Otuz ildən çoxdur ki, Ermənistan, eləcə də Xankəndidəki separatçılar adətləri üzrə həmişə “energetik vampir”lik edərək Azərbaycan cəmiyyətinin əsəblərini sovurublar. Ancaq Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının separatçlar tərəfindən istismarı ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət heyətin monitorinq keçirilməsinə separatçıların “sülhməramlı”larla birgə maneçilik törətməsi, artıq mövcud vəziyyətin “qısaqapanma”sı demək idi ki, o da baş verdi. İndi Azərbaycanlı ekofəalların Şuşa-Xankəndi yolunda “Ekoloji terrora son” şüarı ilə haqlı olaraq keçirdiyi aksiya bunu sübut edir.
Sözsüz ki, “sülhməramlı”ların Azərbaycana gəldiyi ilk gündən məramlarının sülh olmadığını təsdiq edən faktlar saysız hesabsızdır. Onların üçtərəfli bəyanatın 4-cü bəndinə ümumiyyətlə məhəl qoymamaları, əksinə, səlahiyyətlərini aşaraq separatçı-terrorçulara “qızıl balıq” olub istənilən arzularını həyata keçirməkdə münbit şərait yaratmaları, humanitar yardım adı ilə “ayaq vermələri” və digər qanunsuz əməlləri həmişə göz önündə olub.
Ancaq bu dəfə “sülhməramlı”ların Azərbaycan nümayəndə heyətinin qarşısını kəsən başda Ruben Vardanyan olmaqla ətrafındakı hiddətli hay kütləsini dağıtmaq əvəzinə seyrici mövqe nümayiş etdirmələri, onların separatçılarla eyni cəbhədə olduqlarını bir daha açıq şəkildə sübut etmiş oldu.
Əlbəttə, Vardanyanın Xankəndidə Moskvanın “dili” olduğu heç kimə sirr deyil. Elə bu üzdəndir ki, o, Qarabağa gəldiyi gündən “dil qəfəsə” qoymur və özünün teleqram kanalında “Artsax xalqı öz gələcəyini Azərbaycanın tərkibində görmür və bu barədə çoxdan aydın mövqeyini bildirmişdir”, - deyə rəsmi Moskvaya, eyni zamanda Qarabağda dolayısı ilə şəxsi cangüdəninə çevrilmiş Rusiya “sülhməramlı”ların komandanı Volkova güvənərək qəti mövqe nümayiş etdirir.
Onun belə arxayınlıqla danışması bir növ Paşinyanın iki il öncə “Qarabağ Ermənistandır nöqtə” deməsinə çox bənzəyir və bu, üçtərəfli bəyanatdakı 4-cü bəndin icra ediləcəyinə inamı tamamilə itirir. Bu mənada, görünür Vardanyanın başına “Bayraqdar” vurmayınca o, özünü II Qarabağ savaşından əvvəlki Paşinyan kimi aparmaqda davam edəcək.
Paşinyan demişkən, məlum məsələdir ki, Azərbaycan və ya Türkiyə rəsmiləri Ermənistanın qanunsuz əməllərinə qarşı bir söz deyən kimi, haylar o dəqiqə çox sevdikləri “soyqırım” ifadəsini dövrüyyəyə buraxırlar. Elə bunun səbəbidir ki, Paşinyan bu gün İrəvanda keçirilən “Soyqırım cinayətinə qarşı” 4-cü qlobal forumu zamanı çıxışında, guya Azərbaycanın Qarabağda üç fərqli ssenari üzrə “soyqırım” hazırladığını uydurdu.
Diqqət edin o, həyasızlıqla qeyd edir ki, “ilk ssenari Dağlıq Qarabağ ermənilərinin sadəcə öz evlərində, öz torpaqlarında yaşamaq imkanı olmadan təmizlənməsi ola bilər. Belə bir mini-modeli Dağlıq Qarabağın Hadrut rayonunda görürük ki, 2020-ci ildəki 44 günlük müharibə nəticəsində bu gün orada heç bir erməni yaşamır. Üstəlik, qeyd etməliyəm ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat qaçqınların Dağlıq Qarabağ ərazisinə və ətrafındakı rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin nəzarəti altında qaytarılmasını nəzərdə tutur. Lakin bu günə qədər hətta BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin nümayəndələri belə bu rayonlara daxil olmaq imkanına malik deyildilər”.
Əlbəttə, aktyorluq edən Paşinyan bu rolu ilə erməni həyasızlığının növbəti obrazını yaradır. Maraqlıdır, 44 günlük savaşdan qalib çıxmış Azərbaycan separatçı-terrorçu ermənilərin “sülhməramlı”ların arxasına sığınıb qanunsuz əməllərini davam etdirmələri üzündən, öz hüquqi ərazisi olan Xankəndi və ətraf rayonlara, eləcə də kəndlərə otuz ildir yurd-yuvalarından didərgin salınmış azərbaycanlıları qaytara bilibmi ki, indi 5-10 erməni Hadruta qayıtsın? Digər tərəfdən, məgər, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin Qarabağa gəlməsinə elə ilk növbədə separatçı rejim və “sülhməramlı” donu geymiş Moskva mane olurmu?
Paşinyan ikinci “soyqırım” “ssenari”sini, guya ermənilərə məxsus “toponimlərin” Azərbaycan tərəfindən dəyişdirilməsilə separatçıların “özünəməxsusluqlarını” itirəcəkləri ilə əlaqələndirir. O, Azərbaycan Müdafiə nazirliyinin son günlər Rusiya “sülhməramlı”larından Azərbaycana məxsus toponimlərin düzgün ifadə edilməsi tələbini əsas gətirərək, bildirir ki, “Bu gün Azərbaycanın Dağlıq Qarabağın toponimlərinə və tarixi-mədəni abidələrinə qarşı apardığı mübarizə bunun ən parlaq təsdiqidir”. Sözsüz ki, bununla, Paşinyan öz sürtülmüş erməni sifətini bir daha dünyaya təqdim edir. Erməbaşın uydurduğu üçüncü “soyqırım” “ssenari”sinə gəlincə isə, o, bu sırada guya, 44 günlük savaş zamanı dinc ermənilərin yaşayış məntəqələrinin və sakinlərin Azərbaycan tərəfindən bombalanması, eləcə də raket atışlarına məruz qaldıqlarını misal gətirərək separatçıların fiziki məhv ediləcəyini göstərir.
Əlbəttə, Paşinyanın uydurmalarını geniş şərh etməyə lüzum yoxdur. Çünki, Azərbaycan cəmiyyəti erməni xislətinə artıq əsrlərdir ki, bələddir. Vardanyana gəlincə isə separatçılar Qarabağı taladıqlarını açıq şəkildə çəkinmədən bəyan edir, eləcə də “sülhməramlı”lardan hər cür dəstək alaraq, üçtərəfli bəyanatın onlara aid olmadığını bildirir və onu lazımsız kağız parçası hesab edirlər. Odur ki, istər Vardanyanın özünə bu qədər arxayınlığı, istərsə də hazırda Şuşa-Xankəndi yolunda baş verənlər onu təsdiq edir ki, üçtərəfli bəyanat məhz ikiüzlü siyasət yürüdən Moskva tərəfindən pozulur.
Mübariz Azərbaycanlı, müstəqil jurnalist