Ekspertin sözlərinə görə, Azərbaycana mal-qaranın gətirildiyi ölkələrdə də bahalaşma var
Bakı bazarlarında mal və qoyun əti bahalaşıb. Bir neçə gündür ki, market və qəssabxanalarda ətin 1-1.5 manat bahalaşması ilə bağlı xəbərlər yayılır. "Yeni Müsavat” qəzetinin müxbiri ətin nə qədər və hansı səbəbdən bahalaşdığını öyrənmək üçün bazarlarda araşdırma aparıb.
Qeyd edək ki, hazırda qəssabxanalarda mal ətinin kiloqramı 9 manata, 9 manat 50 qəpiyə, sümüksüz mal əti isə 11 manat 50 qəpiyə satılır. Qoyun ətinin kiloqramı isə 10 manat 50 qəpikdir.
Nizami rayonundakı "Rahat” marketdə ətin kiloqramı sümüklü-sümüksüz olmasına, heyvanın hansı hissəsinə aid olmasına görə, 8.50 manatla 12 manat arasında dəyişir. Qoyun ətinin kiloqramı isə 10.45 qəpikdir.
Marketin yaxınlığında yerləşən qəssabxanalarda isə mal ətinin kiloqramı 9 manat 50 qəpiyə, qoyun ətinin kiloqramı 10 manat 50 qəpiyədir. Sümüksüz ət 11 manat 50 qəpik təşkil edir.
Satıcılarla ətin bahalaşmasının səbəbləri haqqında danışarkən məlum oldu ki, son zamanlar Gürcüstandan, Dağıstandan ölkəyə iri və xırda buynuzlu mal-qara idxalı dayandırılıb: "Bunun səbəbləri bəlli olmasa da, daxili bazarda ciddi heyvan qıtlığı yaranıb. Əvvəllər bazarda heyvan dolu olardı. İndi bazar sanki ölüb. Gürcüstandan gələn mallar Azərbaycan bazarını canlandırırdı. İndi mal-qara gətirilmir. Yerli istehsal isə daxili tələbatı ödəmədiyindən ətin qiyməti qalxıb. Səbəblərdən biri də heyvan yemlərinin qiymətinin artmasıdır. Heyvanı saxlayan yemi o qədər baha alır ki, xərci borcunu ödəmir”.
Satıcılar həmçinin bu durumun alıcılığa ciddi təsir etdiyini vurğuladılar: "Bizim qazancımız da kəskin azalıb. İnsanlar elə bilməsin ki, əti baha satıb daha çox qazanırıq. Əvvəl əti ucuz alıb, daha çox satırdıq və gəlirimiz də çox olurdu. İndi baha alırıq və üzərinə daha az gəlir faizi qoyuruq ki, insanları qorxutmayaq. Əvvəllər bir dəfəyə 4-5 kiloqram ət alanlar indi bir kiloqram, yarım kiloqram ət alır. Tələbat azalsa da qiymətlərin düşməsi gözlənilmir. Çünki həm mövsümi amillər, həm də qıtlıq bahalaşmada əsas rol oynayır”.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Qubad İbadoğlu "Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ətin bahalaşması gözlənilən idi: "Mən bununla bağlı aylar öncədən proqnoz vermişdim ki, bu son bahalaşma deyil, növbəti aylarda yenidən bahalaşma olacaq. Səbəb odur ki, iribuynuzlu mal-qaranı ölkəyə diri formada gətirirdilər. Hazırda mal-qara idxalında ciddi şəkildə azalma var. Bu da bazarda təklifin azalmasına gətirib çıxarıb. İdxalın azalması isə ixracatçı ölkələrdəki vəziyyətlə bağlıdır. Orada qiymətin artması Azərbaycana heyvan idxal edənlərin bu işdən imtina etməsinə səbəb olub, qiymət baha olduğundan onlar artıq əvvəlki kimi qazana bilmirlər. Rusiyada və Gürcüstanda qiymətlərin artması, həmçinin idxala tətbiq olunan gömrük rüsumlarının artması, rəsmi ödənişlərin əvvəlki qeyri-rəsmi ödənişlərdən daha çox olması, bu səbəbdən gəlirlərin azalması son nəticədə ət və ət məhsullarının bahalaşmasına gətirib çıxartdı. Düzdür, bu yeganə amil deyil. Ancaq ən böyük amil ondan ibarətdir ki, ixracatçı ölkələrdə mal-qaranın bahalaşma prosesi gedir. O baxımdan bahalaşma gözlənilən idi.
Daxili bazarda da qiymət artımı var. Xüsusən bir sahədə baş verən artım digər sahələrə də tətbiq olunur. Məsələn, növbəti aydan yeni gömrük rüsumları tətbiq olunacaq, quş ətinin hər kiloqramına 1 dollar əlavə rüsum tələb olunacaq. Quş əti 5 manata qədər bahalaşsa, heç kim mal ətini gətirib 8 manata satmayacaq. Yəni quş əti bazarındakı bahalaşma mal əti bazarının bahalaşmasına təsir göstərir. Mal əti bazarındakı qiymət artımı isə qoyun ətinin bahalaşmasına səbəb olur. Bazarda bu ət növləri arasındakı qiymət fərqi hər zaman qorunub. Mal əti quş ətindən, qoyun əti isə mal ətindən baha olmalıdır. Bu səbəbdən birinin bahalaşması digərini də bahalaşdırır.
Bu baxımdan, həm mövsümi amillər, həm gömrük rüsumlarının artması, həm idxalın azalması sonda buna gətirib çıxartdı. Bu il ölkə daxilində ən az bahalaşmaya məruz qalan məhsul ət idi. Ucuz mal və qoyun əti kifayət qədər tələbat yaratmışdı, bunun əksinə olaraq ölkədə kifayət qədər istehsal yox idi. Bir də yeni bir dalğa yaranıb ki, heyvandarlıq təsərrüfatlarını ləğv edirlər, onun yerində pambıqçılıq, tütünçülük təsərrüfatları yaradırlar. Mənim fikrimcə, bu da prosesə təsir edəcək və bahalaşma bundan sonra da olacaq.
Yemin bahalaşması da qiymət artımına gətirib çıxarır. Yay aylarında yaşıl yem olduğu üçün samanın, otun qiyməti ucuz olur.
Mövsümi amillərin təsiri ilə yemin qiyməti də artır. Qüvvətli yemlər, silos ümumiyyətlə bahadır. Ot payız aylarında yaya nisbətən daha baha olur. Yem bazarında qiymət artımları qışa doğru da davam edəcək. Bu səbəbdən ətin bundan sonrakı dövrdə də bahalaşması gözləniləndir. Yaxın dövrlər üçün mal ətinin qiyməti 10-12 manata qalxa bilər. Gözləntilər var ki, qoyun əti də qış aylarına doğru 15 manata qədər arta bilər".