Rusiya Federasiyasında yaşayan azərbaycanlı iş adamı Gülağa Tənha (Qəmbərov) şəxsi mühafizəsini gücləndirib. Bu barədə Gülağa Tənhanın Rusiyanın Neftekamsk rayonunda fəaliyyət göstərən şirkətlərində çalışan şəxs məlumat verib.
Məlumata görə, oktyabr ayının 7-də keçmiş MTN generallarının məhkəmə prosesində ifadə verdikdən sonra Rusiyaya qayıdan Gülağa Tənha mühafizəsinin sayını ikiqat artırıb. Belə ki, əvvəllər sürücü və bir mühafizəçi ilə hərəkət edən iş adamı hazırda 4 mühafizəçi ilə gəzir. Bundan əlavə isə son günlər ümumiyyətlə işdə az görünür. "Biz Gülağa müəllim çox vaxt səfərlərdə, tədbirlərdə olur deyə onu əvvəllər də az-az görmüşük. Azərbaycandan qayıdandan sonra isə birbaşa bura gəlib, heç yana getməyib. Özünə aid bağçada olur. Özünə qapanıb. O, adətən şeir yazanda belə olur. Ancaq ilk dəfədir ki, mühafizəsini bu qədər artırıb”- deyə, mənbə bildirir. Əldə etdiyimiz digər məlumata görə, azərbaycanlı iş adamının təhülkəsizlik tədbirlərinin gücləndirilməsini ona Bakıdan qayıdarkən Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndələri məsləhət görüb.
Qeyd edək ki, Gülağa Tənha 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akadimiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. "Gülaga Qəmbərov Fondu”nun prezidentidir. Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.