Bu il aprelin əvvəlində cəbhədə aparılan 4 günlük müharibə Azərbaycanın gücünü Ermənistana göstərdi. "Aprel döyüşləri” Ermənistanın sarsıdıcı zərbə alması ilə nəticələndi. Bu vəziyyət Ermənistanın havadarlarını da ciddi şəkildə narahat etdi və döyüşün dayandırılması üçün Azərbaycana təzyiq göstərildi. Ermənistan "aprel döyüşləri”ndən ciddi dərs aldı. Düşmən anladı ki, havadarlarının köməyi olmadan Azərbaycana tab gətirə bilməz.
Azərbaycan yenidən müharibəyə başlasa necə olacaq? Müharibəyə hazırıqmı?
Məsələ ilə bağlı Milli qəhrəmanlar Modern.az-a danışıblar.
Milli Qəhrəman Vahid Quliyev bildirib ki, "aprel döyüşləri”ndə ermənilərə verilən dərs onların yaddaşından heç vaxt silinməyəcək:
"Döyüşlər yenidən başlasa, hər bir Azərbaycan gənci və o cümlədən keçmiş hərbçilər müharibəyə getməyə hazırdırlar. Onların sırasında da birinci mən hazıram. "Aprel döyüşləri” ərəfəsində mən könüllü olaraq cəbhə bölgəsinə getdim. Çünki orada gənclərlə bərabər təcrübəli hərbçilərə də ehtiyac vardı. Ordumuza dəstək vermək hər birimizin borcudur. Hesab edirəm ki, Azərbaycan ordusu yüksək döyüş qabiliyyətinə malikdir. Bəzi məlumatlar yayılır ki, Ermənistan "İsgəndər-E” operativ taktiki silahına malikdir. Bu silahın Ermənistanda olması heç nəyi dəyişmir. Ermənistan "İsgəndər-E” silahı almaqla Azərbaycan Ordusunun qarşını alacaq gücdə deyil. Hazırda Ermənistanda həm siyasi, həm də iqtisadi böhrandı. İşğalçı ölkə bu cür vəziyyətdə Azərbaycan Ordusunun qarşısına çıxıb heç nə edə bilməz. Döyüş yenidən başlasa və Azərbaycanın irəliləməsinə mane olacaq qüvvələr çəkilsə, qısa bir müddətdə torpaqlarımızı işğaldan azad edə bilərik”.
Milli Qəhrəman Sahil Məmmədovun sözlərinə görə, əgər müharibə yenidən başlarsa, tərəddüd etmədən cəbhəyə yollanacaq.
"Azərbaycanda hamı istəyir ki, döyüş başlasın, gedib torpaqlarımızı işğaldan azad edək. "Aprel döyüşləri” zamanı millətimiz birlik nümayiş etdirərək, ordumuza dəstək verdi. 23 ildən artıqdır torpaqlarımız işğal altındadır, ona görə də hamı döyüşün başlamasını arzulayır. Torpaqlarımızı işğaldan azad etməyə hamılıqla hazırıq. "Aprel döyüşləri” zamanı ordumuz Ermənistan ordusuna ağır zərbələr vurdu. Bu döyüş Ermənistanda böyük qorxuya səbəb oldu. Onlar gördülər ki, Azərbaycan işğal olunmuş ərazilərini asanlıqla geriyə qaytarmaq gücündədir. Yenidən müharibə başlasa, Azərbaycan ordusu işğal olunmuş ərazilərimizi bir neçə saata azad edə bilər”.