“Tərtər işi” ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş altı nəfər - Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə istintaq orqanının vəsatətinə baxılıb.
Bakı Hərbi Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
İş üzrə daha əvvəl həbs olunmuş 4 nəfərin cinayət işi ilə bağlı ibtidai istintaq başa çataraq, baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham verilərkən barələrində həbs qətimkan tədbiri seçilib.