, Ermənistan rəhbərliyi Rusiyaya məxsus bəzi yeni və müasir döyüş sistemlərini də nümayiş etdirməklə öz ordusu haqqında təzədən "məğlubedilməzlik” mifi formalaşdırmaq, aprel rüsvayçılığının cəmiyyətdə, işğalçı orduda yaratdığı bədbin ovqatı zəiflətmək, ağrı-acını azaltmaq, kəsəsi, özünə inam təlqin eləmək niyyətindədir. 
Prezidentlərin növbəti görüşünü hazırlamaq üçün vasitəçilərin hərəkətə keçdiyi bir vaxtda İrəvanın bu növbəti təxribatçı addımının daha bir hədəfi, əlbəttə ki, onsuz da ləng gedən danışıqları pozmaq, vaxt qazanmaq, gələn ilin yazında Ermənistanda keçiriləcək parlament seçkilərinədək taym-aut qazanıb Azərbaycan ərazilərini boşaltmaq üçün artan təzyiqlərdən yayınmaqdır.

***** 

Bütün hallarda rəsmi Bakı, yəqin ki, son prosesləri, İrəvandakı hərbi parad və ona hazırlığı, eyni zamanda, Rusiyanın yeni silah sistemləri və canlı qüvvəsinin paradda iştirakı məsələlərini diqqətlə izləyir və izləyəcək. Bizcə, İrəvandakı hərbi paradın təbliğati effektini öldürmək üçün Azərbaycan da öz müstəqillik günündə - oktyabrın 18-də analoji və daha effektli, Ermənistanda olmayan silahlar da daxil, parad düzənləyə bilər. Hazırlıq üçün kifayət qədər vaxtımız da var, düşmənin yuxusunu qaçıracaq silah və hərbi texnikamız da. Və ya həmin gün cəbhə xətti boyu iri miqyaslı hərbi təlimlərə də start verilə bilər.