Naxçıvan şəhərindəki Talıbovlara məxsus obyektlərin onların əlindən alındığı bildirilir. Bura "Koton", "Karaca", "English Home" dükanları və bir sıra qızıl sexləri daxildir. Həmin dükanların tez boşalması üçün, içəridəki əşyalar müştərilərə 70-80 faiz endirimlə satılır. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Bu səbəbdən, həmin dükanların önündə uzun növbələrin yarandığı bildirilir.
Şərur rayon sakini Arzu Fərəcov deyir ki, endirim haqda gec xəbər tutduğu üçün, malların sonuna gəlib çıxıb:
“Şəhərin mərkəzində olan, geyim malları satılan “KOTON” mağazası iki gündür ki, mallarını dəyər dəyməzə satır. Biz rayonda yaşayırıq deyə, gec xəbər tutduq. Yenə də dükanın qarşısında növbələr var idi. Bu mağazada bahalı firma malları satılırdı. İndi isə, bu malları çox ucuz qiymətə ala bildik. Əvvəl 80-100 manata satılan malları indi 10-12, uzağı 20 manata almaq olur. Malların sonu idi deyə, çox da fərli şeylər qalmamışdı. Dükanlara hər tərəfdən polis nəzarət edir. Dedilər ki, bu dükanların yerində başqası açılacaq".
Naxçıvan şəhər sakini Məlahət Cavadova deyir ki, bir neçə dükandan münasib qiymətə xeyli məhsul ala bilib:
"Talıbovlara məxsus saat meydanı mağazaları, “Karaca”, English Home”, “Koton” dükanlarında xeyli alver etdik. Uzun növbələr hələ də davam edir. Adam əlindən tərpəşmək olmur içəridə. Mallarına endirim edərək, dəyər dəyməzinə satırlar, nəzarətsiz qalıb. Alan alır, bəzən də malları yerə, ayaq altına atıb, gedirlər. Şüşə qablar olanda isə əllərindən salıb sındıranlar da olur".
Məlumata görə, Talıbovlara məxsus qızıl dükanları və sexləri də bağlanıb, içəridəki əşyalar müsadirə olunub. Bu dükanların birində satıcı işləmiş M. Ağayev deyir ki, Vasif Talıbovun istefa xəbərindən bir neçə saat sonra, tanımadığı şəxslər mağazaya gəlib, qızılları yığıb, aparıblar:
“İki gün əvvəl dükanlarda olan qızıl məmulatlarının hamısını tanımadığımız adamlar yığıb apardılar. Ondan sonra bu dükanlar bağlı qalıb. İşimiz əlimizdən çıxdı. Bu dükan və sexlər Vasif Talıbovun qızı Baharxanımın idi”.
Sakinlər deyir ki, şəhərin çıxacağında, hava limanına gedən yolun üzərində yerləşən nəhəng, iki mərtəbəli “Cahan AVM” satış mərkəzi də Talıbovların əlindən alınıb. Oradakı malların da müştərilərə çox ucuz qiymətə təklif ediləcəyi bildirilir.