Şəfəqə Doğru » Manşet » “Zəlzələ ərazisindəki seçici sayı Türkiyədə seçkilərin nəticələrinə yetərincə təsir edəcək...”

“Zəlzələ ərazisindəki seçici sayı Türkiyədə seçkilərin nəticələrinə yetərincə təsir edəcək...”

“Zəlzələ ərazisindəki seçici sayı Türkiyədə seçkilərin nəticələrinə yetərincə təsir edəcək...”
“Lakin müxalif tərəf, təbii ki, seçkilərin təxirə salınmasını istəməyəcək. Fürsətdən istifadə etməyə çalışacaqlar...”
 
Türkiyədəki çoxsaylı insan itkiləri ilə nəticələnmiş dəhşətli zəlzələdən sonra cəmiyyəti narahat edən məsələlərdən biri də prezident və parlament seçkilərinin təxirə salınmasıdır. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ yanvarın 22-də ölkədə keçirləcək prezident və parlament seçkilərinin vaxtını rəsmən elan edib. O,  həmin gün Bursada gənclərlə görüşdə seçkilərin mayın 14-də olacağını bəyan edib.
 
Hazırda Türkiyədə prezident və parlament seçkilərinin iyunun 18-dən gec bir müddətə təxirə salınması üçün qanunvericilik imkanları mövcud deyil.
 
Məlumata görə, seçkilərin qanunla ciddi şəkildə müəyyən edilmiş iyunun 18-dən daha gec tarixə təxirə salınması üçün konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zəruridir. Türkiyə Mərkəzi Seçki Komissiyası hazırkı vəziyyətdə səsvermənin daha sonrakı tarixə təxirə salınmasına qərar verə bilməz.
Bundan başqa, hakim partiya ilə ittifaqda olan Milliyyətçi Hərəkat Partiyası seçkilərin iyunun 18-dən sonra keçirilməsinə mənfi yanaşır. Müxalif İyi Partiya da bu variantı məqbul hesab etmir.
 
Bildirilir ki, əsas partiyaların liderləri, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, əksər nazirlər tədricən zəlzələ bölgəsindən Ankaraya qayıdırlar və orada seçki təqvimini müzakirə etməyə davam edəcəklər.
 
Qeyd olunur ki, hazırda gündəmdə iki tarix qalıb - 18 iyun və 14 may.
 
Digər tərəfdən, “TGRT” kanalının bu günlərdə yaydığı məlumata görə, müxalif Cümhuriyyət Xalq Partiyasının dəhlizlərində söz-söhbətlər dolaşır ki, guya Prezident Tayyib Ərdoğan seçkiləri ən azı 1 il təxirə salacaq.
Lakin Türkiyə Respublikası Konstitusiyasının 78-ci maddəsinə görə, seçkilərin təxirə salınması üçün yeganə istisna müharibə vəziyyətidir.
 
Mövzu ilə bağlı Moderator.az- açıqlama verən Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov bunları söyləyib:
 
“Bu, mümkün variantlardan biridir. Lakin mövcud Türkiyə Ana Yasası-konstitusiya hələki buna imkan vermir. Belə ki, yalnız müharibə vəziyyəti olan halda seçkilər təxirə salına bilər. Yəni belə siyasi tədbirlərin təbii fəlakət, zəlzələ və s. ilə bağlı təxirə salınması nəzərdə tutulmur. Ancaq hökumət Ana Yasada dəyişiklik edə bilər. Ən azı buna cəhd edə bilər. Onu da nəzərə alaq ki, zəlzələ baş vermiş Türkiyə ərazisində seçici sayı kifayət qədərdir. Bu say təxminən ölkə seçicilərinin altıda birini təşkil edir. Bunun da seçkilərin nəticələrinə kifayət qədər təsiri olacaq.  Lakin müxalif tərəf, təbii ki, seçkilərin təxirə salınmasını istəməyəcək. Fürsətdən istifadə etməyə çalışacaqlar. Hələki proses yavaş-yavaş gedir. Bir azdan ölkədə yas dövrü bitəndən sonra müəyyən qəti tələblərlə də çıxış edəcəklər. Bir sözlə, seçkilərin təxirə salınması dediyim kimi, mümkün variantlardan biridir. Ancaq iqtidarın bunun qanuni tərəfini necə sənədləşdirməsi məsələsi problem olaraq qalır...”