Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan bu gün Xankəndiyə humanitar yardım göndərildiyini bildirib.
Deputat humanitar yardımın daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə edildiyini diqqətə çatdırıb.
O qeyd edib ki, erməni əsilli Azərbaycan vətəndaşlarına ilkin mərhələ üçün 40 ton un məmulatı göndərilib:
“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.
Ekspertlər Azərbaycanın Xankəndiyə humanitar yardım göstərilməsi barədə qərarını vacib addım kimi qiymətləndirirlər.
Məsələ ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin Xankəndidəki ermənilərə humanitar yardım göndərməsi strateji addımdır:
“Bundan sonra ermənilərin daha bəhanələri qalmayacaq. Separatçıların, erməni lobbisinin və onların arxasındakı güclərin guya ermənilərin sosial problemlərinin həllinə Azərbaycanın imkan vermədiyini, mühasirədə saxlanıldığını deməyə əsasları olmayacaq. Biz bu yardımı göndərməklə ermənilərə kömək əlimizi uzatmağa hazır olduğumuzu göstəririk. Pasportlarımızı daşıyıb, qanunlarımıza tabe olsalar, digər problemlərin həlli də mümkündür”.
Politoloq vurğulayıb ki, Bakıdan göndərilən yardımı qəbul etməyib, ona əngəllər yaratsalar, "biz mühasirədəyik, Azərbaycan bizi sıxışdırır" kimi bəhanələrin əsası olmayacaq:
“Göndərdiyimiz yardımı qəbul etməsələr, biz indiyə qədər aparılan kampaniyanın təxribat olduğunu beynəlxalq aləmə göstərməliyik. Deməliyik ki, "baxın, biz yardım göndəririk, lakin separatçılar bu yardımların Qarbağdakı ermənilərə çatmasına mane olur". Buna görə də, ağıl və məntiqləri olsa, buna əngəl yaratmazlar. Yardım gedib Ağdam yolu ilə Xankəndidəki ermənilərə çatdırılar. Müəyyən ərzaq problemləri həll edilər. Sonrakı mərhələdə danışıqlar masasında başqa məsələlərin həlli mümkündür. Qarabağ separatçıları isə Azərbaycan qanunlarına tabe olmayacaqlarını, pasportlarımızı daşımayacaqlarını deyirlər. İstəyirlər ki, Laçın yolu da açıq olsun və istənilən nəqliyyat vasitəsi Xankəndiyə gəlsin. Bu mümkün deyil, mümkün olmayacaq da. Bu baxımdan bizim beynəlxalq aləmə də ciddi mesajlarımız var".
E.Şahinoğlu bildirib ki, indi bu prosesdə əsas iş diplomatiyamızın üzərinə düşəcək.
"Diplomatiyamız beynəlxalq aləmi inandırmalıdır ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin sosial problemlərini həll etməyə çalışır, məsələlərin həllinə imkan vermək istəməyən separatçılardır. Bu təbliğatı genişləndirə bilsək, BMT və digər təşkilatlarda “Laçın yolunu açın” kimi çağırışların effekti qalmayacaq, Fransa da oyundankənar vəziyyətə düşəcək".