"İran Vətən müharibəsindən sonrakı reallığı həzm edə bilmir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi şərhçi Fuad Çıraqov deyib. Politoloq qeyd edib ki, bu gün Azərbaycan tamam başqadır:
"Bu, qalib gəlmiş Azərbaycandır. İranda yaşayan soydaşlarımıza ümid verən bir Azərbaycandır. Vətən müharibəsindən əvvəlki dövrlərdə İran rəsmiləri eyhamlarında və yaxud da müxtəlif şəhərlərindəki İmam cümələrinin çıxışlarında deyirdilər ki, "siz özünüzə dövlət qura bilməzsiniz, torpaqlarınızı işğaldan azad edə bilmirsiniz". Yəni, İrana bu cür Azərbaycanın qalmağı sərf edirdi. Güneydəki azərbaycanlılara da göstərirdilər ki, belə Azərbaycan istəyirsiniz?! Azərbaycanın belə güclü olmasını isə İran həzm edə bilmir".
Politoloq qeyd edib ki, Azərbaycan daima İranla normal münasibətlər qurmağa çalışıb:
"Hətta, 2020-2022-ci illərdə İranla ixracımızı 58 faiz artırmışıq. Bu cür sanksiyalar, məhdudiyyətlər çərçivəsində İran hansı ölkə ilə belə ticari əlaqələr qurub? Yəni, Azərbaycan istənilən şəraiti yaradırdı ki, münasibətlər normal davam etsin. Ancaq görünən odur ki, İran iqtisadi və geosiyasi maraqlar prizmasından baxmır. Sadəcə "Azərbaycan" sözünün mövcudluğuna görə bunu təhdid kimi görürlər. Azərbaycan səbr və təmkinlə İranı qıcıqlandırmamaq üçün uzun illər hər şey edib. Onlar isə əksinə, bu müddətdən istifadə edərək xərçəng kimi öz təsir imkanlarını artırdılar. Biz isə buna göz yumduq".
F.Çıraqov bildirir ki, təkcə Urmiya gölünə edilən ekoloji fəlakət nəticəsində 10 milyon insanın həyatına birbaşa və dolayı yolla təsir ediblər:
"Yüzlərlə kənd Urmiya gölü ətrafında boşaldılıb və yüz minlərlə insan İranın başqa şəhərlərinə köçürdülüb. Onların ana dilində təhsil almasına imkan verilməyib. Bu, təkcə Azərbaycan türklərinə edilən zülm deyil. Bu, İran dövlətinin mahiyyətidir, şah dövründə də belə olub. İranda bu rejim həddindən artıq antihumanist, qəddar rejimdir. Bu yaxınlarda etirazçı azərbaycanlı hamilə qadını asdılar. Yəni, nəyəsə etirazını bildirmiş qadını asırlar. Ancaq Azərbaycan səfirliyinə hücum edən terrorçunu dəlixanaya salırlar. Hesab edirəm ki, bu zülm çox çəkə bilməz".