Bizdən əvvəl buralar haqqında yazmayanları, zəhmət çəkib gələcək nəsillərə 3-5 sətir qeyd buraxmayanları çox qınamışam- qınayıram.
Heçmi birinin, ikisinin yazmağa macalı olmayıb?! Axı bu çox evli, çox adamli kənddə hamı savadsız ola bilməzdi. İçlərində yazmağı-oxumağı bacaranlar olub (olub hər halda). Həftədə, ayda 3-5 cümlə yazsalardı nə olardı?! Özündən , ailəsindən,qohum-əqrəbasından, kəndindən,şəhərindən,işindən və s. azacıq bəhs etsələrdi. Daha canlı qalmazdılarmı?! Daha faydalı olmazdılarmı?! Biz də həvəslə oxusaydıq,dönə-dönə,təkrar-təkrar vərəqləsəydik Bizdən Əvvəlkilər-i. Sonrakılara üç-beş ağızda dolaşan hekayələrdən, bir də qəbir yerlərindən başqa onları tanıdası heç nə buraxmadılar. Yazmadılar.
Doğulub, böyüdüyüm kənd- Daş Salahlı …Gah 300 il,gah 400 il yaşı var deyirlər. Üstəgəl, başının üstündəki Avey dağda yerləşən mağaralarda 100 min il əvvələ aid yaşayış izləri tapılmış bir kənddən danışıram. 26 yaşıma qədər bu kənddə davamlı yaşadım,min bir hekayəsinə, min bir əhvalatına qulaq şahidliyi etdim. Ancaq, yazılı bir kitabına, dəftərinə rast gəlmədim. Tək bir dəftərçə də yoxdur. 11 min nəfərə yaxın əhalisi var. Bir şəhər sayılır. Bəs bu qədər adam birdən-birə yaranmadı ki. 100 il əvvəl 3 min idi bəlkə, ya 5 min idi. Ondan əvvəl min idi, 800 idi, hər nə isə. Bəs niyə birciyi çıxıb 20 səhifəlik bir yazı yazmadı? Kəndin ilk "daş qoyanı"ndan,"daş salanı"ndan, ağasından bəyindən, rəiyyətindən, nökərindən,sayından, ölçüsündən yazmağı niyə özlərinə borc bilmədilər görəsən? Heçmi “bizdən sonra gələnlər nə biləcəklər” sualını özlərinə vermədilər? Mümkün deyil ki, belə böyük bir kənddə yazı-pozu bilən bircə nəfər də olmayaydı. Amma həqiqət budur ki, yazmadılar,sonrakılara ötürmədilər. İndi hər kəs oxuyardı. Daha dəqiq ,daha müfəssəl məlumatlar olardı, danışanda havadan atıb-tutmaq olmazdı,söykənməyə faktlar olardı.
İndinin özündə necədir bilmirəm, qulağım səsdə, gözlərim daim axtarışdadır .Sağ olsunlar, yaxın tariximizdə Akif Aşırlı (baş redaktor,həmkəndlimiz), İsmayıl Umudlu (tədqiqatçı-jurnalist) və Şəmistan Nəzirlidən (jurnalist) başqa Daş Salahlı kəndi haqqında ətraflı yazı yazan rastıma çıxmadı. Ancaq, elə indi də, kənd haqqında dərin məlumatlara sahib olan xeyli adam yaşamaqdadır. Onları danışdıran və yazan olsa, onlar da bildiklərini “sonrakılar”a ötürmək istəsələr gələcək nəsillər üçün ortaya əvəzsiz əsərlər çıxar.
Hər dəfə rəhmətlik Mehdi Hüseynin yazdığı hekayələrini oxuduqca azacıq paxıllıq dolur adama. Adının yanına “bəy-nişan” yarlığı asılmış bir kəndin,həm də Gəncəbasarda 3 ən böyük kənddən biri olan bir kəndin 100-200 il əvvələ aid kitabı, yazısı olmasın.Axı burada nələr yaşanıb?! nə ömürlər gəlib-gedib,neçə həyatlar ötüb?! Hanı onlardan geriyə saxlanılanlar?
Kaş yazan olsaydı. Oxuyub bilsəydik. Sonra biz də Sonrakılara yazsaydıq.
Nicat Novruzov