Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində yerləşən Heydər Əliyev adına parkda ağaclar kəsilib.
Reportyor.info-nun əməkdaşı baş verənlərin şəxsən şahidi olub və bütün bunları videolentə alıb. Daha sonra apardığımız araşadırmalar zamanı ağacların inşaat işləri ilə əlaqədar kəsildiyi üzə çıxıb. Məlum olub ki, “Kristal Abşeron” şirkəti ərazidə hündürmərtəbəli bina tikir.
“Kristal Abşeron” MTK Azərbaycanın inşaat sektorunda aparıcı şirkətlərdən biridir. Şirkət əsasən Bakı və Sumqayıtda hündürmərtəbəli yaşayış binaları tikir.
Şirkət əvvəl Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərib. Ötən il isə təşkilati hüquqi formasını dəyişərək MTK-ya çevrilib.
Şirkətin qanuni təmsilçisi İbrahim Dostumalıyevdir. Lakin mediada gedən məlumatlardan aydın olur ki, o, MTK-nın sahibi deyil. “Kristal Abşeron” deputat Ağalar Vəliyevin şirkəti kimi tanınır. Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilib. Onun deputatlıq karyerası 2010-cu ildən başlayır.
Yəni, Ağalar Vəliyev 13 ildir deputat mandatı daşıyır. O, həm də “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədridir.
“Kristal Abşeron”un adı bir sıra qalmaqallarda hallanıb. Xüsusilə, şirkətin inşa etdiyi binalardakı idarəedilməsində sakinlərin üzləşdiyi problemlərlə bağlı mediada kifayət qədər material yer alıb. (Reportyor.info)