Şəfəqə Doğru » Manşet » Azərbaycanda qida təhlükəsizliyi sahəsində YENİ ADDIM — Nəzarət GÜCLƏNİR

Azərbaycanda qida təhlükəsizliyi sahəsində YENİ ADDIM — Nəzarət GÜCLƏNİR

Azərbaycanda qida təhlükəsizliyi sahəsində YENİ ADDIM — Nəzarət GÜCLƏNİR

Azərbaycanda Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sisteminin (HACCP) məcburi tətbiqinə başlanılır. 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib. 

Belə ki, istehsal və emal fəaliyyətini həyata keçirən iri sahibkarlıq subyektləri "Qida təhlükəsizliyi haqqında" Qanun qüvvəyə mindikdən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini tətbiq etməlidirlər. Bu sistemin tətbiq olunmasına ciddi nəzarət ediləcək.

AQTA-nın yeni qərarına münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, hələ 2013-cü ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi – USAID Azad İstehlakçılar Birliyinə müraciət etmişdi:



“Azərbaycan mallarının rəqabətə davamlılıq çərçivəsində yerli mütəxəssislər treninqlərə cəlb olunmuşdu. USAID Kritik Nəzarət Nöqtələri sistemini bir neçə istehsal müəssisəsinə tətbiq etməyi məsləhət gördü. Azad İstehlakçılar Birliyi olaraq biz 5 müəssisədə təlimlər əsasında bu işi gördük. Həmin müəssisələrə qida təhlükəsizliyi nişanını tətbiq etdik. Daha sonra bu xidmət ödənişli olduğu üçün etmədim. Dəfələrlə AQTA-nın mütəxəssislərilə söhbət etdim ki, Birliyimizlə birgə bu sistemi müəssisələrimizə tətbiq edək. Lakin AQTA bu təşəbbüsümə dəstək vermədi”.

Bəs Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri sistemi nədir?

E.Hüseynzadənin sözlərinə görə, qida hər hansı bir fermer təsərrüfatından istehlakçının önünə gələnə qədər müəyyən mərhəllərdən keçir:

“Bunu bir zəncir kimi təsəvvür edək, onun halqaları var. Zəncirin gücü nədədir? – onun  bir halqasında. Halqanın biri zəifləsə artıq o zəncir qırılacaq. Kritik nöqtələr sanki həmin zəncirin halqalarıdır. Yəni, ərzağın əkilməsi, becərilməsi, qidanın saxlanılması, daşınması, emal olunması və s. proseslər hamısı müəyyən nöqtələrdir. Əgər qida o nöqtələrin birində  çirklənərsə, artıqo,  çirkli qida sayılacaq”. 

E.Hüseynov sözlərinə nümunələrlə davam edib:

“Sovet vaxtı qidanın təhlükəsizliyini təmin etmək üçün texniki nəzarət var idi. Hər hansı partiyadan mal götürürdülər, onu yoxlayırdılar. Məsələn, bir məhsuldan 500 ədəd istehsal olunub. Onun 20-sini götürüb yoxlayırdılar. Nəticə yaxşı olardısa, məhsulun hamısı yararlı hesab olunurdu. Burada səhvə də yol verilə bilərdi. Yararsız, təhlükəli məhsul qalan yoxlanılmamış sayın içində ola bilərdi”. 

Ekspert qeyd edib ki, kritik nəzarət nöqtələrinə diqqət edərək tam təhlillər aparmaq qidanın təhlükəsizliyini təmin edir:

“Yəni, məsələ risk nöqtələrinin nəzarətə götürülməsidir. Tutaq ki, müasir üsulla çörək istehsal olunub. Ancaq o, avtomobillərin yük yerində daşınır. Artıq həmin o kritik nöqtələrin birində məhsul çirkləndi. Bu çörəyə artıq təmiz məhsul demək olmaz”. 

E.Hüseynov vurğulayıb ki, bəzi yerli məhsulların üzərində Azad İstehlakçılar Birliyinin qida təhlükəsizliyi nişanı var:

“AQTA çalışır ki, müəssisələrə bu sistemi tətbiq etsin. Buna HACCP sistemi də deyilir. Azad İstehlakçıkar Birliyi hələ 10 il əvəldən bu işlə məşğuldur. Birliyin verdiyi qida təhlükəsizliyi nişanı bir neçə malın  üzərində - “İceland” dondurmalarının, “SAB” şirkətinin mallarının, “Ulduz” şokolad fabriki məhsullarının üzərində əks olunub. Həmin müəssisələr nəzarət altındadır. Kritik nöqtələr qiymətləndirilib. Qidanın çirklənməsinin qarşısını almaq üçün bu müəssisələrdə işlər görülüb”. 

Ekspert son olaraq vurğulayıb ki, AQTA-nın qaldırdığı məsələ çox əhəmiyyətlidir:

“Gec-tez bu, Azərbaycanda tətbiq olunmalıdır. Bu sistem tətbiq olunmayan  müəssisənin malının  xarici, xüsusən Avropa ölkələrinə çıxarılması çətindir. Çünki yerli malları xaricə ixrac edəndə həmin sistemin tətbiqini yoxlayırlar. Yoxdursa, həmin malları xaricə çıxarmaq mümkün olmur. AQTA-nın mühüm hədəflərindən biri də yerli istehsal mallarının xarici bazarlara çıxarılmasıdır”.



Törə Zeynallı
Demokrat.az