"Milli Şuranı maliyyələşdirən nazirlər var”
"Əlinə dünən mikrofon götürən müğənniyə 10 yerdə ev verib, villa tikirlər, amma mənə bir ev düşmədi bəyəm? Bu hökumət üçün bu qədərmi dəyərsiz olduq?”
"Zeynəb Xanlarova xaricdə mənim ünvanıma yaxşı sözlər deməmişdi”
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin ötən gün Türkiyə səfərindən geri döndüyünü eşidib, onunla söhbətləşməyə çalışdıq. Partiya sədri qardaş ölkədəki səfəri, müxalifətin keçirdiyi son mitinqlər və digər məsələlər barəsində maraqlı açıqlamalar verdi:
- Qardaş ölkəyə səfəriniz nə ilə əlaqədar idi? Bu, işgüzar, yoxsa istirahət səfəri idi?
- Türkiyədə bir sıra görüşlər keçirtdik, eyni zamanda Qərb dövlətlərin nümayəndələri ilə məsləhətləşmələr apardıq. Nüfuzlu bir televiziyada çəkilişdə də oldum. Onun yayımı ilə bağlı mediaya məlumat verəcəm. Yəni daha çox siyasi məsələlər ilə bağlı getmişdim.
- Bir həftə ərzində müxalifət üç mitinq keçirtdi. Bunu necə dəyərləndirirsiz?
- Müsavat Partiyasının keçirtdiyi mitinqə mən canlı baxdım. Sözün açığı, özümə yer tapa bilmirəm. Onları aciz, biabırçı fonda görəndə mən xəcalət çəkdim. Böyük bir partiyanı gətirib bu günə salan insanlar xalqın üzünə necə çıxırlar? Demokratik dövlətdə mitinq də, yürüş də keçirtmək, bir sözlə, hər şey etmək olar. Amma belə aşağı səviyyəli mitinqlərin keçirilməsini, sözün düzü, mən qəbul edə bilmirəm, bu məni çox incidir... Biz hərəkatda olan insanlarıq, ola bilsin ki, aramızda nəsə narazılıq olub, bir-birimizi qəbul edə bilmirik. Amma çıxıb 50-100 nəfərin qarşısında çıxışlar edilməsi adam yer eləyir. Orda kim var idi? 5-10 nəfər. Ondansa ordakıları yığardılar bir mədəniyyət evinə, orda çıxış edərdilər. Azərbaycanda Elçibəy hakimiyyətini devirən insanlar, bu gün meydana nəyə çıxıblar? O vaxt mən nazir idim, mənə deyirdilər ki, Pənah Hüseynin yanına getməyin, biri deyirdi Əli Kərimlinin, biri də deyirdi ki, İsa Qəmbərin. Ona görə də düşünürəm ki, nə qədər ki, yeni qüvvələr meydanda deyil, belə 5-10 nəfər öz qohum-əqrəbasını qabaqlarına salıb dəfləyəcəklər. Bu, utancvericidir. Onlar istəyirlər ki, ölkədə qarışıqlıq yaratsınlar və bundan sui-istifadə etsinlər. Onlara pul verən hakimiyyət daxilində olan qüvvələrdir. Qərbin, Avropanın bu məsələdə çox cüzi rolu var. Onlar o qədər də pul vermirlər. Amma Milli Şuranı maliyyələşdirən nazirlər var. Prezident onları təcili həbs etdirməlidir ki, onlar niyə əllərindəki pulları belə insanlara verir.
- Məlumat yayıldı ki, sizin təmsil etdiyiniz partiya da mitinq keçirməyə hazırlaşır?
- Bəli, bizim də artıq qərarımız var. Mitinqdə şüarlarımız ondan ibarət olacaq ki, biz prezidentə xəyanət edən adamlar kimlərdir. Onların adlarını açıqlayacağıq, şəkillərini sinəmizə vuracağıq.
- Mitinqin şüarı ancaq bundan ibarət olacaq?
- Həm də "Bahaçılığa son!” şüarı ilə çıxacağıq. Sağlıq olsun, zaman göstərəcək, siz jurnalistlər də şahid olacaqsız ki, Hafiz Hacıyev xalqını nə qədər çox sevir. İndi qayıtmışam, hər halda ciddi şəkildə öz mövqeyini ortaya qoyub, sözümüzü deyəcəyik.
- Türkiyədən yenicə qayıtmısız. Azərbaycanda olan fətullahçılar barəsində sizdə yeni məlumatlar varmı?
- Var, niyə yoxdur ki. Hardasa 2-3 ay bundan öncə də demişdim, Təhsil Nazirliyində, hakimiyyət daxilində gülənçilərlə əlbir olanlar var. Deyirlər ki, müxalifətdə, Əli Kərimlinin ətrafında var, amma deyim ki, onları daha çox hakimiyyət daxilində axtarmaq lazımdır. Onlar birinci məsuliyyətə cəlb olunmalıdır. Bu Gülən pul buraxdı, Azərbaycanda da o qədər tamahkarlar var ki, erməni də gətirib pul verəndə götürürlər. Ona görə də gülənçilər hakimiyyətin müxtəlif qollarında yerləşib. Sağlıq olsun, onların hamısı təmizlənəcək...
Mən deyirdim ki, hakimiyyətin daxilində bəzi müxalifəti maliyyələşdirir, sonradan Siyavuş Novruzov dediyimi təsdiqlədi. Bəs niyə onları partiyadan kənarlaşdırmırlar?
- Son vaxtlar kirayədə qalmağınızdan, pulsuzluqdan çox şikayətlənirsiz. Çoxları üçün də sual olaraq qalır, görəsən Hafiz Hacıyevin aylıq gəliri və xərcləri nə qədərdir ki, qazancı ona bəs etmir?
- Hafiz Hacıyevin nə qazancı var? Heç bir yerdən gəlirim yoxdur, siyasətlə məşğul olan adamam. Mənim evim olub. O vaxt qaçqın düşəndə Ermənistanda olan evimizi bura ilə dəyişmişik. Amma mənim övladım evlənibsə, mən 4 otaqlı evdə necə qala bilərəm? Adət-ənənə var. O gün bir jurnalist sual verir ki, siz Türkiyəyə tez-tez gedib gəlirsiz, orda biznesiniz var? Mən də dedim ki, xanım, mən acından günorta dururam, mənim biznes qurmağa imkanım yoxdur. Xəstə olanda dərmana pul tapa bilmirik. İmkanımız yoxdur, çox kasıb bir vəziyyətdə yaşayırıq. Son vaxtlar partiya sədrlərinin villaları, bağ evləri çıxdı ortalığa... Bizim bəxtimiz gətirmədi.
- Amma bəziləri hələ də elə düşünür ki, Hafiz Hacıyevin ailəsi ilə problemi olduğundan kirayədə yaşamağa məcbur olub.
- Qətiyyən. Mən yoldaşımı da özümlə götürmüşəm, birgə kirayədə yaşayırıq, nəvəm də yanımdadır. Bu başdan-ayağa cəfəngiyatdır.
Bu gün bir artistə, əlinə dünən mikrofon götürən müğənniyə 10 yerdə ev verib, villa tikirlər, amma Hafiz Hacıyevə bir ev düşmədi bəyəm? Bu hökumət üçün bu qədərmi dəyərsiz olduq? Mənə dəyər vermirlərsə neyləməliyəm, özümü öldürəsi deyiləm ki. Eybi yoxdur, biz kasıb həyat sürməyə öyrənmiş insanlarıq.
- Bu günlərdə Azərbaycanda Milli Musiqi Günü ilə əlaqədar böyük tədbirlər keçirilir. Maraqlıdır, klassik musiqi dinləmək üçün konsert və ya tədbirlərə gedirsizmi, marağınız varmı?
- Konsertlərə getmək üçün bilet pulu lazımdır. Açığı deyim ki, mənim belə bir imkanım yoxdur. Konsertləri televiziyalardan, internet resurslarından izləyirik. Musiqiyə biz həmişə böyük önəm vermişik, bizim Qara Qarayev, dahi Üzeyir Hacıbəyli, Fikrət Əmirov kimi sənətkarlarımız olub. Amma bu gün bizim peşəkar musiqiçimiz, xanəndəmiz varmı? Kim kimin dostudursa, ya məşuqəsidirsə ona ad alıb verir, onların da heç bir səsi yoxdur. Gedib onların hansını konsertinə baxaq?
- Musiqiçilərdən söz düşmüşkən, bu yaxınlarda iki böyük sənətkar, xalq artistləri Flora Kərimova ilə Zeynəb Xanlarova arasında qalmaqal yaşanmışdı. İctimaiyyətdə hansı sənətkarın daha peşəkar ifaçı olduğu barədə müzakirələr, mübahisələr edildi. Bəs siz bu məsələdə hansı sənətçiyə daha çox önəm verirsiz?
- Həyatda ən çox sevdiyim xanım müğənnilər arasında Zeynəb xanıma hörmətim olub. Doğrudur, bir dəfə mən Flora xanım haqqında fikir səsləndirəndə Zeynəb xanım xaricdə idi və orda mənim ünvanıma yaxşı söz demədi. Buna baxmayaraq, Zeynəb xanımın səsinə böyük hörmətim var və daha çox ona üstünlük verirəm.