İradə Səfərovanın rəhbərlik etdiyi təhsil müəssisəsində normal təlim-tərbiyə, tədris prosesinin getməsi ciddi şübhə doğurur Heç kimə sirr deyil ki, bu gün orta ixtisas təhsili müəssisələrində kifayət qədər problemlər, nöqsanlı məqamlar mövcuddur. Misal kimi, Bakının Nərimanov rayonu, Təbriz prospekti 51 ünvanında yerləşən Bakı İdarəetmə və Texnologiya Kollecini göstərmək olar. Belə ki, bir müddət öncə adıçəkilən təhsil müəssisəsinin direktoru vəzifəsinə İradə Səfərovanın gətirildiyini qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, o, Bakı Kompüter Kollecinə rəhbərlik etdiyi dönəmlərdə necə fəaliyyət göstərirdisə indi də eyni əməlləri təkrarlamaqdadır. Beləliklə, Bakı İdarəetmə və Texnologiya Kollecinin 1999-cu ildə Nazirlər Kabinetinin qərarına əsasən Bakı Yerli Sənaye Texnoloji Texnikumunun və Bakı Yüngül Sənaye Texnikumunun bazası əsasında yaradıldığını vurğulayan mənbənin sözlərinə görə, İradə Səfərova yol verdiyi kobud nöqsanlarla, rəvac verdiyi neqativ hallarla adıçəkilən kollecdə təhsilin məhvə sürüklənməsinə şərait yaradıb: «Deyilənlərə görə, İradə Səfərovanın Bakı Kompüter Kollecindən özü ilə birlikdə Bakı İdarəetmə və Texnologiya Kollecinə gətirdiyi şəxslərin əksəriyyəti kurikulum islahatlarından, bir sözlə müasir təhsil sisteminin yeniliklərindən xəbərsizdir. Nəzərinizə çatdırım ki, hazırda Bakı İdarəetmə və Texnologiya Kollecində texnologiya müəllimliyi, mühasibat uçotu, maliyyə işi, bələdiyyə təsərrüfatının təşkili, bina və qurğuların tikintisi və istismarı, avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri, geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi, zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması ixtisasları üzrə mütəxəssislər hazırlanır. Bu təhsil müəssisəsi uzun illər paytaxtın ən qabaqcıl kollecləri sırasında yer alıb. Lakin İradə Səfərovanın gəlişindən sonra vəziyyət tam şəkildə mənfiyə doğru dəyişib. Deyilənlərə görə, bunun əsas səbəbi direktorun kollecə fərqli rakursdan yanaşmasıdır. Bildirilir ki, direktor üçün tələbələrin savadlı yetişməsi, təhsilin inkişafından öncə şəxsi maraqlarının təmin olunması məsələsi durur. Bildiyiniz kimi, Mikayıl Cabbarov nazir təyin olunduqdan sonra əsas işi təhsil ocaqlarındakı neqativ halların kökünün kəsilməsi istiqamətində atdığı addımlar oldu. Nazir dəfələrlə məktəb, kollec direktorlarına və müəllimlərə tapşırıb ki, tələbələrdən, şagirdlərdən heç bir halda təmənna güdməsinlər. Buna baxmayaraq, Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru özünün müəyyən etdiyi «qaydalar» əsasında işləyir. Buna görə də kollecdə təhsil alan tələbələr artıq İradə Səfərovanın «tələblər»indən beziblər». Bu arada, cəmiyyətin «qarayarası» olan rüşvətin Bakı İdarəetmə və Texnologiya Kollecində təhsil və tədris sistemini diz üstə qoyduğunu iddia edən məlumatlı şəxs bildirir ki, İradə Səfərovanın rəhbərlik etdiyi təhsil müəssisəsində sanki «təhsil bazarı» formalaşıb: «Deyilənlərə görə, İradə Səfərova hələ Bakı Kompüter Kollecinin direktoru olduğu dönəmlərdə adıçəkilən təhsil müəssisəsindən əldə etdiyi gəlirlə özünə yaxşı şərait qura bilib. Belə ki, kollec direktorunun geniş maliyyə imkanlarına sahib olduğuna dair bəzi informasiyalar dolaşmaqdadır. Bu isə onu deməyə əsas verir ki, İradə Səfərova Bakı Kompüter Kollecinə məhz gəlir mənbəyi kimi baxıb. Deyilənlərə görə, indi isə o, rəhbərlik etdiyi Bakı İdarəetmə və Texnologiya Kollecinə təhsil ocağı kimi yox, sanki özünün şəxsi mülkiyyətində olan biznes obyekti kimi yanaşır. Məhz elə bu səbəbdən də hazırda Bakı İdarəetmə və Texnologiya Kollecində hökm sürən ab-hava əsl əmtəə birjasını xatırladır. Odur ki, burada normal təlim-tərbiyə, eləcə də tədris prosesinin getməsi ciddi şübhə doğurur». Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Shafaqaadogru.com gundelik-baku.com-a istinadən bildirir.