Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxınlığı ilə seçilən şəxslərin “vurulması” davam edir. V. Talıbovun istefa verməsindən dərhal sonra Naxçıvan Dövlət Universitetinin prorektoru olan oğlu Seymur Talıbov tutduğu postdan könüllü şəkildə imtina edib. Ötən həftə isə Vasif Talıbovun Naxçıvan prokurorunun müavini olan qardaşı Məhərrəm Talıbov sərəncama göndərilib. Talıbovların daha bir nümayəndəsi – Dövlət Miqrasiya Xidmətində idarə rəis vəzifəsində çalışan Rza Talıbov da yol üstdədir. General Talıbovun uzunmüddətli məzuniyyətə göndərildiyi barədə xəbər rəsmən təsdiqlənib. Məlumatlı şəxslər isə oğul-Talıbovun məzuniyyətinin bitməyəcəyini iddia edirlər. Onların qənaətinə görə, Rza Talıbov əmisi Məhərrəm Talıbovun aqibətini yaşayacaq. Məzuniyyət müddəti başa çatndan sonra gənc generalın da, əmisi kimi, sərəncama göndəriləcəyi bildirilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, “təmizləmə əməliyyatı” təkcə Talıbovların sıradan çıxarılmasıyla yekunlaşmayacaq. Bu prosesin həm Naxçıvanda, həm də Bakıda Vasif Talıbova yaxınlığı ilə tanınan bütün məmurları əhatə edəcəyi vurğulanır. Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq talıbovçuların siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Həmişə Vasif Talıbovun adamı olmasıyla öyünən 69 yaşlı icra başçısının yaxında yola salınacağı gözlənilir. Mənbə deyib ki, Zakir Fərəcovun fəaliyyətindən narazılıq son vaxtlar onsuz da geniş vüsət almışdı. Yəni qocaman icra başçısının “vurulması” gözlənilən idi. Sadəcə, Vasif Talıbovun qəfil istefası bu prosesi daha da sürətləndirdi.
Yeri gəlmişkən Sumqayıtdan seçilən deputatlardan birinə istinadən bir müddət öncə mediada maraqlı bir məlumat yayılmışdı. Adının çəkilməsini istəməyən deputat deyib ki, Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə çoxsaylı şikayətlər daxil olub: “Həmin şikayətlər ətrafında araşdırmalar başlanılıb. Bu şikayətlər təsdiqini taparsa, Zakir Fərəcovu da həbs edilən digər icra başçılarının taleyi gözləyəcək”. Yeri gəlmişkən icra başçısının avtomobilinin tez-tez DTX yolunda göründüyü deyilir.