Şuşa-Xankəndi yolu üzərində Azərbaycanın bir çox QHT və media nümayəndələrinin keçirdiyi aksiya davam edir. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, dünəndən etibarən Ermənistandan Qarabağa verilən təbii qazın nəqli də dayandırılıb.
Bu dayanmanın konkret səbəbi məlum deyil. Daha doğrusu, Azərbaycan tərəfi qaz kəmərində hər hansı nasazlığın olmadığını bildirib. Böyük ehtimalla qazın verilişinin dayandırılması Ermənistan tərəfindən məqsədli şəkildə həyata keçirilib. Bu da İrəvana və Qarabağdakı separatçılara beynəlxalq təşkilatlar qarşısında özlərini “əzabkeş”, “Aazərbaycanın Qrabağdakı erməniləri deportasiya etmək” kimi təqdim etməyə yarayır.
Lakin Xankəndi və ətrafında yaşanan olaylar bununla bitmir. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, dünəndən etibarən Xankəndidə, xüsusən də Ağdərə və Əsgəran şəhərlərində yaşayan ermənilər arasında çaxnaşma düşməyə başlayıb. Həmin məlumata görə, bölgədə yaşayan ermənilər yolun açılmayacağını düşünərək, özləri üçün ərzaq ehtiyatı toplamağa başlayıb. İlk iki gündə daha çox ərzaq almaq üçün bölgədəki dükanlara baş vuran ermənilər, dünən axşamdan o dərəcə panikaya düşüblər ki, artıq daha çox ərzaq əldə etmək üçün həmin dükanlara basqınlar etməyə başlayıblar.
Gələn xəbərlərdən belə anlaşılır ki, bu hadisələr nəticəsində Qarabağda fəaliyyət göstərən dükanlarında ərzaq məhsulları sürətli şəkildə azalmağa başlayıb. Prosesin qarşısını almaq üçün separatçıların etdikləri cəhdlərin də heç bir faydası olmayıb. Belə ki, onlar ermənilərə müraciət edərək, panikaya düşməməyə, Qarabağdakı ehtiyat anbarlarda xeyli miqdarda ərzaqın olması səbəbindən əndişəyə gərək olmadığını dəfələrlə bildiriblər. Bu gün səhər isə bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlıları da məsələyə qarışıblar. Yerli komandanlıq ermənilərə müraciət edərək, qorxuya və panikaya düşməyə gərək olmadığını, tezliklə dəhlizin açılacağını bildiriblər.
“Past” qəzeti isə yazır ki, rusların etdikləri müraciətdən sonra da əhali sakitləşməyib. Bu gün səhər isə Xankəndidəki bir neçə ərzaq dükanına ermənilərin hücum etdiyi faktı məlum olub.
Qeyd edək ki, Azərbaycan tərəfi dünən Qarabağda yaşayan ermənilərin humanitar problemlərini həll etməyə hazır olduğunu bəyan edib.