Bu günlərdə "Facebook” sosial şəbəkəsində Hindistandan ölkəyə idxal olunan "Susan” basmati düyü məhsulu ilə bağlı məlumat paylaşılıb. Məlumatda bir neçə saat qaynayan düyünün bişmədiyi və tərkibində plastmas olması ehtimalı qeyd olunurdu.
Shafaqadogru.com Novruz bayramında düyünün ən çox istifadə edilən ərzaq məhsulu olduğunu nəzərə alaraq əhali arasında narahatlıq doğuran bu faktı araşdırmağa çalışıb.
Hindistan istehsalı "Susan” basmati düyüləri sertifikatsız satılır
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblının Lent.az-a verdiyi məlumata görə, Azərbaycanda yerli istehsalla yanaşı, Hindistandan, Türkiyədən, Rusiyadan, Pakistandan idxal olunan düyü məhsullarına da sertifikat verilib: "Ölkəyə gətirilən İran, Çin düyü məhsullarının keyfiyyəti müvafiq sertifikatlaşdırma orqanları tərəfindən yoxlanılmadığı üçün həmin məhsullara sertifikat verilməyib. Bu o deməkdir ki, İrandan, Çindən gətirilən həmin düyü məhsulları sertifikatsız satılır, onların keyfiyyəti müvafiq orqan tərəfindən təsdiq edilməyib və qeyri qanuni satışdadır”.
Uyğunluq sertifikatı verilmiş düyü məhsullarının siyahısını sadalayan F.Talıblı qeyd edib ki, sosial şəbəkədə paylaşılan Hindistan istehsalı "Susan” nişanlı buxara verilmiş düyü məhsulları sertifikatsız satılır: "Ölkədə Pakistan istehsalı olan "Mumtaz" nişanlı, "Dana" nişanlı uzun düyü, "Tamashaee Dana" nişanlı uzun düyü, Rusiya istehsalı olan "Aqro-Alyans" nişanlı düyü, "Standart" nişanlı düyü, Hindistan istehsalı olan "Sultan" nişanlı düyü, "Tamashaee Miad" nişanlı uzun düyü, "Şahənşah" (Sahonsah) nişanlı düyü, Türkiyə istehsalı olan "Kent Boringer" nişanlı 7 vitaminli düyü, Türkiyə istehsalı olan "Susan" nişanlı düyü, yerli istehsal olan "PASHA" nişanlı basmati düyü, "DOMASHNEE" nişanlı qablaşdırılmış uzun düyü, "Qafqaz ticarət” MMC istehsalı olan "Marjan” nişanlı basmati düyü , "Rich-mond” nişanlı uzun düyü, "Rich-mond” nişanlı yumru düyü, "King-Rajah” nişanlı basmati düyü, "Sultan” nişanlı basmati düyü, "Ilğım” əmtəə nişanlı yumru düyü məhsulları sertifikat aldığı üçün təhlükəsiz sayılır.
Bəzi sahibkarlar sertifikat almaqdan yayınır
F. Talıblı vurğulayıb ki, satış məntəqələri sertifikatsız məhsulları götürməməlidirlər: "Prezident İlham Əliyevin "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması” haqqında fərmanı əslində sahibkarlar üçün humanist bir addımdır, ancaq bəzi sahibkarlar bundan sui-istifadə edir. Sertifikat almaqdan yayınırlar, satış ticarət şəbəkələrini işlədən sahibkarlar sertifikatsız məhsul qəbul edirlər. Nəticədə belə problemlər ortaya çıxır. İctimai nəzarətin daha güclü olması lazımdır. Bu zaman sertifikatsız məhsulu qəbul edib, satışı təşkil edən ticarət obyekti məsuliyyət daşıyır”.
"İndiyə kimi idxal olunan düyü məhsulları arasında standartlara cavab verməyən düyü məhsulları aşkarlanıb və nöqsanlar aradan qaldırılıb”, - deyən F. Talıblı bildirib ki, ümumiyyətlə, Azərbaycanda hər hansı bir məhsulun, xüsusən də qida məhsulunun satışa çıxarılmazdan əvvəl məcburi şəkildə sertifikatlaşdırılması qanunvericiliyin tələbidir. Bununla əlaqədar, Komitənin Dövlət Akkreditasiya xidməti tərəfindən akkreditasiya olunmuş bir neçə sertifikatlaşdırma orqanı var. Dövlət Komitəsi həmin sertifikat verən qurumları akkreditasiya edir, onlara sertifikatlaşdırma səlahiyyətini verir.
Komitə rəsmisi qeyd edib ki, ölkəyə idxal olunan bütün sertifikat almış məhsulların siyahısı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi saytında yerləşdirilib. İstehlakçı aldığı istənilən məhsulun keyfiyyətindən əmin olmaq üçün Komitənin rəsmi saytından "Uyğunluq sertifikatlarının Dövlət Reyestri” bölməsinə daxil olaraq onun keyfiyyətli olub-olmadığını öyrənə bilər: "Bilirsiz ki, sertifikat verilməsi üçün məhsuldan nümunələr götürülür, laboratoriyaya verilir, yoxlanılır və standartlara uyğundursa sertifikat verilir”.
Yerli düyülərin keyfiyyəti necədi?
F. Talıblı əlavə edib ki, ölkədə istehsal edilən yerli düyü də keyfiyyətinə görə xaricdən gətirilən düyü məhsullarından geri qalmır: "Biz hazırda yerli sənayenin inkişafı üçün çalışırıq. Ölkədə istehsal edilən yerli düyü məhsulları da laborator müayinədən keçirilir. Ötən il aparılan yoxlamalar zamanı yerli düyü istehsalında heç bir nöqsan aşkarlanmayıb”.
F. Talıblı onu da deyib ki, yerli və ya xarici düyü almaq istehlakçıların öz seçimidir: " Biz deyə bilmərik ki, ancaq yerli düyü alın. Xanımlar düyünün dadı, bişirəndə əzilib-əzilməməsi kimi detalları nəzərə alaraq, düyü seçimini özləri edə bilərlər”.
"Belə hal varsa, mütləq araşdırılmalıdır"
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, Hindistan istehsalı "Susan” basmati düyü məhsulları ilə bağlı təmsil etdiyi qurumun da məlumatı var: "Bu düyülərlə bağlı eşitmişəm, tərkibləri demək olar ki, məlum deyil. Əgər həmin düyünün kaprondan olduğu deyilirsə, ona heç qida da demək olmaz. Əgər belə bir hal həqiqətən varsa, o, mütləq araşdırılmalıdır. Ölkəyə idxal olunan düyünün təbii düyüyə uyğunluğu mütləq yoxlanmalıdır”.
İ. Abdullayev onu da qeyd edib ki, indiyə qədər düyüdən zəhərlənmə hallarına rast gəlinməyib.
Dövlət Nəzarəti Xidməti: "Məhsulun təhlükəsizliyində problem yoxdu"
Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində ölkəyə daxil olan düyülərdə təhlükəsizlik və keyfiyyətə nəzarət məqsədilə yoxlamalar aparılıb: "Keyfiyyətə nəzarət məqsədilə mikroelementlərdən natrium, kalium, kalsium, fosfor, dəmir və həmçinin düyüdə nişastanın faizlə miqdarı analiz olunub. Mikroelementlərin faizlə hesablanmış miqdarı və nişastanın faiz miqdarı deməyə əsas verir ki, məhsul təbii şəraitdə yetişdirilib.
Bundan başqa, təhlükəsizliyin araşdırılması məqsədilə Mikotoksin qrupundan Oxratoksin və ağır metallardan qurğuşun, kadmium elementləri analiz olunub. Bu analizlərin nəticələri də məhsulun təhlükəsizliyində heç bir problem olmadığını göstərib”.
Sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır
Nazirlikdən həmçinin qeyd edilib ki, ölkəyə idxal olunan düyülərə karantin nöqteyi –nəzərindən də baxış keçirilir və nümunələr götürülərək ekspertiza aparılır. Bu günədək respublikaya idxal olunan düyülərdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilməyib. Alınmış nəticələr beynəlxalq qida təhlükəsizliyi normalarına uyğun olub: "Bu da o deməkdir ki, sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır. "Susan” markalı düyü Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən müayinə olunub. Məhsul tam olaraq normativ texniki tələblərə cavab verir. Əhali təhlükəsiz olaraq düyüdən arxayın istifadə edə bilər. Respublikaya daxil olan düyülərdə heç bir problem yoxdur".
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, ötən il ölkə ərazisində 6899.14 ton dən pərdəsi təmizlənməmiş düyü (xam düyü) , 2933.23 ton dən pərdəsi təmizlənmiş düyü ( pardaxlanmamış) , 16665.98 ton qabığı yarı təmizlənmiş və ya qabığı tam təmizlənmiş düyü, pardaxlanmış və ya pardaxlanmamış düyü, 140.49 ton xırdalanmış düyü idxal olunub.
Ötən il 19 ton dən pərdəsi təmizlənməmiş düyü (xam düyü), 34.25 ton dən pərdəsi təmizlənmiş düyü ( pardaxlanmamış) ixrac edilib.
2015-ci ildə təmizlənmiş çəltiyin çəkisi 2834,3 ton təşkil edib.
Əsl düyünü saxtasından necə ayırmaq olar?
Qeyd edək ki, kartof nişastası və polietilendən sexlərdə sənaye üsulu ilə hazırlanan belə düyünü əsl düyüdən fərqləndirmək mümkündür. Belə ki, saxta düyülərin hamısı ideal formaya malikdirlər və bir-birindən fərqlənmirlər. Bu düyüləri həm də bişmə vaxtı ilə ayırmaq olar. Sintetik məhsul bişmə zamanı nə qədər qaynamağından asılı olmayaraq, əzilmir. Bundan əlavə, uzunmüddətli qaynamadan sonra suyun üzərində polietilen plyonka yaranır.