Şəfəqə Doğru » Manşet » BU NƏDİ BELƏ: Ərzaq qiymətlərinin Azərbaycan standartı... - hər yerdə azalır, bizdə artır

BU NƏDİ BELƏ: Ərzaq qiymətlərinin Azərbaycan standartı... - hər yerdə azalır, bizdə artır

BU NƏDİ BELƏ: Ərzaq qiymətlərinin Azərbaycan standartı... - hər yerdə azalır, bizdə artır

Ərzaq qiymətlərinin çox yüksək sürətlə artması əhaliyə göz açmağa imkan vermir. Sürət o qədər böyükdür ki, məvacib artımı bunun yanında çox cılız görünür. Keçən ilin analoji dövrü ilə müqayisə vəziyyətin nə qədər pis olduğunu ortaya qoyur.
Dövlət Statistika Komitəsi artımın böyük olmadığını iddia edir. Müstəqil ekspertlər ərzaq inflyasiyasının 21 faizdən az olmamasına əmindir.

Shafaqadogru.com  Bizimyol.info-ya istinadla xəbər verir ki, hətta yarpaq dolmasının hazırlanması ilə bağlı müqayisə aparılıb. Bu yeməyin bir il əvvəlkindən təxminən 19 faiz baha başa gəldiyi məlum olub. Başqa nümunələr də var. Aşkar görünür ki, ərzaq inflyasiyası 20 faizdən artıq olub. Əhali hətta daha böyük rəqəmlərdən danışmaq lazım gəldiyini düşünür. Sorğular da bunu göstərir. Bəzi məhsullar azı 50-60 faiz bahalaşıb. Dövlət Statistika Komitəsi isə ilin ilk beş ayını keçən illə müqayisə edəndə cəmi 13,1 faiz fərq ortaya çıxarıb.

Əslində, vəziyyət necədir? Dünyada ərzaq qiymətləri orta hesabla 22 faiz ucuzlaşıb. Bizə qəribə görünməsin. Pandemiya erasından uzaqlaşdıqca planet özünə gəlir.

Qadağalar aradan götürülür, sərhədləri aşmaq daha çevik başa gəlir. Əlbəttə, bunun Azərbaycana dəxli yoxdur. Bizim ölkənin qonşu dövlətlərlə quru sərhədləri hələ də bağlıdır və nə vaxt açılacağı məlum deyil. Dünyada isə başqa proseslər baş verir. Hökumətlər əhalinin durumunun yaxşılaşdırılması barədə düşünür. Bunun nəticəsində ərzaq qiymətləri aşağı düşür. Başqa sosial dəstək paketləri hazırlanır. Bir növ hökumətlər insanların ayağa qalxması üçün qolundan tutur.

Azərbaycanda əhali ardıcıl ağır zərbələr alır. Qiymətlər o qədər yüksəlib ki, qəpik pullar əhəmiyyətini itirməyə başlayıb. İnhisar nə iqtisadiyyata əl-qol açmağa imkan verir, nə də əhaliyə. Bu şərtlərlə qiymətlər heç vaxt aşağı düşə bilməz. Daha pis olacağını proqnozlaşdırmaq üçün mütəxəssis olmağa da ehtiyac yoxdur.