Amerikalı jurnalistlər Rusiyanın gələcək prezidentinin kim olacağı üzərində baş sındırır, analizlər aparır, proqnozlar irəli sürürlər.
Onlardan biri olan Cim Hayns nəyə görəsə düşünür ki, hazırkı prezident Vladimir Putin gələn ilin martında keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyə bilər. Elə olsa, jurnalistin fikrincə, başqa bir siyasətçi Rusiya dövlətinin başına keçəcək. Haynsın prezidentliyə 5 namizədi var. Bu barədə bir az sonra yazarıq.
İndilikdə onu deyək ki, Putinin öz namizədliyini irəli sürməməsi fantastika janrında olan yazının predmetidir. O, namizədliyini irəli sürəcək və heç bir fors-major hal olmasa, mütləq seçiləcək.
Rusiyada hakimiyyət məsələsində hər hansı fors-major (qiyam, çevriliş-filan) halın ola bilməsi ehtimalı, xüsusilə də Priqojinin qiyam qaravəllisindən sonra çox azdır. Amerikalı jurnalistlər prezident seçilmiş bir DTK zabitinin hakimiyyəti əlində necə saxladığını, bunu necə bacardığını onun amerikalı həmkarlarından soruşa bilərlər.
Ayda 3 dəfə səhhətində Putinin səhhətində ciddi problemlər olduğu, gah ağır əməliyyat keçirdiyi, komaya düşdüyü, gah da öldüyü, dövləti isə müvəqqəti olaraq “oxşar”ının idarə etdiyi barədə şayiələr buraxılsa da, göründüyü kimi, Putin yaşına görə xeyli gümrahdır. Söz yox ki, bu şayiələr məqsədlidir və RF rəhbərinin monolit komandasında çatlar yaratmağı hədəfləyir.
Əslində Haynsın yazısı da o qəbildəndir. O, rusiyalı ictimai-siyasi fəallara, seçicilərə təlqin etmək istəyir ki, Rusiyanın Putinlə gələcəyi yoxdur, indidən özlərinə başqa bir lider seçsinlər.
Amerikalı jurnalist o liderlərin adlarını sadalayıb: Moskva meri Sergey Sobyanin, RF-nin baş naziri Mixail Mişustin, RF-nin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Tula vilayətinin qubernatoru Aleksey Dyumin və Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev.
Sonuncudan başlayaq. Hazırda 58 yaşı olan Medvedyev hələ gənc yaşlarından iki dəfə Rusiyanın baş naziri, bir dəfə isə prezidenti olsa da, adı çəkilən namizədlərin içində ən şanssızıdır. Başqa sözlə, o, “vurulmuş” kadrdır. Ukraynada müharibə başlayandan sonra isə Medvedyev bütün ciddiyyətini itirib, açıqlamaları, sayıqlamaları ilə özünü xroniki rişxənd hədəfinə çevirib. İndi Kreml başbilənləri nəinki ona RF prezidenti postunu, hətta adi bir nazir vəzifəsini də etibar etməzlər. Əslində o, prezident olduğu dövrdə də baş nazir Putinin ağzına baxırdı və özünü daha çox prezidentin hazırkı mətbuat katibi, adaşı Peskov kimi aparırdı.
Haynsın siyahısından ikinci çıxdaş edilməli şəxs 57 yaşlı Mixail Mişustindir. Onun belə bir iddiasının olub-olmamasının özü də şübhə altındadır. Haynsın da qeyd etdiyi kimi, o, texnokratdır, lider siyasətçi deyil, əmr verməyə yox, əmr almağa və onları icra etməyə öyrəşib.
Tula vilayətinin 51 yaşlı qubernatoru Aleksey Dyumin hərbçidir, general-polkovnikdir və “Rusiya Federasiyasının qəhrəmanı” fəxri adına malikdir. O, barəsində miflər dolaşan adamdır. Onlardan biri də odur ki, 2014-cü ilin fevral ayının 23-nə keçən gecə Ukrayna prezidenti Viktor Yanukoviçin Rusiyaya təcili təxliyəsi üçün əməliyyatı hazırlayan və həyata keçirən məhz Dyumin olub.
Vaxtilə müdafiə nazirinin müavini olan, hazırda siyasi işdə - qubernator vəzifəsində çalışan bu şəxs nə qədər iradəli, ötkəm adam olsa da, Kremlin “başyeyən qoca qurdları” arasında necə baş çıxarar – müəmmalıdır.
72 yaşlı Nikolay Patruşev indiki vəzifəsinə gəlməzdən öncə FTX direktoru (1999-2008) işləyib, 2008-ci ildən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur. O, ordu generalıdır, onun da “Rusiya Federasiyasının qəhrəmanı” fəxri adı var. Bundan başqa, Patruşev Sankt-Peterburqdandır, Putinin həmşəhərlisidir. O, bir dəfə Putinin xələfi olub – 1999-cu ildə FTX direktoru vəzifəsində onu əvəz edib. Təcrübəsinə və dövlətdəki nüfuzuna qalsa, Patruşev gerçəkdən Putini daha yaxşı əvəz edə bilər.
32 ildir ki, müxtəlif yüksək vəzifələrdə çalışan 65 yaşlı Sergey Sobyanın mer və qubernator vəzifələrindən başqa vaxtilə RF hökumətinin aparat rəhbəri, Prezident Administrasiyanın rəhbəri postlarında işləyib, 13 ildir ki, Moskva şəhərinin meridir.
Sobyanin odioz və mafioz sələfi Yuri Lujkovdan fərqli olaraq Moskvanı “dövlət içində dövlət”miş kimi idarə etmir, ayrıca Putinlə dərin anlaşma içindədir. Qeyd edək ki, Lujkov və onun ortağı Yevgeni Primakov hələ Boris Yeltsinin dövründə Rusiyada hakimiyyəti götürmək fikrinə düşəndə onların qarşısını məhz Putin və FTX almışdı. Yəni Moskva meri postu olduqca güclü, qüdrətli postdur, oradan prezident vəzifəsinə bir addım yoldur. Ancaq bu bir addım məsafəni uğurla qət etmək üçün Putinin bir kəlməsi bəs edər.
Beləliklə, indiki halda Rusiyanın gələcək prezidentini müəyyən etmək dərin düşünməyə ehtiyac yoxdur. Bu, Putinin özü olacaq, əgər nəsə bir şey olsa, o, prezident olmasa, o zaman indiki şərtlər daxilində Patruşev və Sobyanindən başqasının bu posta gəilməsi mümkünsüz görünür.
P.S. Rusiya prezidentliyinə mümkün namizədlərin yan-yana düzülmüş şəkillərinin sırasında Medvedyevin fotosu ona görə yoxdur ki, müəllif onun şansını 0-ın altında sayır. Putinin bir daha ona etimad göstərməsi qeyri-realdır.
Araz Altaylı, Musavat.com