Şəfəqə Doğru » Manşet » Şagirdləri kim narazı salır: - DİM, yoxsa nazirlik?

Şagirdləri kim narazı salır: - DİM, yoxsa nazirlik?

Şagirdləri kim narazı salır: - DİM, yoxsa nazirlik?

Dövlət İmtahan Mərkəzi tərəfindən XI sinif bazasından keçirilən buraxılış imtahanlarının çətin olması barədə fikirlər səsləndirilir.



Mart ayının 5 və 12-də 103 min abituriyentin iştirakı ilə keçirilən imtahanlarda 1 nəfər belə bütün test tapşırıqlarının hamısına doğru cavab verə bilməyib. Bu amil isə test tapşırıqlarının çətinliyi və təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirilir. Xüsusilə, pandemiya səbəbilə orta təhsil müəssisələrinin distant təhsilə keçməsi təhsilin keyfiyyətinin aşağı düşməsində əsas göstərilir.

Maraqlıdır, abituriyentlərin tam nəticə toplaya bilməməsi təhsilin keyfiyyəti ilə, yoxsa test tapşırıqlarının çətinliyi ilə əlaqədardır?

Cebhe.info-ya açıqlamasında təhsil sahəsi üzrə ekspert Elşən Qafarov bildirib ki, bu, test tapşırıqlarının daha da çətinləşdirilməsindən irəli gələn səbəbdir:

"100 min imtahan verən məzundan 1, 10, 100 nəfərin maksimum bal toplaması təhsilin keyfiyyət göstəricisi deyil. Dövlət İmtahan Mərkəzinin keçirdiyi biraxılış imtahanlarında ciddi qüsurlar var. Bu qüsurlardan birincisi, DİM-in buraxılış imtahanlarını tədris ilinin bitməsinə 12 həftə qalmış keçirməsidir. Bu durum həmin 12 həftə ərzində dövlət ümumtəhsil məktəblərinin fəaliyyətini iflic vəziyyətinə salır. Belə tarix keçirilməsinə isə heç bir əlavə ciddi səbəb yoxdur. Üstəlik, imtahanın nəticələri 1 həftə ərzində də yoxlanıla bilər. İmtahan ən yaxşı halda iyunun birinci 10 günlüyünə salına bilər. Bunu etmək mümkündür. Niyə edilmir, illərdir bu suala cavab tapa bilmirəm".

O bildirib ki, DİM digər yandan da biznes mərkəzinə çevirilib:

“İllərdir təklif edirik ki, DİM imtahan siyasətini dəyişməli, imtahanları keçirən texniki quruma çeviriıməlidir. Nə qədər ki, bu proses baş verməyib, şagirdlərlə, məzunlarla, imtahanlarla, testlərlə bağlı daim problemimiz olacaq. Biz illərdir təklif edirik ki, DİM-dən test hazırlamaq, vəsait çap etmək, proqram hazırlamaq səlahiyyəti alınsın. Testləri hazırlamaq müstəqil quruma tapşırılsın. Testlər, suallar hazırda təhsil alan məzunların bilik və bacarıqlarına uyğun olaraq müəyyən olunsun. Məzunların bilik və bacaraqlarının səviyyəsi DİM-in sınaq imtahanları ilə müəyyən edilsin. DİM isə imtahan keçirən texniki quruma çevirilsin. Bunu etmək çətin deyil. Bu, DİM-in törətdiyi problemləri həll etməyin yeganə yoludur".


XalqXeber.Az