Əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz yazır: “Culfa rayonunda pis yola cəlb olunaraq "xanzadə" Seymur Talıbova hədiyyə edilən, daha sonra Seymur tərəfindən akademikbaşı "Pəncov" İsanın oğlu Səhətə satılan, hazirda Həbibbəylilərə aid obyektlərindən birində çalışdırılan Güneyin (ad şərtidir) atası ilə görüşdüm.
Söhbətimiz zamanı məlum oldu ki, Culfada qadın ticarətinin yeganə qurbanı Güney deyilmiş. Bəzi kəndlərdə də gənc qızlar bu qədim peşə "sənətkar"larının qurbanı olub və bütün qurbanların valideynlərini susdurmaq üçün eyni metoddan istifadə edilib: qızlardan öz atalarının təcavüzünə məruz qaldıqlarına dair ifadə alınıb, valideynlər isə ictimai qınaqdan çəkinərək baş götürüb Naxçıvandan qaçıblar. Beləcə qızları pezəvənglərin (Azərbaycan şivəsində bu ifadənin qarşılığı daha ağır olduğundan biz Türkiyə variantını seçdik) əllərində əsirə çevrilib, özləri isə qürbətdə baş gizlətməyə çalışıblar.
Güneyin atasını rayonda baş verən bu cinayətlərin qarşısını almaq, başqa ailələri bu təhlükədən qorumaq üçün məsələni ictimailəşdirməyə, televiziya ekranlarına çıxıb başına gətirilən oyunlar barədə açıq danışmağa çağırdım. Bilirdim ki, bu dəvətim onun üçün çox ağırdır, amma Talıbovların, Həbibbəylilərin, Siyam Hacıyevlərin pezəvənglik biznesinin qarşısını almağın başqa yolunu da görmürdüm. Üstəlik, Güneyə sahib olmaq naminə onun atasının bədnam edilmiş adını qurtarmağın da ən optimal yolu bu ola bilərdi”.
Bu olayla bağlı bütün təfərrüatları şərti adı Güney olan qızın atası İlqar Cabbarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. / Musavat