Azərbaycanda həkimlərin kommersiya məqsədli dərmanları reseptə yazması qadağan olunacaq.
DİA.AZ bildirir ki, bu barədə səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iclasında məlumat verib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən antibiotik reseptlə verilsə də, lakin bu tələbə riayət edilmir:
"Hesab edirəm ki, elektron reseptlə bir çox nöqsanlar aradan qalxacaq. Qeydiyyatsız heç bir dərman vasitəsinə resept yazılmayacaq. Hətta həkim istəsə belə, kommersiya məqsədli dərmanları reseptə yaza bilməyəcək".
R. İsmayılov həkimlər tərəfindən kommersiya məqsədilə xüsusilə bioloji aktiv əlavələrin yazıldığını bildirib.
Bəs görəsən, "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişiklik həkimlərin kommersiya məqsədilə pasiyentlərə dərman yazmasının qarşısı alcaqmı?
Əczaçı-mütəxəssis, provizor Elman Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanuna təklif olunacaq dəyişiklik həkimlərin kommersiya məqsədilə bioloji aktiv əlavələr yazmasının qarşısını ala bilməyəcək. Bioloji aktiv əlavələrin reseptə yazılmasına ehtiyac yoxdur. Çünki, biloji aktiv əlavələr reseptsiz də satılır.
"Həkim qida əlavələrini xəstəyə tövsiyyə də edə bilər. Tibb işçisi biloji aktiv əlavələri vatsapa yazmaqla pasiyent həmin qida əlavələrini aptekdən ala bilər. Qanunla qida əlavələrinin reseptlə satılmasına tələb yoxdur", - deyə E. Hüseynov bildirib.
Onun sözlərinə görə, xarici ölkələrdə bioloji aktiv əlavələr ərzaq mağazalarında da satılır. O, artıq bu təcrübədən Azərbaycanda da istifadə edildiyini, bir neçə iri supermarketin biloloji qida əlavə satdığını söyləyib.
Həmsöhbətimiz bildirib ki, qida əlavələrinin ölkəyə idxalına icazəni Səhiyyə Nazirliyi yox, Qida Təhlükəsizliyi Agentliyi verir. Həmçinin qida əlavələrinin qiyməti dərmanlar kimi Tarif Şurası tərəfindən tənzimlənmir.
Provizor onu da vurğulayıb ki, Azərbaycanda qida əlavələri əksətr hallarda kortəbii istifadə olunur. İnsanlar D,E kimi vitaminləri apteklərdən alıb qəbul edirlər. O, bunun yolverilməz və təhlükəli olduğunu söyləyib.
"Qida əlavələrinin kortəbii qəbul etmək olmaz! Məsələn, C vitaminini nə qədər alıb içsəniz də, orqanizm özünə lazım olan qədərini götrürəcək. Yerdə qalan hissə sidiklə xaric olunur. Amma D və E vitaminləri artıq qəbul olunduqda, orqanizmdən xaric olunmur. Ona görə də, insanlar qida əlavələrini alıb qəbul etməzdən öncə həkim müayinəsindən keçməlidirlər. Həkim əlamətlərə əsasən pasiyentdə hansı vitaminin çatışmadığını təxmin edir. Bu zaman pasiyent analizlərə yönləndirilir ki, onda D, E və yaxud kalsiumun əskik olub-olmadığı dəqiq müəyyən olunsun. Yalnız laborator analizlər nəticəsində bu təsdiqlənərsə, pasiyentə həmin qida əlavələri, vitaminlər təyin edilir. Vitamin çatışmazlığı mütləq analiz olunduqdan sonra müəyyən oluna bilər. Buna əsasən həkim pasiyentə hansı həddə vitamin adlandırdığımız qida əlavəsinin dozasını təyin edir".
E. Hüseynov bildirib ki, Almaniyada qida əlavələri açıq şəkildə marketdə satılsa da, heç bir alman həmin qida əlavələrini kortəbii, həkim məsləhəti olmadan, müvafiq laborator analizdən keçmədən alıb qəbul etmir. Əczazçı bioloji aktiv əlavələrin istifadəsi ilə bağlı əhali arasında maarifləndirmənin aparılmasının vacib olduğunu söyləyir. Həmsöhbətimiz bildirir ki, qida əlavələri profilaktik məqsədlə istifadə edilə bilər. Amma bu zaman da həkim tövsiyyəsi vacibdir.
Qeyd edək ki, Azərbaycanda qida əlavələri hazırda həkimlər tərəfindən reseptə yazılır. Bioloji aktiv əlavələrin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmədiyindən qiymətləri çox yüksəkdir. Halbuki, qida əlavələrinin içlik vərəqələrində onların müalicə məqsədilə istifadə edilməsinin düzgün olmadığı qeyd olunub. Bununla belə həkimlər reseptə qida əlavələri yazaraq, müalicə kursunda pasiyentlərə tətbiq edirlər.