Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
DİA.AZ onunla müsahibəni təqdim edir:
- Cümşüd bəy, antiterror tədbirləri ilə Qarabağda mövcudluğunu saxlamağa çalışan qondarma rejim və qanunsuz erməni silahlıları tərksilah edildi. Radikal millətçi ermənilər “dövlət yaratmaq”, “birləşmək”, “miatsum" ideyalarının sona çatdığını özləri də artıq anladıqlarını deyirlər...
- Əslində “miatsum” 2020-ci ilin sentyabrında bitmişdi. Sadəcə olaraq onun müəyyən tör-töküntüləri qalmışdı. İndi isə “miatsum"un qalıqları ərazidən təmizləndi. Təkcə “miatsum” deyil “böyük Ermənistan” xülyası, Qarabağın 195 illik istilası başa çatdı. Azərbaycanın 216 il müstəmləkədə olan torpaqları azad oldu. Torpaq itirmək məsələsinə son qoyuldu. Bundan sonra kimsə Azərbaycandan torpaq işğal etmək haqqında düşünməyəcək. Azərbaycan dövləti bir dövlət kimi bununla öz gücünü və imkanlarını sübut etdi. Azərbaycan xalqı öz qürurunu qaytardı. Millət, xalq, dövlət olaraq özümüzü müdafiə etmək qabiliyyətimizə malik olduğumuza inandıq. Artıq bu şübhə doğurmur. Azərbaycanın gücü kifayət qədərdir. Bununla Azərbaycan başqalarını da özü ilə hesablaşmağa məcbur edə bilir.
- Ərazilərə tam nəzarətlə bağlı atılan addımları, gedişatı necə dəyərləndirirsiniz?
- Proseslərin tam həlli üçün müəyyən bir zaman lazım idi. Qarabağda Azərbaycan öz suverenliyini tam təmin edib. Azərbaycan polisi və Ordusu Xankəndini nəzarətə götürüb. Ona görə də, burada elə də ciddi bir məsələ qalmayıb. Əsas odur ki, Azərbaycan Ruben Vardanyanı qızıl yataqlarının gəlirindən məhrum edib. Bu, çox böyük addımdır. Vejnəli yatağından sonra “Qızılbulaq” və “Dəmirli” yataqları nəzarətə götürüldü. Bu o deməkdir ki, Azərbaycan siyasi suverenliyini bərpa etməklə iqtisadi, ekoloji suverenliyini də təmin edib. Azərbaycanın 23 saat 43 dəqiqəlik əməliyyatı ilə bütün bunlara nail olunub.
- Paşinyanın Qarabağda antiterror tədbirlərinə münasibəti də diqqətlə izlənilən məsələlər sırasında idi. Sizcə, Ermənistan bu prosesə qarışsa nə baş verə bilərdi?
- ABŞ Paşinyanı hakimiyyətə gətirəndə onun qarşısına bir çox məsələlər qoyub. Bu ilk növbədə Rusiyanın müstəmləkəçiliyindən çıxmaqla bağlı idi. Paşinyan da başa düşdü ki, bunun üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. İkinci amil Qarabağla bağlı olan məsələlərdir. Eyni zamanda Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edilməsi idi. Bunun əksinə olacaq bütün amillər Ermənistanın müstəqilliyinə zərbə olacaqdı. Sadəcə olaraq Paşinyan ermənilərin psixologiyasını yaxşı bildiyi üçün nökərçilik, təcavüz, yaltaqlıq və mərdiməzarçılıqla yaşamağın perspektivinin olmadığını yəqin etdi. 29,8 min kv km-lik Ermənistan ərazisini xilas etmək üçün Qarabağdan imtina etməyi gündəmə gətirdi.
- Ermənistanda aksiyalar davam edir. ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza da açıqlama verib ki, Paşinyanı öldürməsələr proses başa çatacaq...
- Paşinyanı hazırda ABŞ qoruyur. Ona görə də, onu öldürmək məsələsi bir az çətindir. Belə getsə onu Ermənistanda devirmək də çətin olacaq. ABŞ iki milyonluq bir ölkədə ən böyük səfirliyini saxlayır. Ermənistandakı Amerika səfirliyinin 2 min işçisi var. Dünyada ABŞ-ın 4-cü böyük səfirliklərindən bir İrəvandadır. Ona görə də, burada proseslər bir qədər qəlizdir. Eyni zamanda II Qarabağ müharibəsində məğlub olmasına baxmayaraq Paşinyan seçkiləri də qazandı. Ona görə də, bu heç də asan olan bir məsələ deyil.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfərində Zəngəzur dəhlizi ilə bağlı məsələnin gündəmdə olacağı deyilir...
- Əslində bu səfər gözlənilən idi. Naxçıvanla bağlı Qars müqaviləsinin 100 ili tamam olur. Bu müqavilə ilə bağlı müddət olmasa da Türkiyə Ermənistana və onun dəstəkləyən qüvvələrə mesaj verir. Ərdoğanın Naxçıvan səfərində mühüm detallar var. 35 ilə yaxın Azərbaycandan ayrı qalan tarixi torpaqlarımızla bağlı vacib məsələlər müzakirə ediləcək. Burada qaz kəmərinin və rəmzi olaraq hərbi hissənin açılışı olacaq. İki qardaş ölkənin Ali Baş Komandanlarının burada iştirakı heç də təsadüfi deyil. Bu zərurət idi. Səbəbdən doğan bir nəticədir. Zəngəzur dəhlizi burada əsas hədəflərdən biridir. Azərbaycanla Türkiyə birlikdə bu addımı atır.