Sərhəddə davam edən TIR təxribatı və İrəvanın BMT TŞ-yə həyasızcasına “blokada” ilə bağlı müraciəti bu il də Ermənistanın sülh müqaviləsindən yayınacağının əyani sübutudur. Ən nikbin siyasi müşahidəçilər də bu xüsusda artıq skeptik mövqeyə keçməkdədirlər.
“Görünən odur ki, ilin sonunadək sülh müqaviləsinin imzalanması ehtimalı ortadan qalxmaqdadır. Çünki Ermənistanın arqumentləri dəyişir. 750 milyon dollarlıq silahı Hindistanın Mumbay limanından İrana, oradan da Zəngəzur dəhlizinə daşıyıblar. Silahın təxminən 70 faizi Rusiya sülhməramlıları vasitəsilə Qarabağa, əsasən də Ağdərəyə keçirilib”.
Shafaqadogru.com bildirir ki, bunu Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli deyib. Onun sözlərinə görə, son günlər baş verən proseslər göstərir ki, Azərbaycana qarşı hibrid müharibəni reallaşdırmağa çalışırlar: “İrana aid "Qüds" briqadaları və “Həşdi Şabi” terror qruplaşması daxil, PKK-nın da iştirak etdiyi 1500 nəfərlik dəstə artıq Qarabağdadır. Onların iştirakı ilə həm separatçıların, həm də "Laçın dəhlizi" istiqamətində toplaşan erməni ordusunun çarpaz hücumu gözlənilə bilər. Bu, həm də elə bir vəziyyətdə ortaya çıxan şəraitdir ki, sülh addımları ilə bağlı nə əldə olunmuşdusa, onlar zərbə altına düşür və bizim də leqal hədəflərimiz yaranır".
Azərbaycan Müdafiə Nazirliyinin 14 avqust açıqlamasında isə deyilir ki, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur. “Ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzunmüddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub. Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırılması faktları da məlum olub. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir” - məlumatda qeyd olunub.
Belə çıxır, Rusiya (“sülhməramlı” kontingenti), İran və oyuncaq rejim ölkəmizə qarşı hibrid savaşı planında yer alıb?
Azərbaycan XİN-in yaydığı son bəyanatda da bu xüsusda xəbərdarlıq əksini tapıb: “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub”.
Yada salaq ki, ötən ilin oktyabrında Qarabağa rus hərbçilərin icazəsi ilə qanunsuz şəkildə keçən onlarla iranlı hərbi təlimatçılarla bağlı (terror üzrə mütəxəssislər, onların adbaad siyahısı dərc olunmuşdu) Azərbaycan İrana etiraz notası təqdim eləmiş, izahat tələb etmişdi. Notaya bu günədək cavab verilməyib. Rusiyanın Qarabağda hansı oyunlardan çıxması da çoxdan məlum.
Nə baş verir? İrana aid “Qüds” briqadaları və “Həşdi Şabi” terror qruplaşması daxil, PKK-nın da iştirak etdiyi 1500 nəfərlik dəstənin Qarabağda olması nə dərəcədə realdır? Onlar Azərbaycana hansı təhlükəni yarada bilər? Silahları nədir, zərbə dronları varmı?
Shafaqadogru.com -un məlumatına görə, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, son günlər Azərbaycanın dövlət sərhədində və Qarabağdakı erməni separatçılar tərəfindən Azərbaycana qarşı təxribatlar, hərbi hərəkətlilik müşahidə olunur: “Ermənilər bir tərəfdən dünya ictimaiyyətini Azərbaycana qarşı qoymağa çalışırlar, bir tərəfdən isə müharibə və təxribat hazırlıqlarını gücləndirirlər. Ermənilərin təxribat və müharibə hazırlıqları Azərbaycanın müvafiq strukturları tərəfindən qeydə alınır. Yəni ortada çoxsaylı sübutlar, faktlar var. Bölgədə Rusiya-İran-Qarabağdakı hərbi xunta işbirliyi açıq görünür. Bu işbirliyi Azərbaycana qarşı hibrid müharibə hazırlığındadır. Ermənilərə silah verilməsi, silah daşınmasına şərait yaradılmasından tutmuş, Qarabağa "Həşdi-şabi", PKK, “Qüds briqadaları” adlı terror qruplarının terrorçularının yerləşdirilməsinə qədər qanunsuzluqlara, cinayətlərə əl atılıb. İndi isə prosesi faktiki olaraq hərbi qarşıdurmaya doğru daşıyırlar.
Hibrid müharibə aparan qüvvələr öz aləmlərində hesab edirlər ki, bu yolla Azərbaycanı haqq yolundan döndərə biləcəklər. Ancaq yanılırlar. Azərbaycan bütün təzyiqlərə rəğmən, öz konstitusiyasına və beynəlxalq qanunlara əsaslanaraq Laçın yoluna nəzarət-buraxılış postunu qurdu və yolu öz nəzarəti altına aldı. Bu, Azərbaycanın suveren hüququdur. Azərbaycan terror qruplaşmalarının, qanunsuz hərbi birləşmələrin azğınlıq etdiyi ərazimizə də nəzarəti ələ alacaq. Bu da Azərbaycanın suveren hüququdur və dövlətimiz bu hüququndan növbəti dəfə istifadə edəcək. Sülhməramlı adı altında bölgədə separatizmə dəstək verən Rusiya hərbi kontingentinin separatçılarla birgə fəaliyyəti onların bu ərazidən çıxarılmaları üçün əsas olacaq".
Ekspert xatırlatdı ki, İrandan Qarabağa terrorçuların göndərildiyi vaxtında deşifrə olunub: “Müxtəlif terror qruplaşmalarının erməni separatçıları ilə bir yerdə olduğu isbat edilib. Həmin terror təşkilatlarının üzvləri 44 günlük müharibə zamanı da Azərbaycana qarşı döyüşürdülər. Ermənilərlə PKK və digər terror qruplaşmaları həmişə iç-içə olublar, bu gün də birlikdədirlər. Qarabağdakı 10 min nəfərlik qanunsuz hərbi qruplaşmaların daxilində PKK, "Həşdi-şabi", “Qüds briqadaları” və digər terror qruplaşmalarının da üzvlərinin olması ehtimalı yüksəkdir. Ona görə də Azərbaycan dövləti bölgədə antiterror əməliyyatını keçirmək üçün ciddi əsaslara malikdir. Dünya birliyi də əslində Azərbaycanın terrora qarşı mübarizəsinə dəstək verməlidir. Çünki terrorizm bütün dünya üçün təhlükədir. Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün xüsusi əməliyyat keçirmək haqqına sahibdir və onun bu addımı həm də bölgənin və dünyanın faydasınadır.
Terrorçuların azğınlıq etdiyi ərazilərimizdə suverenliyimizin bərpasının vaxtı çatıb. Xankəndi terrorçulardan, separatçılardan təmzilənməlidir. İstisna deyil ki, müharibədən sonrakı müəyyən müddətdə ermənilərə İrandan zərbə dronları daşınıb. Lakin onların əlində hansı silahların olub-olmaması Azərbaycanın güclü ordusunu durdura bilməz. Azərbaycan hərbi hava qüvvələri və hava hücumundan müdafiə qüvvələrinin arsenalında ən müasir hava zərbələrindən müdafiə sistemləri mövcuddur. Bizə qarşı istifadə ediləcək istənilən hücum silahlarını zərərsizləşdirmək və dağıdıcı cavab zərbəsi endirmək imkanlarına malikik. Azərbaycan ona qarşı aparılan hibrid müharibədən çəkinmir".