Sosial şəbəkələrdə Gəncə şəhərində tələbələr arasında kütləvi davanın baş verməsini əks etdirən görüntülər yayılıb. Bildirilib ki, Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranmış mübahisə kütləvi davaya çevrilib.
Hadisə ilə bağlı Modern.az-a açıqlama verən Aqrar Universitetin mətbuat xidmətinin rəhbəri Elcan Məmmədov sözügedən görüntülərin ötən ay lentə alındığını deyib.
"Hadisə noyabrın 18-də baş verib. Gəncə Olimpiya İdman Kompleksində tələbələr arasında keçirilmiş futzal oyununda kiçik anlaşılmazlıq olub. Videoya diqqətlə baxsaq, görərik ki, ciddi dava yoxdur. Tələbələrdən biri digərini itələyib, qıcıq doğuran hadisədən dolayı anlaşılmazlıq olub”, - universitet nümayəndəsi vurğulayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışı keçirilib. Bu zaman oyunçular arasında mübahisə və sıxlıq yaranıb:
"Sözügedən video ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb, lakin buna baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları videodakı tələblər ilə söhbət aparıb və araşdırma zamanı məlum olub hər hansı bir xəsarət olmayıb. Tələbələrlə profilaktiki söhbətlər aparılıb, araşdırmalar davam etdirilir".
Qeyd edilib ki, aparılan araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.