“Hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real görünmür. Bugünkü gündə belə bir qərarın verilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Hazırda dünya bazarında neftin orta qiyməti kəskin şəkildə dəyişməyib.
Azərbaycanda benzin istehsalında marjinal fayda aspektindən üstünlüklər hələ də qorunmaqdadır. Maya dəyəri baxımından ölkədə ciddi problemlər yoxdur”.
Bunu Bakupost.az-a iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, yanacaq məhsul növlərindəndir ki, onun qiymətinin dəyişməsinin təsiri iqtisadiyyatın digər bütün sahələrində müşahidə olunur:
“Benzinin qiymətinin artması digər sahələrdə qiymət artımı üçün bir meyar olaraq qəbul olunur. Digər bütün sahələrə sirayət edir. Çörəyin, qəndin qiymətindən tutmuş bir çox sahələrdə qiymət artımına səbəb ola bilər. Bu, həmçinin psixoloji faktor hesab olunur. Heç kim iddia edə bilməz ki, ölkədə istehsal olunan mal və xidmətlərin tərkibində benzin istifadə olunmur. Kifayət qədər istifadə olunur, Azərbaycanda tələbat olan ən böyük yanacaq növü məhz benzindir. Əksər hallarda mal və xidmətlərin maya dəyərində bu qiymətlər əks olunur. Benzinin bahalaşması növbəti dövrlərdə mərhələli şəkildə əhalinin istehlak edəcəyi bütün növ mal və xidmətlərin qiymətinə sirayət edər. Benzinin qiymətinin qalxması inflyasiya səviyyəsini də yüksəldər. Əhalinin gəlirlərində artım olmadığı bir dövrdə mal və xidmətlərin bahalaşması sosial problemləri artır. Bu baxımdan yüksək inflyasiyanın olduğu və hökumətin bu inflyasiyaya təzyiq cəhdlərinin müşahidə edildiyi halda belə bir qərarın qəbul edilməsi dövlət siyasəti ilə ziddiyyət təşkil edir. Ona görə də benzin qiymətinin artmasını aşağı ehtimal olunan addım kimi qiymətləndirirəm”.