Əvvəllər hansısa ictimai şəxsin şantaj məqsədilə yayılan intim videosu təəccüb doğurur, həftələrlə müzakirə olunurdu. Artıq bu gün insanların özlərinin yataq görüntülərini paylaşması adi hala çevrilib. Sön dövrlər insanlar heç bir səbəb olmadan, hansısa məqsəd güdmədən, bəzi hallarda isə qarşı tərəfi şantaj etmək məqsədilə özlərinin intim xarakterli video və fotolarını çəkərək yayırlar. Bu cür uyğunsuz kadrlar həm kişilər, həm də qadınlar tərəfindən paylaşılır.
Ümumiyyətlə, bir insanın özünün intim görüntülərini çəkərək yayması nəyin əlamətidir? Bunun altında hansı psixoloji məqamlar dayanır?
Psixoloq Elnur Rüstəmov hesab edir ki, intim videoların çəkilməsi və paylaşılması normal insan davranışı deyil və burada hansısa patologiyadan söhbət gedir:
“Belə hallar artıq Azərbaycan reallığında da baş verir. Həmin insanın psixikasında hansısa bir patologiya var ki, bunu çəkir və yayımlayır. Xüsusilə, ailə münasibətindən danışırıqsa, burada şəxsiyyət pozuntusundan, cinsi meyil pozuntusundan da söhbət gedə bilər. Yəni bu, normal insanın edə biləcəyi bir davranış deyil. Bundan əziyyət çəkən insanlar isə bəzən bunun fərqində olmurlar. İntim kadrlarını çəkən və ya paylaşan şəxs, bunu bir əyləncə növü kimi də qavraya bilər. Ümumiyyətlə, düşünərək də bunu edə bilər. Amma bunun normal davranış olmadığının fərqinə varmalıdır”.
Psixoloq xəbərdarlıq edib ki, əgər fərd, intim görüntüsünü çəkməyə və yaymağa meyil duyursa, bu cür xoşagəlməz və uyğunsuz davranışı özündə müşahidə edirsə, bununla bağlı mütləq ciddi tədbir görməlidir:
“Fərqi yoxdur, istər ailə, istərsə də digər münasibətlərlə bağlı olsun. Söhbət normal olmayan davranışdan və onun qarşısının alınmasından gedir. İntim videolarını çəkərək paylaşan şəxs mütəxəssis dəstəyi almalıdır. Ən əsası, bunu xəstəlik kimi qəbul etməlidir. Anlamalıdır ki, onun davranışı normal deyil və xəstəliyi aradan qaldırmaq üçün isə dəstəyə ehtiyacı var. Ən azından tərəflərdən biri qarşı tərəfdə bu cür yanaşma görürsə, mütləq diqqətli davransın və bunun normal olmadığını qəbullansın”. //publika.az//