“Bu il Rəqabət Məcəlləsinin qəbul edilməsi böyük bir hadisə olar”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib. Onun sözlərinə görə, antiinflyasiya tədbirlərinin görülməsi üçün məcəllənin qəbul olunması önəmlidir. Ə.Məsimli bildirib ki, xüsusilə dərmanların bahalaşması ailə büdcəsinə güclü zərbə vurur:
“İqtisadi komitə bununla bağlı sanballı sənəd hazırlayıb. Sənəddə təkliflər var. Keçən dəfə deputat Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəyəm. Türkiyədə qiyməti 3,2 manata olan dərman Azərbaycanda 39,4 manata satılır. Bunun qarşısını Rəqabət Məcəlləsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”.
Qeyd edək ki, vətəndaşlar son vaxtlar ölkədə satılan dərmanların qiymətlərində yüksək artımın olmasından narazıdırlar. Həqiqətən də digər bir ölkədə daha aşağı qiymətə olan dərmanın Azərbaycanda iki dəfə baha qiymətə satıldığı deyilir. Bu gün ölkədə bir sıra məhsulların qiymətinin əsasən Tarif Şurası tərəfindən tənzimləndiyi bəllidir və bu qiymətlər heç də ucuz deyil. Bununla yanaşı, apteklərdə də əlavə artımların olması istehlakçıları daha da narazı salır. Bəs bu kimi hallara qarşı İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müdaxilə oluna bilərmi və bu istiqamətdə hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması qadağandır. Bu xətalara yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsində müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulub:
“Dərman vasitələrinin tənzimlənən qiymətləri haqqında məlumatı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsindən (http://www.tariffcouncil.gov.az/?/az/content/177/) əldə etmək mümkündür.
İstehlakçılar aldıqları dərman vasitələrinin qiymətlərini siyahıda göstərilmiş qiymətlərlə müqayisə edə bilər və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən fərqli qiymətlərə satılması halları ilə qarşılaşdıqları zaman dərman vasitəsinin alışını təsdiq edən kassa çeki və dərman vasitəsi haqqında zəruri məlumatları (dərman vasitəsinin istehsalçısı, ticarət adı,farmasevtik forması, qablaşdırması və s.) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edə bilərlər”.
Cebhe.info