Bu gün general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür.
Shafaqadogru.com xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 2020-ci il iyulun 12-17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar.
İyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev və həmçinin daha beş hərbi qulluqçu şəhid olub.
Ermənistanın hərbi birləşmələrinin hücumları nəticəsində rayonun Ağdam kənd sakini də həlak olub.
Qeyd edək ki, Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi olub.
Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.
İlqar Mirzəyev 1973-cü ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun artilleriya rəisi vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.