Şəfəqə Doğru » Manşet » İsrail-HƏMAS toqquşması: Atəşkəsə ümid varmı...

İsrail-HƏMAS toqquşması: Atəşkəsə ümid varmı...

İsrail-HƏMAS toqquşması: Atəşkəsə ümid varmı...

Qəzzada toqquşmaların davam etməsinə baxmayaraq, HƏMAS İsraillə atəşkəs razılaşması əldə etməyə yaxındır.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin köməkçisi "Reuters" agentliyinə bildirib.

 

O deyib ki, HƏMAS rəsmiləri İsraillə "atəşkəs razılaşması əldə etməyə yaxındırlar" və qruplaşma Qətər vasitəçilərinə atəşkəs cavabını çatdırıb. Atəşkəs şərtləri barədə ətraflı məlumat verilməyib.

 

ABŞ prezidenti Co Bayden bazar ertəsi razılaşmanın yaxınlaşdığına inandığını söyləyib. Ağ Evin sözçüsü Con Kirbi də atəşkəs razılaşmasının əvvəlkindən daha yaxın olduğunu bildirib. O əlavə edib ki, bu razılaşma Qəzzada saxlanılan bəzi girovların azad edilməsini və Qəzzaya yardımı təmin edə bilər. 

 

İsrailin ABŞ-dakı səfiri Maykl Herzoq ABC telekanalının "This Week" verilişində deyib ki, o, "yaxın günlərdə" razılaşmaya ümid edir. Qətərin baş naziri Şeyx Məhəmməd Bin Əbdülrəhman əl-Tani isə qalan məsələlərin çox kiçik olduğunu vurğulayıb.




 

Qeyd edək ki, son bir neçə gündür girovların mübadiləsi ilə bağlı danışıqlar aparılır. Ötən həftə Qətərin vasitəçiliyi ilə 50 girovun azad edilməsi üçün danışıqlar aparılması barədə xəbərlər yayılmışdı.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spoljaric münaqişə ilə bağlı "humanitar məsələləri irəli sürmək" üçün Qətərdə İsmayıl Haniyyə ilə görüşüb. O, həmçinin Qətər rəsmiləri ilə ayrıca görüş keçirib. BQXK bildirib ki, bu görüşlər girovların azad edilməsinə yönəlmiş danışıqlar deyil, lakin neytral vasitəçi kimi tərəflərin razılaşdığı istənilən məsələdə yardım etməyə hazırdır.

 

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücumu edib və genişmiqyaslı toqquşma başlayıb. Qəzzada 13 mindən çox şəxs həlak olub, 1200 İsrail vətəndaşı öldürülüb, 240 isə əsir götürülüb.

 

Atəşkəs barədə danışıqlar getsə də, toqquşma bütün şiddəti ilə davam edir. HƏMAS bazar ertəsi teleqram hesabında Tel-Əvivə raket zərbəsi endirdiyini bəyan edib. Şahidlər İsrailin mərkəzinə raket atıldığını təsdiqləyiblər.

 

Fələstinin WAFA xəbər agentliyi gecə yarısı İsrailin Qəzzanın mərkəzindəki Nuseyrat düşərgəsini bombaladığını açıqlayıb.