Cari ilin ikinci yarısından bəri növbəti ildə pensiyaların nə qədər artacağı ilə bağlı proqnozlarla qarşılaşırıq. Əslində isə növbəti ildə pensiyaların nə qədər artacağını proqnoz etmək o qədər də çətin deyil. “Qafqazinfo”nun məlumatına görə, qanunvericiliyə əsasən, pensiyaların indeksləşdirilərək artımı əvvəlki ildəki orta əməkhaqqı artımına uyğun həyata keçirilir. Bununla da hər ilin əvvəlində ölkə başçısının müvafiq sərəncamı ilə bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılır. Yəni əvvəlki il ölkə üzrə maaşlar orta hesabla neçə faiz artıbsa, pensiyalar da növbəti ildə həmin səviyyədə artır. Bu, o deməkdir ki, 2023-cü ilin sonunda orta əmək haqqı nə qədər artmış olsa, 2024-cü ilin əvvəlində də pensiyalar buna uyğun olaraq artacaq. Maraqlıdır, bəs 2023-cü ilin sonuna ölkə üzrə orta aylıq əməkhaqqı nə qədər arta bilər? Dövlət Statistika Komitəsinin son məlumatına görə, ölkə üzrə orta əməkhaqqı bu ilin yanvar-sentyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artıb. Artıq 5-ci aydır ki, orta aylıq əməkhaqqında artım 11 faiz səviyyəsindədir. Bu da təsadüfi deyil. Məsələ burasındadır ki, əməkhaqları əsasən ilin əvvəlində artırıldığından artım göstəricisi də bu dövrdə formalaşır. İlin sonuna doğru getdikcə göstəricidə ciddi dəyişiklik olmur. Nəticə etibarilə 2023-cü il üzrə orta aylıq əməkhaqqında 11 faiz ətrafında artımın olacağını güman etmək olar. Bu da o deməkdir ki, gələn il pensiyalar da bu səviyyədə indeksləşdirilərək artırılacaq. Məsələn, hazırda 400 manat pensiya alan şəxs gələn il 444 alacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyaları bu il olduğu kimi, gələn il də bu cür artırılacaq. Minimum pensiya məbləğinə gəlincə, son 2 ildə (2022-ci və 2023-cü illər) bu göstəricidə artım olsa da, gələn il dəyişiklik gözlənilmir. Belə ki, 2024-cü ildə dövlət büdcəsindən sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin verilməsi üçün ayrılacaq vəsait əvvəlki illə müqayisədə cəmi 14 faiz çoxdur. Bu da pensiyalardakı artımın ancaq indeksləşmə əsasında artacağı ilə məhdudlaşacağını deməyə əsas verir. Bununla da 2024-cü ildə də əmək pensiyalarının ən aşağı həddi 280 manat təşkil edəcək. Lakin qeyd edək ki, gələn il minimum məbləğdə pensiya həmin il pensiyaya çıxacaq şəxslərə şamil olunacaq. 2023-cü ildə bu məbləğlə pensiyaya çıxan şəxslərin pensiyalarına gələn il indeksləşmə tətbiq ediləcəyindən onlarda artım olacaq. Ceyhun Həmid