AXCP sədri Əli Kərimli facebook səhifəsində SOCAR-da aşkarlanan korrupsiya faktlarından yazıb. Həmin yazını təqdim edirik:
Rövnəq Abdullayevin pəncərəni açıb evin havasını dəyişən vətəndaşı qaz israfçısı kimi hədəf seçməsi təsadüfi deyilmiş. SOCAR prezidenti öz idarəsindəki dəhşətli bacarıqsızlıq və korrupsiyadan diqqəti yayındırmaq istəyirmiş. Ancaq alınmadı, bu dəfə də SOCAR-dakı irimiqyaslı qaz itkisini nüfuzlu Oksford Universiteti ifşa etdi. Oksford Universiteti Azərbaycanın qaz potensialını araşdıran zaman (araşdırmanın linki aşağıda) müəyyən edib ki, ölkəmizdə hər il təqribən 1 milyard kubmetr qaz sadəcə itir. Yox, istehsal prosesindəki itkilər buraya daxil deyil. İstehsal olunmuş qaz istehlakçıya çatana qədər itir. 1milyard kubmetr isə böyük həcmdir – Gürcüstana satdığımız qazın yarısı, özümüzün, 10 milyon əhalinin istehlak etdiyinin üçdə biri qədərdir və bu həcmdə qaz SOCAR-ın müxtəlif strukturları arasında itib, yoxa çıxır. Belə böyük itki korrupsiya və bacarıqsızlığın sübutu deyil? Yeri gəlmişkən, Oksfordun araşdırması bunların bir yalanını da üzə çıxardır. Azərbaycanın "Avropanın enerji təhlükəsizliyini təmin edəcək” qazı yox imiş. Araşdırmaçılar elə belə də yazıblar ki, Azərbaycan öz qazı ilə özünün artan təlabatını ödəsə, böyük şeydir. Bəs necə, elə bilirdiniz ki, ancaq pambıqla "pripiska” edilir? Təəssüf ki, bunlar üçün yalançılıq da korrupsionerlik kimi adi haldır.
Shafaqadogru.com Azadlığ-a istinadən bildirir.