"Azərbaycanla açıq şəkildə bəyan edib dərhal sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız..."
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.
Shafaqadogru.com xəbər verir ki, bu məktubu Gürcüstanın sabiq dövlət başçısı öz “X” səhifəsində paylaşıb.
“Mən sizə ilk dəfə və açıq şəkildə müraciət edirəm, çünki regionumuzun və Ermənistanın taleyi məni çox narahat edir. MDB-nin bu yaxınlarda keçirilən sammitində bu təşkilatın dağılmasında praktiki olaraq məni günahlandıran Rusiya və Putinlə ünsiyyət təcrübəmə əsaslanaraq sizə bəzi məsləhətlər verməyi özümə rəva bilirəm. Siz hakimiyyətə xalq üsyanları nəticəsində, yəni Putinin terminologiyası ilə desək, “rəngli inqilab” nəticəsində gəldiniz və inanın ki, onu(Putini-S.L.) nə qədər sevindirsəniz, sədaqət andı içsəniz də, o, sizi heç vaxt bağışlamazdı və bağışlamayacaq. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi addımlarınızdan və xüsusən də Roma Əsasnaməsinin təsdiqindən sonra o, sizin əzəli düşməninizdir və əlində olan bütün imkanlarla: daxili iğtişaşlar, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalını istifadə edəcək...
Yadda saxlamaq lazımdır ki, vaxtınız çox azdır. Hakimiyyətə gələndən sonra siz fundamental islahatlar apara bilmədiniz və ya onları həyata keçirmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin “beşinci kolonu”dur. Avropaya inteqrasiya üçün gecikmisiniz?..
Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni imkanlar verir. Müəyyən müddətdən sonra biz sərhədləri açıq üç Baltikyanı ölkə kimi yaşaya, hər üçünün üstünlüklərindən istifadə edərək bütöv bir logistik, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı bir tərəddüdü bir kənara atmalısan, "va-bank" getməlisiz. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, Gömrük İttifaqını tərk edin və Avropa İttifaqı və NATO-ya ərizə verin...
2013-cü ildə biz Avropa Komissiyasının sədri Barrozu ilə İrəvana uçduq ki, sələfinizi(Serj Sərkisyan-S.L.) Moskva çətiri altında bu təşkilatların bəzilərinə qoşulmamağa inandırmaq üçün boşuna cəhd etdik.
Və nəhayət, siz Azərbaycanla açıq şəkildə bəyan edib dərhal sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız.
Sizdə şəxsi və siyasi cəsarət əskik deyil və ümid edirəm ki, Putinə sizi və eyni zamanda ölkənizi məhv etməyə və regionumuzu tamamilə sarsıtmağa imkan verməyəcəksiniz.
Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm ki, bu dəfə tərəddüd etməyəcəksiniz”.
Tərcümə və təqdim etdi:
S.Laçın