Şəfəqə Doğru » Manşet » "İran güman edir ki, bu şou ilə bizə təzyiq edə biləcək" - GƏLİŞMƏ

"İran güman edir ki, bu şou ilə bizə təzyiq edə biləcək" - GƏLİŞMƏ

"İran güman edir ki, bu şou ilə bizə təzyiq edə biləcək" - GƏLİŞMƏ

"Bölgəmizdə baş verən hadisələr “Yeni dünya” layihəsinin tərkib hissəsi olaraq cərəyan edir. Böyük Britaniyada hökumət krizisi, İsrailin Suriyada İrana məxsus hərbi bazanı bombalaması, Türkiyə-Yunanıstan krizisi, Rusiyanın Ukraynaya təcavüzü, Qarbağ iqtisadi rayonunda Rusiya-Ermənistan təxribatları dünyanın diqqət mərkəzindədir. Hazırda bizi məşğul edən Qarabağ və Zəngəzur ətrafında gedən proseslərdir. Zəngəzur koridorunun açılması reallaşdıqca bu proyektin həyata keçməsini əngəlləməyə çalışan qüvvələr də aktivləşirlər".
Shafaqadogru.com  məlumatına görə, bu barədə politoloq Vasif Əfəndiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 10 noyabr razılaşması ilə əsası qoyulan və sonrakı danışıqlarda təsdiqlənən sülh sazişinin ana xətti məhz Zəngəzur koridorunun açılmasıdır. Bu işlər sona çatdıqda bölgədə davamlı sülh yaranacağı şübhəsizdir. Bu məsələdə Ermənistan 2 il öncəki vəziyyətdən qat-qat uduzmuş şəraitdə olsa da, mövcud durum onlar üçün ən ideal variantdır.

“İki böyük Türk qonşu və gələcəkdə digər 3-cü Türkləşmiş İranla həmsərhəd olması Ermənistan üçün başqa şans tanımır. Lakin bölgədə İranın gözləmədiyi halda uzun müddət hazırlaşaraq güclü ordu ilə Azərbaycanın ortaya çıxması mövcud şəraiti dəyişib. İran güclü Azərbaycanı özünə rəqib görməyə başlayıb.

İndiyə qədər Ermənistana həyasızcasına hərbi, iqtisadi və siyasi dəstək verən İran Azərbaycanın güclənməsindən ciddi təşvişə düşüb. O səbəbdən də 40-50 yaşlı paslanmış metal toplusu ilə sərhədlərimizdə hərbi təlim keçən İran güman edir ki, bu şou ilə bizə mənəvi təzyiq edə biləcək. 150 milyonluq əhalisi və az qala dünyanın yarısı boyda əraziləri olan Rusiyanın özündən dəfələrlə kiçik Ukrayna qarşısında aciz qalması nümunəsini İran gözünün önünə gətirməlidir”,- deyə politoloq bildirib. Onun sözlərinə görə, Azərbaycan 30 il öncə olduğu kimi təklənmiş və kasıb ölkə statusundan çoxdan çıxıb. Bu gün ordumuz gərək olarsa, sərhədlərimizdə şou çıxaran fitnəkarları çıxdıqları yerə qədər qova biləcək gücə və siyasi dəstəyə malikdir.

“Rusiyanın Zəngəzur dəhlizinə marağı ilə İranın tərs münasibəti bizi narahat etmir. Zəngəzur koridoru beynəlxalq əhəmiyyətə malik layihədir və qərb də bu yolun açılmasında maraqlıdır. Çin, Hindistan və Pakistan kimi ölkələr bu koridordan yararlana biləcəklər.

Bizi narahat edən digər məsələ, Rusiyaya məxsus sülhməramlıların faəliyyət müddətinin başa çatdığı zaman ərazilərimizid vaxtı uzadılmadan problemsiz tərk etməsidir. Rusiya telekanallarında uydurma “Dağlıq Qarabağ Respublikası” kimi təqdim olunan xəritə nümayiş etdirilir”,- deyə Vasif Əfəndiyev qeyd edib.

Politoloqun fikrincə, Fransa Qarabağda qalıb yaşamaq istəyənlər üçün xüsusi status almaq üçün canfəşanlıq edir. Bu günlərdə Fransa parlamentində "Dağlıq Qarabağın" ya müstəqilliyini tanımaq ya da bizə qarşı sanksiya tətbiq edilməsi üçün qanun layihəsini təsdiq etməyə cəhd edəcəklər.

“Bütün bunlara baxmayaraq, beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir. Biz mütləq yarımçıq qalmış işlərimizi tamamlayacağıq”,- deyə politoloq əlavə edib.