Bir neçə gündür müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.
Məsələ ilə bağlı Sfera.az-a fikirlərini bölüşən politoloq Turan Rzayev qeyd edib ki, baş verənlər əslində rəsmi Bakının İrana açıq gözdağıdır:
“İran son zamanlar Azərbaycanı açıq şəkildə hədələyir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlı təlimlər keçirməsi də bunu bir daha təsdiqlədi. Araz çayı üzərində körpünün inşa edilməsini məşq etmək isə açıqca hədə-qorxu gəlməkdir. Rəsmi Bakının İranın təlim şantajına cavab verəcəyi bəlli idi. Lakin veriləcək cavab da ən azından İranın verdiyi mesaj qədər təsirli və adekvat olmalı idi. Rəsmi Bakı indi XTQ-ni hərbi təlimlərə cəlb edərək İrana qalib ordunun bütün istiqamətlərdən, həmçinin Araz çayı boyunca gələcək hücumlara qarşı hazır olduğu mesajını verir. Digər tərəfdən təlimlər XTQ komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə baş tutur. Hikmət Mirzəyevin adı təkcə ermənilər üçün deyil, həmçinin İran üçün ciddi narahatlıq yaradır. XTQ onun komandalığında kifayət qədər çətin tapşırıqlar yerinə yetirib. Hikmət Mirzəyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin ən təcrübəli və istedadlı zabitlərindəndir”.
Ekspert qeyd edib ki, ən diqqətçəkən məqam Müdafiə Nazirliyinin yaydığı fotolarda təlimləri Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersayın izləməsi idi:
“Bəxtiyar Ersayın təlimləri izləməsi faktiki olaraq Türkiyənin İrana verdiyi açıq və net mesajdır. Yəni, “Türkiyə Azərbaycanın yanındadır və İran həddini aşmamalıdır”. Nəticə etibarilə rəsmi Bakı bir daha təlimlər ilə göstərmiş oldu ki, heç kəs bizimlə hədə, diktə ritorikası ilə danışa bilməz. Azərbaycan 90-cı illərdəki zəif ölkə deyil. Azərbaycan Silahlı Qüvvələri istənilən ölkədən gələcək təhdidlərə, hücumlara hər zaman hazırdır”.
Türkan,