Xəbər verdiyimiz kimi, İran prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək.
Bu səfərdən gözləntilər nələrdir? Türkiyə-İran münasibətləri hazırda hansı səviyyədədir?
Türkiyəli politoloq Hüsamettin İnaç bildirib ki, Türkiyə-İran münasibətləri tarix boyunca gərgin olub. İran xüsusilə 1979-cu il inqilabından sonra Türkiyəni ən böyük rəqibi kimi görür.
Politoloq vurğulayıb ki, Türkiyənin hər bir uğuru İranın bölgədə məğlubiyyəti kimi qəbul edilir:
"İran həmişə fars, Şərq hiyləgərliyi siyasəti aparıb. Üz-üzə aparılan danışıqlarda Türkiyənin prioritetlərini başa düşən, onunla birlikdə hərəkət edəcək kimi görünsə də, arxadan Türkiyənin düşməni olan ölkələrlə çox ciddi münasibətlər qurur. Molla rejimi İslam ölkələrini parçalamaq və onları yox etmək istəyir. İran Türkiyəni arxadan vurmaq siyasətindən heç vaxt vaz keçməyib. İran heç vaxt Türkiyənin xeyrinə olan siyasətə imza atmayıb. Xüsusilə 2016-cı ildən PKK-nın Türkiyə torpaqlarına sızmasına şərait yaradan ən böyük aktor 3 yanvar 2020-ci ildə öldürülən Qasım Süleymani olub. İranın PKK və digər terror qruplaşmaları ilə çox sıx münasibətləri var. İran "Haşdi Şabi" üzərindən İraqı, "Bədr Briqadası" ilə Suriyanı, "Hizbullah"la Livanı, "Husilər" üzərindən Yəməni nəzarətdə saxlayır. İran Türkiyənin bölgədəki varlığından olduqca narahatdır".
Siyasi şərhçi bildirib ki, İran Əsəd rejimi ilə münasibətlərin normallaşmasına doğru addımlar atır:
"Türkiyə isə bu addıma qarşıdır. Ukrayna müharibəsi ilə başı bəlada olan Rusiya Tartus və Hmeymimdəki hava-dəniz-quru qüvvələrini qorumaq, status-kvonu xüsusilə Fəratın qərbində davam etdirmək üçün Türkiyənin Əsəd rejimi ilə münasibətlərini normallaşdırmasını şərt qoyub. Türkiyə bu istiqamətdə müsbət impulslar ötürür. Amma mən bu addımların müsbət nəticə verəcəyini düşünmürəm. Türkiyənin öz ölkəsini İrana, ABŞ-a və Rusiyaya peşkəş edən, onu parçalayan, xarici qüvvələrin işğalına açan Əsəd rejimi ilə dialoqa getməsi nə fayda verə bilər?
Digər tərəfdən, hesab edirəm ki, İran, Suriya rejimi, Rusiya və Türkiyə bir araya gəlsə, Fəratın şərqindəki Amerika varlığını təhdid edəcək bir güc formalaşa bilər. Amma Bəşər Əsəd rejimi terrorçularla işbirliyi aparır. O, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna terrorçu qüvvə gözü ilə baxır. Bu baxımdan Türkiyənin Əsəd rejimi ilə münasibətlərinin normallaşacağı görünmür. Ən pisi də odur ki, Fəratın qərbində Rusiyanın çəkildiyi torpaqlara İran yerləşir. Dolayısı ilə bu gün xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam edən, daha əvvəl müdafiə nazirlərinin Moskvada bir araya gəlməsi ilə başlayan normallaşma prosesinin yeni mərhələyə doğru getdiyini görürük".
"Rəisinin Türkiyə səfəri İran-Azərbaycan münasibətlərinə təsir edə bilərmi" sualına Hüsamettin İnaç belə cavab verib:
"Türkiyə tamamilə Azərbaycanın lehinə müzakirələr aparacaq. İran Qarabağ müharibəsinin başlanğıcından etibarən Azərbaycana qarşı düşmən mövqe sərgiləyir. 30 illik işğal dövründə Azərbaycanın ərazi bütövlüyü məsələsini bir dəfə də olsun gündəmə gətirməyən İran "Ermənistanın ərazi bütövlüyü qırmızı xəttimizdir" deyir. 44 günlük müharibə zamanı və savaşdan sonra İran Cənubi Azərbaycan üzərindən Ermənistana çox böyük dəstək verib. İran Zəngəzur dəhlizinin açılmasını, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını qəti şəkildə istəmir.
İran Türkiyənin türk dünyasına nüfuzunu özünün siyasi, iqtisadi, diplomatik məğlubiyyəti kimi görür. Dolayısı ilə öz zəhərini səpmək üçün əlindən gələni edəcək.
İran-Azərbaycan münasibətləri öz tarixinin ən gərgin dönəmindədir. Azərbaycanı ona qarşı İsraillə birləşməkdə günahlandıran İran Azərbaycanın öz siyasətində nə qədər haqlı olduğunu çox gözəl bilir. Əgər Türkiyə İranla mənfəətə əsaslanan ortaq nöqtə tapa bilsə, bunun İran-Azərbaycan münasibətlərinə müsbət yöndə təsiri və xüsusilə Ermənistanla sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması gözləntilərimiz arasındadır. Fikrimcə, küncə sıxışdırılan İran bu şərtləri qəbul edə bilər". /Moderator