İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunur.
Shafaqadogru.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "TƏBİB Tibbdə müasir keyfiyyət mərhələs: real perspektivlər gələcəyə baxış" adlı hesabat konfransında çıxışı zamanı deyib.
V.Qurbanov bildirib ki, bundan başqa ixtisaslı həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir:
"Tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə 1-1.5 intervalında əmsallar tətbiq edilir. Bununla da ixtisaslı həkimlərə ödəniləcək əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edir. Eyni zamanda, ailə həkimlərinə ödənilən aylıq sabit həvəsləndirici əlavənin məbləği artırılaraq 500 manata çatdırılıb".
TƏBİB rəsmisi qeyd edib ki, həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunduğunu qeyd edib: "Səhiyyə işçilərinin əməkhaqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanır. Əməkhaqqı artımları ilə bağlı təkliflərin dəyərləndirilməsi və dəyişikliklərin edilməsi məqsədi ilə Əməkhaqqı Komissiyası fəaliyyət göstərir. Daxil olan təkliflər komissiya üzvləri tərəfindən dəyərləndirilir".