“İmkanınız varkən Rusiyaya qayıdın”.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukraynaya hücum səbəbindən ölkədən gedən ruslara çağırışında deyib.
“Ölkədən gedənlərin əksəriyyəti özlərinə qarşı ikinci növ münasibətilə qarşılaşdılar. Gedəndə fikirləşirdilər ki, rahat otura biləcəklər. Bir çox ölkələrdə ruslara iş verilmir, övladları təhsil müəssisələrində zorakılığa məruz qalır”, - deyə Volodin bildirib.
Hadisəni "Sherg.az"a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli söyləyib ki, iqtisadi, sosial vəziyyət yaxşı olmayan ölkələrin vətəndaşları başqa yerlərə miqrasiya edir:
"Volodinin çağırışı mənasızdır. Gərək onlar ilk növbədə rus oliqarxlarının varlı balalarını geri qaytarsınlar. Həmçinin onların təhsillərini xaricdə yox, öz ölkələrində aldırsınlar və xarici investisiyaları, alınan dəbdəbəli malikinalərin kapitalını ölkəyə gətirsinlər. Yəni rus hakimiyyəti dəyişimi özündən başlamalıdır. Çünki kimisə nəyəsə dəvət edirsənsə, birinci ona özün riayət etməlisən".
Analitik əlavə edib ki, Putin hakimiyyəti insanların getməyini istəmirsə, ölkədə sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmalıdır:
"Yalnız ondan sonra vətəndaşlar başqa ölkələrə getməyəcək. Sual yaranır ki, orta statistik vəziyyəti yaxşı olan ruslar niyə yaşamaq üçün başqa dövlətlərə üz tuturlar? Ümumiyyətlə bu təkcə Rusiyaya aid deyil. Ona görə də düşünürəm ki, Rusiya hakimiyyəti birinci ölkədəki vəziyyəti düzəltməli, sonra vətəndaşlarını geri dönməyə çağırmalıdır".