Xəzərdə suitilərin kütləvi ölüm halları artıb. Bu günlərdə Rusiya mediasında yayılan məlumatda bildirilib ki, sahildə 2 mindən çox suiti leşinə rast gəlinib. Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ölmüş suitilərin sayını hesablamağa davam edir. Qeyd olunub ki, ölü heyvanlar Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında aşkar edilib.
"Son 10 ildə suitilərin bu cür kütləvi ölümü aşkar edilməyib. Suitilərin ölüm halları aparılan monitorinqlərin nəticəsindən sonra bəlli olacaq", - deyə Rusiyanın nazirliyindən bildirilib.
Ölü suitilərə Xəzərin Qazaxıstan və Azərbaycan sahillərində də rast gəlinib. Qazaxıstan sahillərində 131, Azərbaycan sektorunda (Xaçmaz rayonu ərazisində) 17 suiti cəsədi aşkarlanıb. Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı monitorinqlər keçirilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 17 suiti cəsədi aşkar olunub.
"Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürüləcək və nəticələr barədə məlumat veriləcək", - F.Əliyev bildirib.
F.Əliyev bugünkü açıqlamasında isə bildirib ki, artıq cəsədlərdən nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Onun sözlərinə görə, mütəxəssislər tərəfindən suiti cəsədlərinin üzərində aparılan vizual müşahidələr zamanı zədə izlərinə rast gəlinməyib.
"Qırmızı kitab"a düşəcək qədər sayı azalan suitilərin kütləvi ölümü təşviş doğurur. Səbəbləri haqqında isə mütəxəssislər ciddi bir şey söyləmirlər. Suitilərin kütləvi tələfatı ilə bağlı bir çox versiyalar var. Versiyalardan biri də Rusiyanın Ukraynaya Xəzərdən atdığı raketlərin zərərli maddələrinin dənizə tökülməsi ilə bağlıdır.
Shafaqadogru.com məlumatına görə, AYNA-nın xəbərinə görə, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl hesab edir ki, suitilərin kütləvi ölümünün səbəbi Xəzər dənizi üzərindən Ukraynaya atılan "X-22" raketləri ola bilər: "Rusiya Ukraynaya qarşı apardığı müharibədə Engels şəhərində yerləşən hərbi hava limanından qalxan strateji bombardmançı təyyarələrdən atılan "X-22" və digər eyni tipli raketlərdən istifadə edir. Bunun üçün sözügedən təyyarələr Engels şəhərindən qalxdıqdan sonra Xəzərin Rusiya akvatoriyasına gəlir və raketləri oradan buraxır".
"Əslində Ukraynaya tuşlanmış raketi tərs, yəni Xəzər istiqamətindən buraxmağın bir səbəbi var: "X-22" raketinin yanacağı zəhərlidir və bu raketin ciddi problemləri mövcuddur. Belə ki, raketlərin bir qismi təyyarədən atıldıqdan sonra nasaz olduğu üçün uçmur və onlar yaşayış məntəqələrinə düşməsin deyə, dəniz üzərindən atılır. Görünür, Rusiya daha keyfiyyətli raketləri qurtardığı üçün problemli "X-22" raketlərini atmağa başlayıb və bu səbəbdən Xəzərə düşən yararsız raket sayı da artıb. Nəticədə, Xəzər də çirklənir, canlı təbiət də zərər görür”, - həkim qeyd edib.
Yeri gəlmişkən, "X-22" raketləri ilə bağlı Böyük Britaniyanın Müdafiə Nazirliyi bu yaxınlarda məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, Rusiya Ukraynaya qarşı sovet istehsalı olan "X-22" raketlərindən istifadə etməkdə davam edir. Səbəb isə Rusiya Federasiyasında dəqiq müasir döyüş sursatlarının çatışmazlığıdır.
Kəşfiyyatının məlumatına əsasən, aprel ayından bəri Rusiyanın orta mənzilli bombardmançı təyyarələri Ukrayna ərazisinə 1960-cı illərdə istehsal edilən onlarla X-22 gəmi əleyhinə raket atıb: "Rusiya çox güman, daha dəqiq müasir raket çatışmazlığı səbəbindən belə səmərəsiz silah sistemlərindən istifadə edir”. Britaniya kəşfiyyatının məlumatında raketlərin Xəzərdən atılması qeyd olunmasa da, raketlərin məhz dənizdən atılması istisna deyil. Çünki Ukrayna kəşfiyyatı dəfələrlə raketlərin Xəzərdən atıldığını açıqlayıb, bu barədə Rusiyanın heç bir təkzibi olmayıb.
DİA.AZ-ın məlumatına görə, ekoloq Telman Zeynalov AYNA-ya deyib ki, suitilərin kütləvi ölümünün səbəbləri müxtəlif ola bilər: "Təbii ki, Rusiyanın Ukraynaya Xəzərdən atdığı raketlərin dənizin canlı aləminə, fauna və florasına mənfi təsirləri var. Silahların tərkibində kimyəvi maddələr mövcuddur. O da ola bilər ki, Rusiya həmin ərazilərdə silah istehsal edir, avadanlıqların da zəhərli suyu Xəzər dənizinə axıdır. Bu isə suitilərin və balıqların ölümünə səbəb olur".
"Məndə olan məlumata görə, hazırda Xəzərin Rusiya, Qazaxıstan və Azərbaycan sektorunda araşdırma aparılır. Suitilərin ölümünün səbəbini öyrənməyə çalışırlar. Yəni hansı proseslər baş verir ki, balıqlar və suitilər məhv olur, bu araşdırılır. Güman edirəm ki, suiti cəsədlərindən götürülən nümunələr analiz edildikdən, araşdırıldıqdan sonra kütləvi ölümün səbəbi bəlli olacaq”, - T.Zeynalov vurğulayıb.
Ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya bildirir ki, Rusiya bütün canlılara qarşı terror törətməkdədir: "Əlbəttə, istisna deyil ki, suitilərin kütləvi ölümü Xəzərdən atılan raketlər səbəbindəndir. Bunu mütəxəssislər daha yaxşı bilərlər, ekoloqlar araşdırmanın dəqiq nəticələrini ortaya qoymalıdırlar. Xarici kəşfiyyatlar Rusiyanın "X-22" raketlərindən istifadə etdiyi haqqında xeyli malumatlar yayıblar. Bu raket son dərəcə köhnədir. Düzdür, silahların, raketlərin hamısı təbiətə zərər verir. Amma "X-22" raketinin istehsal yaşı az qala bir əsrə yaxındır. Belə olan halda, təbii ki, Xəzərin suitiləri də qırılar, balıqları da, digər dəniz heyvanları da".
"Ümumiyyətlə, Rusiyanın Xəzərdən Ukraynanı raket atəşinə tutması Xəzər dənizindən istifadə ilə bağlı qəbul olunmuş konvensiyalara, razılaşmalara ziddir. Hesab edirəm ki, Xəzəryanı ölkələr Rusiyaya etiraz etməlidirlər, hərbi məqsədlər üçün istifadəyə son qoyulması tələb olunmalıdır", - Ü.Cəfərov fikrini tamamlayıb.