Varisi olmayan əmlak bələdiyyələrə keçməyəcək.
Shafaqadogru.com Sonxeber.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak bələdiyyə əmlakının yaranması mənbələri sırasından çıxarılır.
Qeyd edək ki, vərəsəliklə bağlı əsas tənzimləyici sənəd olan Mülki Məcəllədə varisi olmayan əmlakın bələdiyyələrə keçməsi halı nəzərdə tutulmayıb. Məcəllənin vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi adlanan 1165-ci maddəsi bu məsələləri aşağıdakı kimi tənzimləyir:
- əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir;
- əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olmuşdursa, bu halda həmin şəxslərə məxsus daşınar əmlak sosial xidmət müəssisələrinin mülkiyyətinə keçir.
Bu səbəbdən "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" qanunun 3-cü maddəsinin (Bələdiyyə əmlakının yaranması mənbələri) birinci hissəsinin beşinci abzasının ləğvi (varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak) təklif olunur.
Qeyd edək ki, bu müddəanın ləğvi hüquqi baxımdan bələdiyyələrin vəsiyyət üzrə əmlak əldə etmək imkanını aradan qaldırmır. Belə ki, qanunun 3-cü maddəsinin birinci hissəsinin altıncı abzası ilə "bələdiyyələrə vəsiyyət edilən əmlak" bələdiyyə əmlakının yaranması mənbələrindən biri kimi təsbit edilib.