Şəfəqə Doğru » Manşet » “Sülh sazişi uğrunda savaş”: ABŞ-dan Kremlə Qarabağ ittihamı

“Sülh sazişi uğrunda savaş”: ABŞ-dan Kremlə Qarabağ ittihamı

“Sülh sazişi uğrunda savaş”: ABŞ-dan Kremlə Qarabağ ittihamı
Rusiya da geri çəkilmək fikrində deyil və gələn ay Kreml rəhbərinin Paşinyan və Əliyevlə görüş keçirəcəyi gözlənilir
 
“ABŞ Dövlət Departamenti bəyan edib ki, Qarabağ nizamlanması üzrə qarşılıqlı fəaliyyət göstərməklə bağlı Rusiya tərəfdən hər hansı cəhd görməyib”. “Turan”ın Vaşinqton müxbiri xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik brifinqdə bildirib.
 
“Əgər hər hansı ölkə dinc yolla nizamlanmaya kömək etmək üçün Ermənistan və Azərbaycanla bağlı bizimlə əməkdaşlıq etmək istəyirsə, sözsüz ki, biz bunu alqışlayarıq” deyə, Patel bildirib.
 
Dövlət Departamenti sözçüsü Vladimir Putinin “bütün dünyada münaqişələri həll etməkdən ötrü xoş məramdan istifadə edilməlidir” dedikdən sonra səsləndirib. Putinin sözlərini şərh etməklə bağlı Turan-ın müxbirinin xahişinə cavab olaraq Patel deyib: “Xoş məramın təzahürü Ukrayna xalqına qarşı təcavüzə, bu ölkənin bombalanmasına, xəstəxanaların atəşə tutulmasına və uşaqların oğurlanmasına son qoyulması olardı. Bütün bunlar xoş məram deyil”, Patel fikrini yekunlaşdırıb.
 
ABŞ, Rusiya və Fransanın birgə fəaliyyət göstərdiyi Minsk Qrupunun səyləri nəticə vermədi - sərhəd boyu toqquşmalar davam etdi, 2020-ci ilin sentyabr-noyabr aylarını əhatə edən müharibəylə nəticələndi. Ukrayna müharibəsi səbəbindən Vaşinqton və Paris vasitəçi statusunda qalmış olsalar da, təsir rıçaqlarını itiriblər. Rusiya Avropa İttifaqının vasitəçiliyinə ilk dövrdə normal yanaşsa da, son vaxtlar buna qarşı bəyanatlar səsləndirirlər. ABŞ, Avropa İttifaqı və Fransanın sülh razılaşmasına yanaşmasında vahid xətt olduğu görünmür, xüsusilə Fransa prezidenti Makronun son açıqlamaları buna sübutdur. Ukraynada davam edən müharibə fonunda istənilən eskalasiyaya imkan verməmək indilikdə ortaq marağının olduğu azsaylı məsələlərdən biridir. Qarabağda hərbi əməliyyatların bərpa olunması heç kimə sərf etmir, çünki buna reaksiya vermək lazım gələcək, ortaq mövqe sərgiləməksə mümkün olmayacaq. Rusiya da geri çəkilmək fikrində deyil və gələn ay Kreml rəhbərinin Paşinyan və Əliyevlə görüş keçirəcəyi gözlənilir. Təəssüf ki, Qərblə Rusiya arasında iki “sülh uğrunda” qızışan savaş bölgəyə yaxşı heç nə vəd etmir. Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi müşahidə edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildiririk ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Belə görünür ki, Qərblə Rusiya arasında “sülh uğrunda” qızışan savaş bölgəyə yaxşı heç nə vəd etmir.
 
Elçin Mirzəbəyli 
 
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli ABŞ-ın riyakar siyasətindən söz açdı: “Deyəsən, Ağ Evdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patellə zarafat etmək fikrinə düşüblər və ona oxumaq üçün 44 günlük müharibədən öncəki mətni veriblər. Hazırda gündəlikdə “Qarabağ” sözünün keçdiyi hər hansı bir proses yoxdur və ola da bilməz. “Qarabağ” Azərbaycanın iqtisadi rayonlarından birinin və işğaldan azad etdiyimiz Ağdamın futbol komandasının adıdır. Qarabağ iqtisadi rayonundakı bütün prosesləri Azərbaycan dövləti, “Qarabağ” futbol komandasında isə Qurban Qurbanov tənzimləyir. Şübhəsiz ki, Rusiya da ona aidiyyəti olmayan bir prosesin “tənzimlənməsi” ilə bağlı ABŞ tərəfinə müraciət edə bilməz. Patelin Ukrayna məsələsi müstəvisindən Azərbaycan-Ermənsitan münasibətlərini və Rusiyanın vasitəçilik missiyasını dəyərləndirməsinə gəldikdə isə, bu kökündən yanlış və əsassız bir yanaşma olmaqla bərabər, həm də Vaşinqtonun ikili siyasətini nümayiş etdirir. Azərbaycan torpaqların 30 ilə yaxın Ermənistanın işğalı altında qalanda ABŞ BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün işğalçı Ermənistana heç bir təzyiq göstərmir, təcavüzkarı himayə etməklə prosesin uzadılmasına çalışırdı. Ukrayna xalqından öncə Azərbaycan xalqı təcavüzə məruz qalmışdı, yüzminlərlə azərbaycanlı evindən qovulmuşdu, onminlərlə günahsız insan vəhşicəsinə qətlə yetirilmişdi. Ukrayna xalqından öncə Azərbaycan xalqının başına bombalar, raketlər yağdırılırdı. Bu baxımdan, indi özünü təcavüzə məruz qalanın himayəçisi kimi göstərməyə çalışan ABŞ vaxtı ilə xoş məram nümayiş etdirib işğalçı Ermənistanın qarşısını almağa və işğala son qoyulması üçün təxirəsalınmaz addımlar atmağa, heç olmasa cəhd göstərməliydi. Bu gün Ermənistanın revanşçı meyllərinin arxasında dayanan amillərin müəyyən bir hissəsi də ABŞ kimi ölkələrin yürütdüyü riyakar siyasətdən qaynaqlanır”.
 
Rəhim Əhmədzadə
 
AĞ Partiya başqanının müavini, siyasi şərhçi Rəhim Əhmədzadənin də fikirləri fərqlənmir: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, səmimi  deyillər. Yəni nə ABŞ, nə Rusiya, nə də Fransa kimi Minsk Qrupu dövlətləri Qarabağ məsələsinin səmimi şəkildə həll edilməsindən yana  olmayıblar. Əks olmuş olsaydı bu dövlətlər BMT qətnamələrinin icra olunması üçün hər  hansı real addımlar atardılar. Faktiki olaraq Qarabağ münaqişəsi başlandığı  gündən  etibarən Azərbaycan tərəfi və onun müttəfiqi Türkiyə xaricində heç istər qonşu,  istərsə də digər dövlətlər timsalında obyektiv və  müsbət qisimdə  kimsə addım atmadığı üçün Azərbaycan yaranmış geosiyasi vəziyyəti öz xeyrinə istifadə edərək öz göbəyini özü kəsdi. “Turan”ın Vaşinqton  müxbiri obyektivlik naminə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelə bir neçə müddət öncə Nensi Pelosinin Ermənistan səfərində söylədiyi fikirləri xatırlatsa  yaxşı olardı. Eyni  zamanda, Makronun erməni tərəfkeşliyini də xatırlada bilərdi. Patelin Rusiya haqqında dediklərinə gəlincə isə sanki  Rusiya ilə olan münasibətini Azərbaycan üzərindən aydınlaşdırmaq istəyirlər. Necə ki, Ukraynada onu  etməyə  çalışdılar və buna  davam edirlər. Azərbaycan Qarabağ məsələsini həll edib. Sadəcə, Ermənistanın üçtərəfli bəyanatdakı öhdəliklərini yerinə yetirməsi qalıb. Əgər ABŞ və digər ermənipərəst qüvvələr regionda sülh arzu edirlərsə,  Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə razı salsınlar. Əks təqdirdə ABŞ-ın bu münaqişə ilə nə əlaqəsi ola bilər? Düzdür, biz anlayırıq ki, geosiyasi xəritələr yenidən çəkilir, güc mərkəzləri reabilitasiya mərhələsini yenidən gözdən keçirir. Bütün bunların fonunda unutmamaq lazımdır ki, Azərbaycan-Türkiyə müttəfiqliyi də regionda yeni güc mərkəzinə çevrilir. Azərbaycan bütün dünya ilə müttəfiqliyə hazırdır. Amma kiminsə vassalı deyil”.
 
Tural İsmayılov
 
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov isə bunları söylədi: “Təəssüflər olsun ki, dünya siyasi gücləri bu gün regionlara geopolitik savaşın ünsürləri kimi yanaşır. Dünyada münaqişələrin dərinləşməyinin ən əsas səbəblərindən biri də siyasi qütbləşmələrdir. Qərb və Rusiya arasındakı geopolitik savaşlar münaqişə ocaqlarında vəziyyətin daha da pisləşməyinə, savaşların arealının böyüməyinə səbəb olur. Təəssüflər olsun ki, bu günə qədər bu yanlış siyasi yön dəyişmir. Azərbaycanla Ermənistan arasında birbaşa təmasların sayı artmalıdır. XİN başçılarının təkbətək danışıqları yəqin ki davam edəcək. Çünki üçüncü qüvvələr vasitəçilik etsə də, həm də öz siyasi maraqlarını güdürlər. Bir növ Cənubi Qafqazda təmsilçilik üçün bu qüvvələr arasında vuruşma gedir. Azərbaycan vasitəçisiz təmaslara dəyər verir. Burda problemi yaradan forpost Ermənistandır. Bu ölkənin müstəqil siyasi institutları və idarəetmə sistemi olmadığı üçün xaricdən gələn direktivlərə daha çox fokuslanıblar. Nəticədə Fransa və ABŞ kimi qərəzli ölkələrin vasitəçilik cəhdlərinə şahidlik edirik. Amma istənilən halda hesab edirəm ki, bu gün Aİ ilə Rusiya hər biri ayrılıqda Ermənistana təzyiqlər etsə Azərbaycan-Ermənistan münasibətlərində ciddi irəliləyişlər ola bilər. Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərin gələcəyi ilə bağlı aydın təsəvvürləri var. Problemi yaradan isə üçüncü tərəflərdir. Aİ və Rusiya arasındakı antipatik söz davaları Ermənistanın növbəti təxribatları ilə nəticələnə bilər”.(musavat.com)